9 C
Baku
Monday, November 18, 2024

Qiymətli kağızlar bazarı müasirləşdirilir – T.Kazımov investisiya şirkətlərinin rəhbərləri ilə görüşdü

Mərkəzi Bankın sədri Taleh Kazımovun investisiya şirkətlərinin rəhbərləri ilə görüşü keçirib. Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirilir.

Görüşün məqsədi kapital bazarının ölkə iqtisadiyyatında rolunun artırılması və institusional inkişafı, qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilməsi, sektorda tənzimləmə və nəzarət proseslərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi kimi aktual məsələlərin müzakirə edilməsi olmuşdur.

Görüşdə çıxış edən Mərkəzi Bankın sədri T.Kazımov qeyd etdi ki, həyata keçirilən geniş islahatlar və inkişaf siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilmişdir. Bundan sonra da dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair hədəf və vəzifələrin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu istiqamətdə genişmiqyaslı tədbirlərin davam etdiyini diqqətə çatdırdı. Ölkədə maliyyə bazarlarının aparıcı rolunun daha da gücləndirilməsi, xüsusilə beynəlxalq standartlara uyğun və iqtisadiyyata geniş maliyyələşmə imkanları təqdim edən kapital bazarının formalaşdırılması və əhali yığımlarının investisiyalara transformasiyasını təmin edən kapitallaşma mexanizmlərinin yaradılması istiqamətində aparılan işlərin xüsusi əhəmiyyətini qeyd edib.

Görüşdə investisiya şirkətlərinin rəhbərləri çıxış edərək kapital bazarında cari və strateji inkişaf məsələləri, bazar infrastrukturunun təkmilləşdirilməsi və bazarın təşviqi ilə bağlı fikirlərini bildirdilər.

Daha sonra investisiya şirkətlərinin nümayəndələri ilə kapital bazarında normativ hüquqi baza və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə vasitəçiliyinin rolunun artırılması, investisiya fondlarının fəaliyyətinin təşviqi, qiymətli kağızlarla klirinq və hesablaşma sistemlərinin optimallaşdırılması, qiymətli kağızlar bazarında stimullaşdırıcı vergi mühitinin formalaşdırılması və fond birjasında ticarət olunan investisiya qiymətli kağızlarının çeşidinin artırılması mövzularında fikir mübadiləsi aparıldı və tərəfləri maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinə dair son iclasnda Banker.az Azərbaycanda onlayn olaraq qiymətli kağılzar bazarının nə zaman aktivləşəcəyinə dair sual vermişdi. AMB sədri T.Kazımovun suala cavab olaraq bir sıra investisiya şirkətləri ilə iş getdiyi vurğulanmışdı.

Son xəbərlər
Digər xəbərlər