Azərbaycan Mərkəzi Bankı koronavirus pandemiyasının kapital bazarı iştirakçılarına mənfi təsirinin azaldılması istiqamətində tədbirlər görəcək.
Bu, qurumun, Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində Maliyyə Sabitliyi Şurasının tövsiyələrini nəzərə almaqla qəbul etdiyi Tədbirlər Planında bildirilir.
Məlumata görə, investisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə təsir tədbirlərin görülməsi 1 yanvar 2021-ci ilə qədər, investisiya şirkətləri və fond birjası tərəfindən illik audit hesabatların açıqlanması isə 30 sentyabr 2020-ci ilə qədər uzadılacaq. Bununla yanaşı qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən hesabatların açıqlanması da 1 ay müddətinə uzadılıb.
Eyni zamanda, Milli Depozit Mərkəzinə səhm və istiqrazlarla təkrar bazarda bağlanan əqdlər habelə repo əməliyyatlarının qeydiyyatı üzrə tariflərin 30 sentyabr 2020-ci ilə qədər investorlardan tutulmaması, “Bakı Fond Birjası” QSC-yə isə emitentlərdən korporativ istiqrazlar üzrə listinq tariflərini 1 yanvar 2021-ci il tarixinə qədər tutulmaması və qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlərin sayının minimallaşdırılması tövsiyə ediləcək.
Qeyd olunan tədbirlər kapital bazarı iştirakçılarının requlyativ yükünü yüngülləşdirməklə investorun tranzaksiya xərclərinin optimallaşdırılmasına və dövlət qiymətli kağızlar bazarında təkrar bazar əməliyyatlarının daha çevik aparılmasına imkan verəcək.