Qarşıdakı 20 il üçün Qarabağ və Şərqi Zəngəzurun ümumi planı hazırlanıb.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə normal yaşayışın bərpa edilməsi üçün ilk növbədə ərazilərin kompleks inkişafını təmin edəcək ərazi planlaşdırma sənədlərinin hazırlanması vacib idi: “Bununla əlaqədar olaraq komitə tərəfindən həyata keçirilmiş işlər çərçivəsində birinci addım olaraq işğaldan azad edilmiş ərazilərin ümumi planlarının hazırlanması təmin edilib”.
A.Quliyev bildirib ki, ümumi plan Qarabağ və Şərqi Zəngəzurun işğal altında olmuş Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının və Xankəndi şəhərinin ümumi ərazisini əhatə edir: “Layihənin istinad ili 2020-ci il götürülməklə, son hesabat müddətinin son tarixi 2040-cı il qəbul edilib. Ümumi plan bu müddət üçün ərazinin inkişaf strategiyası və siyasətinin əsas istiqamətlərini müəyyən edərək yaşayış məskənlərinin əlaqələndirimiş inkişafını təmin edəcək, dayanıqlı, rasional və rəqabətqabiliyyətli ərazi inkişafına xidmət edəcək. Ümumi planda ərazilərin inkişafı sosial iqtisadi inkişafla vəhdətdə nəzərdən keçirilir, məskunlaşmada nizamlanmanın bərpası və əhalinin geri qayıdışının təşkili üçün vacib olan tələbatlar nəzərə alınır”.