15 C
Baku
Wednesday, May 1, 2024

Qazaxıstan Azərbaycandakı yeni mədənlərə investisiya qoyuluşu ilə bağlı təkliflər verib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri Serikkali Berekeşefin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Banker.az “AzerGold”a istinadən xəbər verir ki, görüşdə Zakir İbrahimov əməkdaşlığa və qarşılıqlı təcrübə mübadiləsinə hazır olduqlarını vurğulayıb.

İdarə Heyətinin sədri yataqlarda hasil ediləcək filizlərin mərkəzləşdirilmiş qaydada emalı üçün “Çovdar” qızıl mədənin bazasında inteqrəolunmuş regional emal sahəsinin yaradıldığını bildirib. Qeyd edilib ki, dövlət şirkəti regionun və Avropanın ən iri polimetal yataqlarından biri olan “Filizçay”da hasilat işlərinə 2025-ci ildə sınaq rejimdə start verməyi, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisənin işə salınmasını planlaşdırır.

Qazaxıstanlı nazir Sovet dövrünə aid geoloji məlumatların rəqəmsallaşdırılmasını özündə ehtiva edən və yerin təkindən istifadə üzrə bütün mövcud informasiya sistemlərini birləşdirən vahid “Kaznedra” platformasının yaradılması prosesi barədə məlumat verib. Onun sözlərinə görə, yeni platforma investorların Qazaxıstanda geoloji məlumatlar və interaktiv xəritələrə onlayn girişini təmin edəcək.

Z.İbrahimov geoloji məlumatların rəqəmsalllaşdırılması istiqaməti üzrə də əməkdaşlığa və qarşılıqlı təcrübə mübadiləsinə hazır olduqlarını vurğulayıb. Daha sonra bir neçə il öncə ölkəmiz üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivinin yenilənməsinə start verildiyini diqqətə çatdırıb.

Serikkali Berekeşefi görüşün davamında “AzerGold” QSC-nin və Qazaxıstan şirkətlərinin timsalında yeni mədənlərə qarşılıqlı investisiya qoyuluşu, həmçinin geoloji kəşfiyyat sahəsində əməkdaşlıq perspektivləri istiqamətində bir sıra təkliflərlə çıxış edib. Daha sonra birgə fəaliyyət və təcrübə mübadiləsi təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, atılacaq növbəti addımlar müzakirə olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər