28 C
Baku
Wednesday, June 11, 2025

Qaz satıcılarının vəzifələri müəyyənləşir

Qazın topdansatışı topdan satıcı tərəfindən, pərakəndə satışı pərakəndə satıcı tərəfindən həyata keçiriləcək.
Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.
Qaz satıcıları bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməzlər.
Layihəyə əsasən, istehlakçılara qazın pərakəndə satışı pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Qazın topdansatışı topdan satıcı ilə pərakəndə satıcı və ya iri istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir.
Topdan satıcının vəzifələri aşağıdakılardır:
– qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə verilən yazılı göstərişlərə əməl etmək;
– qazın satışı şərtlərini rəsmi internet səhifəsində dərc etmək;
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), tənzimləyiciyə, qaz nəqli sistem operatoruna və (və ya) qazpaylayıcı sistem operatoruna qazdan istifadə qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları təqdim etmək;
– pərakəndə satıcı və ya iri istehlakçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq qazın tələb olunan həcmdə və ya keyfiyyət göstəricilərinə uyğun verilməməsi nəticəsində pərakəndə satıcıya və ya istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək;
– qazın idxalını həyata keçirmək.
Pərakəndə satıcının vəzifələri aşağıdakılardır:
– qaz təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, icazə şərtlərinə, habelə yazılı göstərişlərə əməl etmək;
– fəaliyyət ərazisini və qazın satışı şərtlərini rəsmi internet saytında dərc etmək;
– istehlakçılara istehlak etdikləri qazın dəyəri və sabit tarif barədə hər ay elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı bildiriş təqdim etmək;
– istehlakçılara onların hüquq və vəzifələrini izah etmək;
– qazdan istifadə qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), tənzimləyiciyə, müqavilə bağladığı qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna təqdim etmək;
– qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək;
– istehlakçı ilə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq qazın tələb olunan həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində istehlakçıya vurulmuş zərərin əvəzini ödəmək.
Topdan satıcının hüquqları aşağıdakılardır:
– sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb etmək;
– pərakəndə satıcıya və ya iri istehlakçıya alqı-satqı müqaviləsinə uyğun olaraq satdığı qazın dəyərinin ödənilməsini tələb etmək.
Pərakəndə satıcının hüquqları aşağıdakılardır:
– sistem operatorları tərəfindən müvafiq xidmətlərin göstərilməsini tələb etmək;
– təqdim edilmiş yazılı bildirişə və hesaba əsasən istehlakçıdan istehlak etdiyi qazın dəyərinin və sabit tarifin ödənilməsini tələb etmək;
– istehlakçı tərəfindən istehlak olunan qazın dəyəri və sabit tarif hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədiyi təqdirdə, qazpaylayıcı sistem operatorundan qazın verilməsinin dayandırılmasını tələb etmək.
Qazın pərakəndə satışı qazdan istifadə qaydaları ilə tənzimlənir.

Qaz satıcılarının bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, qaz təchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməyəcəklərinə dair tələb 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər