Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) əsas nöqtələrindən olan Aktau dəniz ticarət limanı, Kurık limanı və Aktau dəniz şimal terminalı daşımaların həcmini 2 dəfə artırıb.
Bu ilin əvvəlindən Aktau dəniz ticarət limanında 1,2 milyon tondan çox yük aşırılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Təkcə bu ilin fevral ayında 1 657 TEU (iyirmi fut ekvivalent vahidi) konteynerlər daşınıb, apreldə isə bu göstərici 3 099 TEU-ya yüksəlib.
Aktau dəniz ticarət limanının rəhbəri Abai Turikpenbayev bildirib ki, bu il TITR marşrutu üzrə daşımaların həcmi 6 dəfə – 3,2 milyon tonadək artacaq.
Qeyd edək ki, TİTR, Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRACECA) və Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) bir hissəsi olan Aktau dəniz şimal terminalı yükləri İran, Rusiya və Azərbaycan limanlarına göndərir.
“Şimal istiqamətində genişləndirilməsi üzrə xüsusi layihə, limanın ümumi yükdaşıma qabiliyyətini 2 milyon tondan 4 milyon tona, taxıl terminalının tutumunu isə 0,6 milyon tondan 1,6 milyon tona çatdırıb”, – Aktau dəniz şimal terminalının Baş direktoru Dauren Kaliaskarov qeyd edib.
Müqayisə üçün: ötən ilin 10 ayında Aktau dəniz şimal terminalı vasitəsilə yükdaşımaların həcmi 813,5 min ton təşkil edib.
Kurık limanının Baş direktoru Serik Axmetov bildirib ki, ötən aydan bəri üç dəfədən çox maşın və vaqon daşımaları artıb. İndi bərə qayıqları 54 dəmir yolu vaqonunu qəbul edir və liman eyni anda dörd bərə gəmisinə xidmət edə bilir.
Xatırladaq ki, “Orta Dəhliz” kimi də tanınan TİTR, Cənub-Şərqi Asiya və Çindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə qədər uzanır və yeni İpək Yolunun bir hissəsidir. O, orta əsrlərdə Asiyanı Aralıq dənizi və Avropa dünyası ilə birləşdirən qədim İpək Yolu kimi fəaliyyət göstərir.