Qızılın unsiyası bazar ertəsi 4 200 ABŞ dollarına çataraq tarixində ilk dəfə bu səviyyəyə yüksəlib.
Banker.az xəbər verir ki, artım ABŞ-Çin arasında ticarət gərginliyinin yenidən alovlanması və ABŞ-da faiz dərəcələrinin azaldılacağı gözləntiləri ilə bağlı olub. Gümüş də yeni rekord səviyyəyə qalxıb.
Bakı vaxtı ilə 08.30 olan məlumata görə, spot qızıl 2.4% bahalaşaraq unsiyası üzrə 4 180 dollara çatıb. ABŞ-da dekabr fyuçersləri isə 3,3% artımla 4 133 dollardan bağlanıb.
Qızıl bu il 56% bahalaşıb və ötən həftə ilk dəfə 4 000 dollarlıq psixoloji həddi keçib. Bahalaşmanın əsas səbəbləri kimi geosiyasi və iqtisadi qeyri-müəyyənliklər, ABŞ-da faiz endirimi gözləntiləri və mərkəzi bankların aktiv alışı göstərilir.
“Blue Line Futures” şirkətinin strateqi Filip Straybl bildirib ki, “Qızılın artım tendensiyası asanlıqla davam edə bilər, 2026-cı ilin sonuna qədər qiymətlər 5 000 dolları keçə bilər”. Onun sözlərinə görə, mərkəzi bankların davamlı alışları, qızıl fondlarına sabit vəsait axını, ABŞ-Çin ticarət gərginliyi və ABŞ faizlərinin enməsi bazara struktur dəstəyi verir.
ABŞ prezidenti Donald Tramp ötən həftə Çinə qarşı ticarət münasibətlərindəki sükutu pozaraq, iki ölkə arasında gərginliyi yenidən artırıb.
Hazırda treyderlər oktyabrda 25 baza bəndi, dekabrda isə daha bir faiz endiriminin olma ehtimalını müvafiq olaraq 97% və 100% səviyyəsində qiymətləndirirlər. Faiz gəliri gətirməyən qızıl, adətən, aşağı faiz mühitində dəyər qazanır.
“Bank of America” və “Societe Generale” analitikləri 2026-cı ildə qızılın 5 000 dollara çatacağını proqnozlaşdırır, “Standard Chartered” isə 2026-cı il üzrə orta qiymət proqnozunu 4 488 dollara qaldırıb. Bankın əmtəə araşdırmaları üzrə qlobal rəhbəri Suki Kuper qeyd edib ki, “bu yüksəliş davamlı görünür, lakin yaxınmüddətli korreksiya uzunmüddətli artım üçün daha sağlam olardı”.
Spot gümüş 3,1% bahalaşaraq 51,82 dollara çatıb, gün ərzində isə 52,12 dollarla rekord vurub. Gümüşün də bahalaşmasına qızılı dəstəkləyən eyni amillər və spot bazardakı təklif azlığı təsir edib.
Texniki göstəricilərə görə, həm qızıl, həm də gümüş “həddindən artıq alınmış” (overbought) zonadadır: qızıl üçün RSI 80, gümüş üçün isə 83 səviyyəsindədir.
Platin 3,9% artaraq 1 648,25 dollara, palladium isə 5,2% yüksələrək 1 478,94 dollara çatıb.