Qızıl yoxsa ev alaq? – Ekspertlərdən tövsiyə

Son dövrlərdə qızıl bazarında qiymətlər rekord həddə çatıb, kəskin bahalaşma müşahidə olunur. İqtisadi qeyri-sabitlik, inflyasiya təzyiqləri və s. bir sıra dəyişikliklər fonunda insanlar arasında “kapitalı qorumağın ən etibarlı yolu hansıdır?” sualı aktuallaşıb. Bəziləri üçün qızıl ənənəvi təhlükəsiz yatırım üsulu kimi dəyərləndirilsə də, digərləri tərəfindən valyuta və ya daşınmaz əmlaka sərmayəni yatırmaq daha məqsədəuyğun sayılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, qızılın qiymətində artım sürətlə davam edir. Onun sözlərinə görə, son 1 ildə qızılın qiyməti 55%, son 6 ayda təxminən 30%, son 1 ayda isə 14%-ə yaxın artım qeydə alınıb.

“Rəqəmlər onu göstərir ki, hətta 1 ayda belə iki rəqəmli artım nəzərə çarpır. Bu isə qızıla olan tələbin artdığını göstərir. Qızıla olan tələbin artması təbii olaraq ölkə daxilində qiymətə də təsir göstərir, çünki ölkəmiz qızıl tələbatını daha çox yerli istehsal deyil, idxal hesabına ödəyir.

Nümunə olaraq, Azərbaycan əsasən İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Türkiyədən qızıl idxalı həyata keçirir. Bu ölkələrdə qızılın qiyməti dünya bazarına uyğun qaydada müəyyənləşir. Təbii ki, dünya bazarında qızılın qiyməti artdıqca, öz növbəsində yerli bazarda da qiymət artımı müşahidə olunur”.

Deputat vurğulayıb ki, xüsusilə ABŞ tərəfindən qarşılıqlı tariflər tətbiq edilən zaman 2025-ci ildə qızılın qiymətinin artacağı proqnozlaşdırılıb:

“Çünki adətən ticarət müharibələri dövründə qızıla daha çox investisiya edilir, məhz bu səbəbdən qızıl daha az riskli yatırım sayılır. Ancaq qlobal ticarət müharibəsi davam edərsə, gözlənilir ki, qızıla olan tələbat daha da yüksələcək”.

Millət vəkili bildirib ki, neftin qiyməti yüksəkdir və neft bazarındakı bəzi sərmayələrin qızıl bazarına yönəlməsi də müşahidə olunur:

“Bu isə qızıla olan tələbi artıraraq qiymət artımına səbəb olur. Növbəti mərhələdə xüsusilə ABŞ və Çin arasında ticarət müharibəsi dərinləşərsə, bu iki ölkə dünyanın iqtisadi baxımdan aparıcı dövlətləri olması səbəbiylə qızıla olan tələbi artıracaq və qiymət artımının dinamikasını artan tendensiya ilə davam etdirəcək. Bu da qarşıdan gələn aylarda inkişaf etmiş ölkələrin qarşılıqlı tarif qərarlarının qızıl bazarına tələbini artıraraq qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, müəyyən iqtisadi alətlər mövcuddur ki, insanlar həmin iqtisadi alətlərə investisiya edərək bir müddət sonra gəlir əldə etməyə çalışırlar:

“Bunlar arasında ən populyar investisiya növlərindən biri də daşınmaz əmlakdır. Son illərdə banklarda yaranan müəyyən problemlər və əmanət faizlərinin yüksək olmasına baxmayaraq, bir neçə bankın bağlanması vətəndaşların banklara olan etimadını azaldıb. Maliyyə və səhm bazarında isə hələ ki, müəyyən çətinliklər mövcuddur və bazar tam inkişaf etməyib. Bu səbəbdən ölkədə daşınmaz əmlak investisiya aləti kimi daha populyar sayılır.

Bu sahə risk baxımından daha aşağı sayılmaqla yanaşı, qiymətlər əsasən artır, azalma müşahidə edilmir və ən pis halda əmlakı kirayəyə verərək müəyyən gəlir əldə etmək mümkündür. Yaxud da əmlakı satışa çıxarıb daha tez gəlir götürmək olar”.

Ekspert qızıla yatırım etməyi optimal hesab etmədiyinə də bildirib:

“Zənnimcə, qızıl investisiya aləti kimi daha çox passiv sayılır. Bazarda qəzıl alarkən onu gələcəkdə aldığımız qiymətə satmaq bir qədər çətin olur. Məsələn, qızıl 10 il əvvəl 100 manata alınıbsa, 10 ildən sonra 180 manata satıla bilər. Amma bu zaman pulun alıcılıq qabiliyyətinin azalması da nəzərə alınmalıdır. Bu mənada qızıla yatırımın optimal seçim olduğunu düşünmürəm”.

R.Osmanlı yekun olaraq qeyd edib ki, digər sahələrdə, xüsusilə qeyri-neft sektorunda iqtisadiyyatın diversifikasiyası istiqamətində ciddi addımlar atılmalıdır:

“Belə ki, inhisarçılıq aradan qaldırılmalı, azad rəqabətə dayanıqlı bazar mühiti formalaşdırılmalıdır. Bu həm də ona görə vacibdir ki, digər investisiya alətləri işə düşsün və insanlar müxtəlif sahələrə yatırım etsinlər”,- deyə ekspert bildirib.