Qəbul ediləcəyi halda gələn il fevralın 1-dən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə tətbiq olunacaq.
Qanun layihəsinə əsasən, həmin tələblər qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunacaq:
– rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda;
– notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə:
– daşınmaz əmlakın alqı-satqısı;
– müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması;
– müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması;
– hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı.