Qızılın qiyməti bazar ertəsi dolların zəifləməsinin dəstəyi ilə üç aydan çox müddətin ən yüksək səviyyəsinə yüksəlib. İnvestorların diqqəti bu həftə açıqlanacaq ABŞ inflyasiya göstəricilərinə və Federal Ehtiyat Sisteminin sədri Kevin Uarşın çıxışına yönəlib.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:27-yə olan məlumata görə, spot qızılın qiyməti 0,8% artaraq unsiya üçün 4 641,27 dollara çatıb. Sessiyanın əvvəlində qiymət mayın 15-dən bəri ən yüksək səviyyəyə yüksəlib. Qızıl ötən həftə 5%-dən çox bahalaşıb.
ABŞ-da qızıl fyuçersləri isə 0,4% bahalaşaraq 4 697,70 dollar olub.
Zəifləyən dollar bir neçə ayın minimumlarına yaxın səviyyədə qalarkən, ABŞ Xəzinədarlığının uzunmüddətli istiqrazların geri alınması ilə bağlı vədi bazarda qeyri-müəyyənliyi artırıb. Dolların zəifləməsi dollarla qiymətləndirilən qızılı digər valyutalara sahib investorlar üçün daha əlçatan edir.
“Qızıl həftənin əvvəlində kifayət qədər güclü görünür və yenidən alış marağının artdığı mərhələyə keçib. Qiymətlər əsasən zəif dolların təsirini nəzərə alır və yüksək gəlirlilik göstəricilərinin iqtisadiyyatda mövcud problemlər və pul siyasəti ilə bağlı qeyri-müəyyənlik barədə nə siqnal verdiyinə diqqət yetirir”, — “KCM Trade” şirkətinin baş bazar analitiki Tim Uoterer bildirib.
Bu həftə açıqlanacaq iyul ayı üzrə Fərdi İstehlak Xərcləri (PCE) qiymət indeksi və Fed sədri Uorşın Cekson-Houl simpoziumunda çıxışı ABŞ-da faiz dərəcələrinin gələcək istiqaməti ilə bağlı yeni siqnallar üçün diqqətlə izləniləcək.
“Treydərlər pul siyasətinin gələcək istiqaməti ilə bağlı ton dəyişikliyinə və bunun istiqraz bazarındakı son proseslərlə necə uzlaşacağına diqqətlə qulaq asacaqlar. Çevikliyə imkan saxlayan balanslı və ya ehtiyatlı mövqe qızılın bahalaşmasını davam etdirməsi üçün şərait yarada bilər”, — Uoterer deyib.
Geosiyasi cəbhədə isə ABŞ İranı iqtisadi sanksiyalarla hədələyib və bu tədbirlərin İranın ticarət tərəfdaşlarını da əhatə edəcəyi gözlənilir. İnvestorlar gözlənilən açıqlama öncəsi mənfəət götürdüyü üçün neftin qiyməti bir barel üçün 1 dollardan çox ucuzlaşıb.
Digər qiymətli metallardan spot gümüşün qiyməti dəyişməyərək unsiya üçün 68,98 dollar olub. Platin 0,1% bahalaşaraq 1 878,88 dollara, palladium isə dəyişməyərək 1 350 dollara çatıb.







