Dövlət-biznes münasibətlərinin şəffaflaşdırılması, rəqabətqabiliyyətli iqtisadi sistemə adekvat vergi siyasətinin həyata keçirilməsi, vergi sistemində şəffaflığın, vergiödəyiciləri və vergi orqanları arasında qarşılıqlı etimadın gücləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergitutma obyektlərinin uçotunda sahibkarlıq subyektlərinin məsuliyyətinin yüksəldilməsi mühüm nəticələrin əldə olunmasına imkan verib.
Vergi daxilolmalarındakı dinamika da bunu deməyə əsas verir. Belə ki, cari ildə ötən ilin eyni dövrü ilə müqayisədə büdcəyə vergi mədaxili 49 faizdən, o cümlədən qeyri-neft sektorundan vergi daxilolmaları keçən ilə nisbətən 38 faizdən çox artıb.
Həmçinin onlayn kassa aparatları quraşdırılmış vergiödəyicilərinin dövriyyələrinin 55 faiz artması ticarət sektorunun daxilolmalarının artım tempini sürətləndirən mühüm amillərdəndir. Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 35 faizdən çox artması da xüsusi qeyd edilməlidir.
Həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu 112 faiz, işsizlikdən sığorta haqları üzrə 118 faiz, icbari tibbi sığorta haqları üzrə isə 107 faiz icra edilib.