6 C
Baku
Sunday, December 15, 2024

Qarşıya qoyulan məqsəd müəyyənləşdirilməlidir: ABŞ yoxsa Türkiyə səviyyəsi

Böhrandan çıxışla bağlı sabiq Maliyyə naziri Saleh Məmmədovdan maraqlı təkliflər.

2008-ci il böhranında demək olar ki, Avropa ölkələri nə tədbir gördüsə, Azərbaycan hökuməti də onu gördü, bununla də böhranın nəticələrini tam zərərsizləşdirdi.

Son dövrlər dünya iqtisadi sistemində çalxalanma başlamış, stress vəziyyəti daha da gərginləşməyə meyllənib. Ölkəmiz dünya iqtisadi sisteminə inteqrasiya olunmuşdu və buna görə də ümumdünya prosesləri təsirsiz ötüşməyəcəkdi. 2008-ci ilin dünya maliyyə böhranından Azərbaycan məharətlə çıxmış, minimum zərərlə ötüşmüş, hətta bəzi istiqamətlərdə bu dağıdıcı təsir qüvvəsini faydalı enerjiyə çevirib, istifadə edə bilmişdi.

İndi qarşıya çıxan “nə etməli” klassik sualının cavabı,  konkret olaraq, qarşıya qoyulan məqsəddən asılıdır. Əgər biz Qazaxıstan və ya Rusiya, hətta Türkiyə səviyyəsinə çatmaq istəyiriksə, onda gərək onların həyata keçirdikləri islahatlara baxaq və onlar kimi edək. Yox, əgər ABŞ, İsveçrə, Sinqapur və bu kimi dövlətlərin səviyyəsinə qalxmaq istəyiriksə, onda gərək onların islahat tarixlərinə baxaq və onlar kimi hərəkət edək. Prezidentimiz dəfələrlə bəyan edib ki, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaq bizim ali vəzifəmizdi. Mənə elə gəlir ki, müxalifət qüvvələrində də eyni yanaşma var. Belə olan halda, bütün qüvvələr bu ali vəzifənin yerinə yetirilməsinə yönəldilməlidir.

Mən hər hansı addımı atanda onu birinci düşünərdim ki, əcaba, belə vəziyyətdə Sinqapur, İsveçrə və ya ABŞ iqtisadçıları nə edərdi? Məsələn, 2008-ci il böhranında demək olar ki, Avropa ölkələri nə tədbir gördüsə, Azərbaycan hökuməti də onu gördü, bununla də böhranın nəticələrini tam zərərsizləşdirdi, amma digər Sovet ölkələri tam tərsinə, yanlış tədbirlərə əl atdılar və bununla da böhrandan daha çox zərər gördülər. Bu günkü böhran xarakter etibarı ilə əvvəlkinin eynidi; uyğun və daha kəskin tədbirlər görsək, bu böhranı nəinki zərərsizləşdirə bilərik, hətta onun dağıdıcı qüvvəsini faydalı işə çevirə və bundan yararlana bilərik.

Böhran nədir? Qiymətlərin, mallara tələbin və uyğun olaraq pul təklifinin azalması, nəticədə qiymətlərin aşağı düşməsidir. Yeganə yol mallara tələbi artırmaqdır ki, bunun da başlıca yolu dövriyyədəki pulun həcmini artırmaqdı; həm də hər iki formada,  – milli və xarici valyutada.

Sual çıxır, necə? 

Proses o qədər dəqiqliklə hesablanmalıdır ki, iqtisadiyyatın balansını pozmasın, yüksək inflyasiyaya gətirib çıxarmasın, milli valyutanın dəyərinə təsir göstərməsin və yalnız müsbət nəticələr versin. Mətbuatdan yəqin ki, əksəriyyətimiz izləyirik; ABŞ federal rezerv sisteminin (ABŞ-IN MƏRKƏZİ BANKI) uçot dərəcəsini 0.1 punkt qaldırması xəbəri dünya bazarlarında bir neçə gün sonra necə çaxnaşmaya səbəb olur.

Dövriyyədə pulun həcmini artırmaq üçün isə Azərbaycanda olan imkanlar Azərbaycan miqyasında olan ikinci bir ölkə yoxdur. Bu, həm daxili rezervlər, həm sabit və sürətli iqtisadi inkişaf, həm son illərdə əldə olunmuş yüksək reytinq, həm böyük miqdarda valyuta, hətta ekstra valyuta ehtiyatları; dünya maliyyə mərkəzləri ilə yüksək siyasi dostluq əlaqələri ilə müəyyən olunur. Bu potensial imkanların hərəkətə gətirilməsi üçün tədbir görmək lazımdı. Mənə elə gəlir ki, hər şeydən əvvəl maliyyə panikası aradan qaldırılmalıdı. İqtisadçılarımız, xüsusilə müxalifət iqtisadçıları, həm də dövlət iqtisadi orqanları, vaxtlı  – vaxtında ölkənin real iqtisadi potensialını və imkanlarını əhaliyə, xarici ictimaiyyətə çatdırmalıdırlar.

Son xəbərlər
Digər xəbərlər