“Qida təhlükəsizliyi haqqında” Qanun özü dərc olunduqdan 6 ay sonra, bəzi spesifik maddələri isə 2-4 il sonra qüvvəyə minəcək. Bu müddət ərzində sahibkarlar öz fəaliyyətlərini qeyd edilən yeniliklərə uyğunlaşdırmalı olacaqlar.
Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, Qanun layihəsində bir çox yeniliklər nəzərdə tutulur və həmin yeniliklərin tətbiqi üçün ölkəmizdə qida sahəsində fəaliyyət göstərən biznes subyektlərinə müəyyən vaxt veriləcək. Məhz bu məqsədlə layihədə müəyyən möhlətlər nəzərdə tutulub.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanun Milli Məclisin 4 mart 2022-ci il tarixində keçirilən iclasında ilk oxunuşda qəbul edilib. Qanun ölkə ərazisində insanların həyat və sağlamlığı, eyni zamanda istehlakçı hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir, qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin forma və üsullarını müəyyən edir.