11 C
Baku
Saturday, April 12, 2025

Qızıl niyə bahalaşır? – Rekordlar yenilənir, proqnozlar yuxarıdır

Bu gün dolların ucuzlaşması və ABŞ ilə Çin arasında alovlanan ticarət müharibəsi nəticəsində investorların təhlükəsiz liman olaraq qızıla yönəlməsi fonunda qızılın qiyməti təxminən 3% artaraq tarixi maksimumuna yüksəldi. Artıq yeni qiymətlər iri bankların proqnozlarını daha erkən vurmaqdadır.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 09.41 radələrində qiymətli metalın bir unsiyası 3 213.38 dollar, bir qramı isə 103.25 dollar olub. Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, qızılın bir unsiyası 5 456 manat təşkil edir.

Dünən ABŞ-da qızıl fyuçersləri isə 3.2% artaraq $3,177 səviyyəsində bağlanmışdı.

ABŞ Prezidenti Donald Trump çərşənbə günü bir sıra ölkələrə tətbiq olunan yüksək tarifləri müvəqqəti olaraq azaldacağını açıqlasa da, Çinə qarşı tarifləri 104%-dən 125%-ə qədər artırdığını bildirdi.

Beləliklə, qızıl “təhlükəsiz liman” cazibəsini bərpa edir və yeni rekordlara doğru irəliləyir. Bununla belə, ticarət tərəfdaşları ilə saziş perspektivləri qızılın yüksəliş potensialı üçün ciddi risk yaradır, çünki bu sazişlər metal üzərində təzyiqləri yenidən artıra bilər. Eyni zamanda, faiz dərəcələrinin azaldılması ehtimalının zəifləməsi də dolları gücləndirərək qızıl üçün “əks külək” effekti yarada bilər.

Nüfuzlu bank “Goldman Sachs” qızılın ilin sonuna olan qiymət proqnozunu 3 300 dollar-unsiya səviyyəsinə qaldırıb. Almaniyanın “Deutsche Bank” 2025 və 2026-cı illər üçün qızılın bir unsiyasının orta qiymətini müvafiq olaraq $3 139 və $3 700-ə qaldırıb. Bu öncəki müddətdə unsiya üzrə $2 725 və $2 900 idi.

Bu arada, dollar indeksi DXY rəqibləri qarşısında 1%-dən çox gerilədi ki, bu da digər valyuta sahibləri üçün qızılı daha əlçatan etdi. “PAŞA Kapital” İ.Ş.-nin platformasındakı son məlumatlara əsasən, DXY hazırda 100.2 bənd olmaqla 2023-cü ilin iyulundan bu tərəfə minimum səviyyədədir.

Cümə axşamı açıqlanan məlumatlara görə, ABŞ-da istehlak qiymətləri mart ayında gözlənilmədən azalıb. Lakin Trampın Çin tariflərini ikiqat artırmasından sonra inflyasiya riskləri artmaqdadır.

Məlumatların ardından treyderlər ABŞ Federal Ehtiyat Sisteminin iyun ayında faizləri azaltmağa başlayacağına və ilin sonuna qədər faiz dərəcəsini ümumilikdə 1 faiz bəndi azaldacağına mərc edirlər.

Hazırda mərkəzi banklar da qızıl aldığına müşahidə edilməkdədir. ETF-lərə axınların davam etməsi və monetar siyasət risklərinin qalması fonunda qızılı dəstəkləyən əsas amillər var.

Digər qiymətli metallar üzrə isə spot gümüş 0.5% azalaraq $30.88/unsiya, platin 0.5% geriləyərək $932.41/unsiya və palladium 1.4% azalaraq $918.45/unsiya səviyyəsində olub.

Son xəbərlər
Digər xəbərlər