2026-cı il iyulun 13-14-də mədəniyyət paytaxtımız Şuşa növbəti dəfə beynəlxalq informasiya və diplomatiya məkanına çevrildi. Həmin tarixlərdə Şuşada keçirilən IV Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrini təmsil edən media nümayəndələrini, tanınmış ekspertləri bir araya toplayaraq, aktual çağırışların və gələcək tendensiyaların geniş müzakirə platformasını dünyaya təqdim etdi. Mötəbər tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev xarici jurnalistlərin suallarını hərtərəfli cavablandıraraq, ölkəmizin daxili və xarici siyasəti, regionda yaranmış yeni geoiqtisadi reallıqlar, sülh prosesi və qlobal enerji təhlükəsizliyi ilə bağlı mühüm mesajlar verdi, ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Akademik Ziyad Səmədzadə Forumun yekunları, Prezident İlham Əliyevin proqram xarakterli çıxışının mahiyyəti, verilən önəmli mesajlarla yanaşı, Azərbaycanın regional və qlobal miqyasda artan rolu, yüksələn beynəlxalq nüfuzu, sülh və əməkdaşlıq sahəsində atdığı addımlar, o cümlədən ölkəmizin iqtisadi siyasəti və mövcud potensialı ilə bağlı müsahibə verib. Müsahibədə ölkəmizin inkişaf strategiyasına və iqtisadi siyasətinə dair məqamlara nəzər salınıb.
– Ziyad müəllim, Şuşa Qlobal Media Forumunun ənənəvi dialoq platformasına çevrilməsi Azərbaycanın informasiya diplomatiyasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə hansı töhfələri verir?
– Şuşa Qlobal Media Forumunun ənənəvi xarakter alması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və informasiya diplomatiyasında təşəbbüskarlığının bariz göstəricisidir. Hər bir ölkənin iqtisadi gücü və suverenliyi onun informasiya məkanındakı mövqeyi ilə sıx bağlıdır. Uzun illər ərzində Azərbaycan haqqında formalaşdırılmağa çalışılan qərəzli stereotiplərin qırılması, regionda yaranmış yeni geoiqtisadi reallıqların beynəlxalq ictimaiyyətə birbaşa mənbədən çatdırılması üçün belə platformalar əvəzolunmazdır. Şuşa Forumu jurnalistlərin peşəkar görüş yeri olmaqla yanaşı, həm də informasiya təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mühüm platformalardan birinə çevrilib. Burada müzakirə edilən mövzular təkcə Azərbaycan üçün deyil, bütövlükdə dünya ictimaiyyəti üçün aktualdır. Bu forum Azərbaycanı informasiya gündəliyini müəyyən edən, qlobal tendensiyalara təsir göstərən nüfuzlu aktor statusuna yüksəldib. IV Şuşa Qlobal Media Forumu da müxtəlif ölkələrdən gəlmiş media rəhbərlərinin, ekspertlərin birgə iştirakı ilə dezinformasiyaya qarşı mübarizə, süni intellekt dövründə jurnalistikanın gələcəyi, rəqəmsal manipulyasiyaların qarşısının alınması, sülhyaratma prosesində jurnalistikanın rolu və digər bu kimi məsələlər üzrə müzakirələr keçirib, peşəkar yanaşmalar ortaya qoydu. Ənənəvilik həm də etibarlılıq deməkdir. Hər il ölkəmizdə forum keçirildikcə Azərbaycanın tərəfdaşlıq imkanları daha da genişlənir, beynəlxalq media ilə institusional əlaqələr dərinləşir. Nəticə etibarilə Azərbaycanın yumşaq güc potensialı dəfələrlə artır. Eyni zamanda, bu platforma iqtisadi diplomatiyamızın da aparıcı alətlərindən birinə çevrilir. Çünki müasir dövrdə xarici investisiyaların cəlb edilməsi, ölkənin iqtisadi potensialının təbliği və geoiqtisadi layihələrin dəstəklənməsi birbaşa informasiya məkanındakı nüfuzdan asılıdır. Şuşa Forumu vasitəsilə Azərbaycan özünün təkcə hərbi-siyasi deyil, həm də iqtisadi dayanıqlılığını, biznes və investisiya üçün açıq, etibarlı bir tərəfdaş olduğunu bütün dünyaya nümayiş etdirir. Bu isə ölkəmizin beynəlxalq reytinqlərdəki mövqeyini daha da möhkəmləndirir.
Xüsusilə nəzərə almaq lazımdır ki, Forumda təkcə Qərb mediası deyil, Asiya, Afrika və Latın Amerikası ölkələrindən, yəni Qlobal Cənubdan olan aparıcı media resursları da geniş təmsil olunurdu. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi zamanı qazandığı beynəlxalq nüfuzun məntiqi davamıdır. Şuşadan yayılan obyektiv informasiya axını qlobal miqyasda həqiqətlərimizin tanınmasına, ölkəmizin qlobal qərar qəbuletmə mexanizmlərindəki rolunun artmasına xidmət edir. İnformasiya cəbhəsində əldə olunan bu üstünlük Azərbaycanı regionda sülhün, quruculuğun və inkişafın əsas təşəbbüskarı kimi beynəlxalq aləmə təqdim edir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun olaraq uğurla davam etdirilən milli dövlətçilik strategiyasının təzahürüdür.
– Prezident İlham Əliyevin Forumda səsləndirdiyi strateji mesajların əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Prezident İlham Əliyevin Şuşada beynəlxalq media nümayəndələrinin suallarına verdiyi cavablar, səsləndirdiyi konseptual fikirlər, verdiyi mühüm mesajlar ilk növbədə Azərbaycanın informasiya siyasətinin baza prinsiplərini formalaşdırır və strateji xəttini müəyyənləşdirir. Dövlətimizin başçısının dərin analitik təhlilə, faktlara və beynəlxalq hüquqa əsaslanan çıxışları müasir diplomatiyada informasiya strategiyasının parlaq nümunəsidir. Prezident İlham Əliyevin sülh prosesi, beynəlxalq münasibətlər, enerji təhlükəsizliyi, qlobal siyasi proseslərlə bağlı səsləndirdiyi fikirlərin dünyanın aparıcı informasiya resurslarında geniş şəkildə işıqlandırılması dövlətimizin başçısının çıxışlarının xüsusi həssaslıqla izlənildiyini göstərir. Şuşadan verilən mesajlar sadəcə siyasi proseslərə deyil, həm də regionun gələcək geoiqtisadi quruculuğuna işıq tutur. Dövlətimizin başçısının çıxışları beynəlxalq müstəvidə Azərbaycanın sülhsevər, qurucu və əməkdaşlığa açıq ölkə obrazını daha da möhkəmləndirir. Eyni zamanda, regional təhlükəsizlik, Zəngəzur dəhlizi, enerji təhlükəsizliyi və yaşıl keçid kimi strateji məsələlərdə ölkəmizin qətiyyətli mövqeyi birbaşa dünya ictimaiyyətinin diqqətinə çatdırılır, ölkəmizə qarşı dezinformasiya kampaniyası neytrallaşdırılır. Dövlətimizin başçısının beynəlxalq media nümayəndələri ilə birbaşa və açıq formatda saatlarla davam edən dialoqu Azərbaycan Prezidentinin liderlik keyfiyyətlərini, dərin intellektual hazırlığını və öz mövqeyinə olan tam əminliyini bir daha nümayiş etdirdi. Məsələyə iqtisadi və geostrateji baxımdan yanaşsaq, Prezident İlham Əliyevin Şuşada bəyan etdiyi prinsiplər təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının gələcək inkişaf xəritəsini müəyyən edir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın iqtisadi imkanları, kommunikasiyaların açılması və regional inteqrasiya ilə bağlı verilən mesajlar qlobal güc mərkəzləri üçün gələcək əməkdaşlığın aydın yol xəritəsidir. Xüsusilə vurğulanmalıdır ki, dövlətimizin başçısı öz çıxışlarında milli maraqlarımızı və dövlət suverenliyimizin toxunulmazlığını bəyan etməklə yanaşı, regionda ədalətli sülhün yalnız reallıqlara söykənərək bərqərar ola biləcəyini qətiyyətlə diqqətə çatdırdı. Bu mesajlar bir daha sübut edir ki, Azərbaycan öz geoiqtisadi şərtlərini və regional sülhün prinsiplərini müəyyənləşdirən müstəqil güc mərkəzidir.
– Dövlətimizin başçısının 44 günlük Vətən müharibəsində beynəlxalq media müstəvisində apardığı informasiya mübarizəsi və səsləndirdiyi bəyanatlar cəbhədəki Qələbəmizi siyasi və ideoloji müstəvidə necə tamamladı?
– 2020-ci ilin 44 günlük Vətən müharibəsi təkcə hərb meydanında deyil, həm də informasiya müstəvisində Azərbaycan mətbuatı üçün böyük sınaq oldu. Ölkə mətbuatı İkinci Qarabağ müharibəsində tamamilə yeni, mütəşəkkil və monolit komanda kimi çıxış etdi. Bu böyük nailiyyətin mərkəzində, şübhəsiz ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin informasiya cəbhəsindəki misilsiz liderliyi dururdu. Dövlətimizin başçısının çoxsaylı nüfuzlu media orqanlarına məntiqli, tutarlı və beynəlxalq hüquqa əsaslanan müsahibələri düşmən təbliğatına qarşı ideoloji sipər rolunu oynadı, həm də milli mediamızı ən mötəbər arqumentlərlə silahlandırdı. Ən diqqətçəkən məqamlardan biri də odur ki, təkcə peşəkar media deyil, gənclərimiz və xaricdə yaşayan soydaşlarımız da sosial şəbəkələrdə könüllü şəkildə “informasiya əsgərinə” çevrildilər, texnoloji imkanlardan istifadə edərək erməni lobbisinin onilliklərlə formalaşdırdığı yalan tezislərini darmadağın etdilər. Cəmiyyətdə olan ruh yüksəkliyi KİV-in fəaliyyət ovqatına təsirsiz ötüşmədi. Eyni zamanda, media özü ovqat və ruh yüksəkliyi formalaşdırdı. Postmüharibə dövründə xarici jurnalistlərin və diplomatların azad olunmuş ərazilərə səfərlərinin təşkili də informasiya uğurlarımızın məntiqi davamı oldu. Ancaq unutmayaq ki, ölkəmizə qarşı hibrid təhdidlər və dezinformasiya hücumları bitmir. Bu səbəbdən informasiya təhlükəsizliyimizi daim diqqətdə saxlamalı, rəqəmsal məkanda mövqelərimizi daha da möhkəmləndirməliyik.
– Forumun məhz Şuşada keçirilməsi azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin beynəlxalq təqdimatı baxımından hansı əhəmiyyətə malikdir?
– Forumun işğaldan azad olunmuş torpaqlarımızda keçirilməsi siyasi, psixoloji və iqtisadi mahiyyət daşıyır. Bu platforma xarici jurnalistlərə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, xüsusilə Şuşada və bütövlükdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri ilə yaxından tanış olmaq imkanı yaradır. Xarici qonaqlar dağıdılmış şəhərlərin yenidən qurulduğunu, müasir infrastruktur layihələrinin həyata keçirildiyini, tarixi və mədəni irsin bərpa olunduğunu yerində müşahidə edirlər. Həmçinin, işğaldan azad edilmiş ərazilərimiz böyük kənd təsərrüfatı, istehsalat, yaşıl enerji və turizm potensialına malikdir. Media nümayəndələrinin bu infrastrukturu yerində müşahidə etməsi həm də investorlar üçün çağırışdır. Beləliklə, Şuşa Forumu regionun iqtisadi potensialını, investisiya cəlbediciliyini və Azərbaycanın yaratdığı yeni nəqliyyat-logistika imkanlarını dünyaya təqdim edən strateji bir “iqtisadi vitrin” rolu oynayır. Bu prosesin mühüm tərkib hissələrindən biri azad edilmiş torpaqlarımızda tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, eləcə də “Yaşıl Enerji Zonası” layihələridir. Xarici jurnalistlər və ekspertlər sıfırdan inşa edilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanlarını, müasir tunelləri, dəmir yollarını və günəş-su elektrik stansiyalarını öz gözləri ilə görməklə Azərbaycanın innovativ və gələcəyə hədəflənmiş iqtisadi modelinə şahidlik edirlər. Digər tərəfdən, bu proses Böyük Qayıdış proqramının real nəticələrini dünyaya çatdırmaq baxımından müstəsna əhəmiyyət daşıyır. Keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına dinc, təhlükəsiz və yüksək həyat standartları ilə qayıdışını yerində müşahidə etmək xarici media üçün dezinformasiyaları alt-üst edən tutarlı faktdır. Ən nəhayət, hamıya aydın olur ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərini öz maliyyə resursları hesabına və rekord sürətlə bərpa edir. Bu fakt ölkəmizin iqtisadi suverenliyinin, maliyyə dayanıqlılığının və böyük quruculuq əzminin beynəlxalq müstəvidə ən parlaq nümayişidir.
– Qeyd etdiyimiz kimi cənab Prezident müsahibədə mühüm məqamlara, o cümlədən Azərbaycanın enerji siyasətinin gələcək hədəflərinə toxunub. Sualımız belədir ki, bu Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu necə qiymətləndirmək olar?
– Azərbaycan son illərdə həyata keçirdiyi enerji siyasəti nəticəsində qlobal mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib və Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Bu gün ölkəmiz Avropa üçün etibarlı, proqnozlaşdırıla bilən və strateji tərəfdaş kimi çıxış edir. Xüsusən, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji siyasətində baş verən dəyişikliklərdən sonra enerji mənbələrinin şaxələndirilməsi aktual məsələyə çevrilib. Belə bir şəraitdə Azərbaycan etibarlı, öhdəliklərinə sadiq və uzunmüddətli əməkdaşlığa açıq tərəfdaş kimi xüsusi önəm qazanıb. Azərbaycan bu gün Avropanın 10 ölkəsinə təbii qaz ixrac edir. 2021-ci illə müqayisədə Avropaya Azərbaycan qazının tədarükü təxminən 60 faiz artıb. 2025-ci ildə Azərbaycan ümumilikdə 25,2 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun 12,8 milyard kubmetri Avropa bazarına tədarük olunub. Bu günə qədər Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunan 91 milyard kubmetrdən çox təbii qazın 55 milyard kubmetrdən çoxu Avropa ölkələrinə çatdırılıb. Bu göstəricilər Azərbaycanın uzunmüddətli perspektivdə etibarlı enerji tərəfdaşı olduğunu bir daha təsdiqləyir. Əgər bir çox regionlarda enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə olunursa, Azərbaycan hər zaman öz öhdəliklərinə sadiq və proqnozlaşdırılan tərəfdaş modeli nümayiş etdirir. Bu faktor Avropa İttifaqı tərəfindən ölkəmizə etimadı daha da artırır. Eyni zamanda, vurğulamaq lazımdır ki, Azərbaycanın Avropa üçün kəsb etdiyi strateji əhəmiyyət təkcə mövcud təbii qaz həcmləri ilə bitmir, həm də gələcək genişlənmə imkanları ilə şərtlənir. “Şahdəniz”, “Absheron”, “Ümid” və “Babək” kimi yataqların geniş potensialı, eləcə də Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin (TANAP və TAP) artırılması istiqamətində atılan addımlar Avropanın artan enerji tələbatının uzunmüddətli ödənilməsinə təminat verir. Məsələnin digər vacib tərəfi odur ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Avropanın yalnız karbohidrogen deyil, həm də “yaşıl enerji” təhlükəsizliyinin əsas aktorlarından birinə çevrilməkdədir. Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan “Cənubi Qafqaz – Avropa” sualtı elektrik kabeli layihəsi Xəzər dənizinin və Qarabağ-Şərqi Zəngəzur zonasının nəhəng bərpaolunan enerji imkanlarını birbaşa Avropa bazarına inteqrasiya edəcəkdir. Nəticə etibarilə, Azərbaycan Avropa üçün sadəcə xammal tədarükçüsü deyil, qitənin enerji xəritəsini şaxələndirən, ekoloji dəyişiminə töhfə verən və regional sabitliyin geoiqtisadi zəmanətçisi olan əvəzolunmaz strateji tərəfdaşdır.
– Sizcə, ölkəmizin mövcud energetika imkanları və ixrac potensialı kifayət qədərdir?
– Azərbaycanın energetika potensialı və mövcud resurs bazası nəinki ölkəmizin daxili tələbatını tam ödəyəcək səviyyədədir, həm də regional və qlobal miqyasda mühüm enerji təminatçısı kimi mövqeyimizi onilliklər boyu davamlı olaraq möhkəmləndirməyə imkan verir. Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və bu göstəriciyə görə boru kəməri qazının təchizat coğrafiyası baxımından dünyada ön sıralardadır. Bununla belə, Azərbaycanın energetika imkanları yalnız ənənəvi karbohidrogen resursları ilə məhdudlaşmır. Biz hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sektorunda keyfiyyətcə tamamilə yeni bir mərhələyə – “yaşıl enerji” dövrünə qədəm qoymuşuq. Ölkəmizin bərpaolunan enerji potensialı, xüsusilə Xəzər dənizinin külək və Qarabağ-Şərqi Zəngəzur zonalarının günəş və su resursları Avropa qitəsinin “yaşıl keçid” prioritetlərinə tam cavab verir. Alternativ enerji mənbələrinin daxili şəbəkəyə inteqrasiyası elektrik enerjisi istehsalında istifadə olunan təbii qaza qənaət edilməsinə və həmin resursları xarici bazarlara daha yüksək əlavə dəyərlə yönəltməyə imkan verir. Digər tərəfdən, Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan “Cənubi Qafqaz – Avropa” sualtı elektrik xətti vasitəsilə Azərbaycanın “yaşıl enerjisi” birbaşa Avropa qitəsinin mərkəzinə nəql olunacaq. Bütün bu faktlar göstərir ki, ölkəmizin energetika imkanları kifayət qədər artıqdır.
Məsələyə iqtisadi cəhətdən yanaşsaq, energetika potensialımızın yüksək olması təkcə ixrac gəlirlərimizin artması demək deyil, bu, birbaşa qeyri-neft sektorunun inkişafı üçün möhkəm bünövrədir. Bərpaolunan enerji mənbələrinə sürətli keçid sayəsində qənaət edilən milyardlarla kubmetr təbii qaz daxili bazarda neft-kimya sənayesinin, gübrə istehsalının və digər emal sahələrinin xammal təminatını gücləndirir. Nəticədə ölkədə yüksək əlavə dəyər yaradan yeni istehsal zəncirlərinin formalaşmasına imkan verir. Bununla yanaşı, COP29 kimi qlobal iqlim sammitinə evsahibliyi etməyimiz Azərbaycanın “yaşıl enerji” strategiyasının beynəlxalq miqyasda qəbul olunduğunu və dəstəkləndiyini bir daha sübut etdi. “Masdar”, “ACWA Power” kimi qlobal enerji nəhəngləri ilə birgə həyata keçirilən layihələr ölkəmizə investisiya axınını təmin edir, yeni texnologiyaların transferinə və müasir iş yerlərinin açılmasına şərait yaradır. Nəticə etibarilə deyə bilərəm ki, Azərbaycan özünün zəngin karbohidrogen ehtiyatları ilə bərpaolunan enerji resurslarını mükəmməl şəkildə sintez etməyi bacaran nadir ölkələrdəndir. Bu balanslaşdırılmış enerji modeli dövlətimizin maliyyə dayanıqlılığını, gələcək nəsillərin resurs təminatını və qlobal iqtisadiyyatdakı rəqabət qabiliyyətini uzunmüddətli dövrdə zəmanət altına alır.
– Ziyad müəllim, Azərbaycanın neft sənayesi dövlətin nəzarətindədir. Lakin bildiyimiz kimi müstəqilliyimizin ilk illərində neft sektorunun özəlləşdirilməsi barədə təşəbbüslər vardı. Əgər neft sənayesi özəlləşdirilsəydi, Azərbaycan dövləti enerji sahəsindəki bugünkü uğurlara nail ola bilərdimi?
– Əminliklə demək olar ki, əgər neft sənayemiz özəlləşdirilsəydi, bu gün nəinki Cənub Qaz Dəhlizi kimi geostrateji layihələri reallaşdıra bilərdik, hətta iqtisadi suverenliyimizin özü risk altına düşərdi. 1990-cı illərin əvvəllərində ölkədə dərin xaos və iqtisadi böhran hökm sürürdü. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra məhz strateji uzaqgörənlik nümayiş etdirərək neft sənayesini dövlətin nəzarətində saxladı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (indiki SOCAR) milli iqtisadiyyatın ana sütununa çevirdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə neft resurslarımız transmilli korporasiyaların insafına təslim edilmədi, əksinə, milli maraqlara söykənən bərabərhüquqlu tərəfdaşlıq modeli yaradıldı. Neftdən gələn gəlirlərin Dövlət Neft Fondunda toplanaraq strateji ehtiyatlara çevrilməsi infrastruktur layihələrinə, ordumuzun gücləndirilməsinə və sosial rifaha yönəldilməsi məhz neft sənayesinin dövlət mülkiyyətində qalması sayəsində mümkün oldu. Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, 44 günlük Vətən müharibəsini öz iqtisadi və hərbi gücü ilə parlaq Qələbə ilə başa vurması və işğaldan azad edilmiş ərazilərdə öz daxili imkanları hesabına nəhəng bərpa-quruculuq işləri aparması məhz neft sənayesinin dövlət nəzarətində saxlanılması sayəsində qazanılmış maliyyə suverenliyinin və iqtisadi müstəqilliyin birbaşa nəticəsidir.
Xatırladım ki, müstəqilliyin ilk illərində strateji sahələrini tələsik və nəzarətsiz özəlləşdirən bir çox ölkələr sərvətlərinin xaricə axını və dövlət institutlarının zəifləməsi kimi ağır fəsadlarla üzləşdilər. Əgər Azərbaycan da həmin yolu seçsəydi, neftdən gələn milyardlarla dollar gəlir dövlət büdcəsinə, infrastrukturun yenidən qurulmasına və xalqın rifahına deyil, ayrı-ayrı qrupların və xarici şirkətlərin maraqlarına xidmət edəcəkdi. Məhz neft sənayesinin dövlət mülkiyyətində saxlanılması və SOCAR-ın milli brend kimi formalaşması Azərbaycana imkan verdi ki, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi nəhəng transmilli layihələrdə sadəcə xammal verən tərəf kimi deyil, əsas payçı, qərarqəbuledici subyekt kimi çıxış etsin. Dövlət Neft Fondunun (ARDNF) yaradılması isə neft kapitalının insan kapitalına və milli ehtiyatlara çevrilməsində institusional zəmin yaratdı. Yəni neft sənayesinin dövlət nəzarətində saxlanılması qərarı təkcə iqtisadi addım deyil, Azərbaycanın dövlət müstəqilliyini, milli təhlükəsizliyini və gələcək Zəfərlərini təmin edən strateji konsepsiya idi.
– Cənab Prezidentin müsahibədə aydınlıq gətirdiyi məsələlərdən biri Azərbaycanın orta gücə çevrilməsi ilə bağlı oldu. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar fonunda orta gücə çevrilməsi barədə nə deyə bilərsiniz? Bu status ölkəmizə hansı üstünlüklər qazandırır?
– Orta güc statusu dövlətin regional proseslərə aktiv təsir etmək, qlobal layihələrin təşəbbüskarı olmaq, müstəqil xarici siyasət yürütmək və böyük güclər arasında balansı qorumaq qabiliyyətidir. Bu baxımdan, Azərbaycanın son illərdə Cənubi Qafqazda yaratdığı yeni reallıqlar ölkəmizin orta gücə çevrilməsini şərtləndirir. Azərbaycan regionda güc balansını kökündən dəyişərək, münaqişə yerinə sülh, təhlükəsizlik və əməkdaşlığa söykənən yeni geoiqtisadi reallıqları gündəmə daşıdı. Orta güc statusu Azərbaycana qlobal güc mərkəzləri ilə bərabərhüquqlu dialoq aparmaq imkanı verir. Azərbaycanın orta gücə çevrilməsi dərindən hesablanmış iqtisadi strategiyanın, hərbi qüdrətin və milli maraqlara söykənən müstəqil siyasi iradənin qanunauyğun nəticəsidir. Bu status dövlətimizin milli təhlükəsizliyinin, uzunmüddətli iqtisadi inkişafının və xalqımızın rifahının ən etibarlı zəmanətidir. Xüsusilə vurğulamaq lazımdır ki, müasir beynəlxalq münasibətlərdə orta güc anlayışı təkcə siyasi və hərbi nüfuzla deyil, həm də iqtisadi suverenlik və resurs idarəçiliyi ilə birbaşa bağlıdır. Azərbaycan özünün nəhəng maliyyə imkanları, xarici borcun minimum səviyyədə olması və valyuta ehtiyatları sayəsində heç bir beynəlxalq maliyyə institutundan və ya xarici gücdən asılı olmayan tam müstəqil iqtisadi model formalaşdırıb. Bu iqtisadi müstəqillik ölkəmizə imkan verir ki, xarici siyasətdə də öz milli maraqlarını qətiyyətlə müdafiə etsin. Diqqətəlayiq digər məqam isə Azərbaycanın orta güc kimi qlobal geoiqtisadi şəbəkədə vasitəçi rolunun kəskin artmasıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşməyimiz, Avropanın enerji təhlükəsizliyində oynadığımız aparıcı rol və türk dünyasının inteqrasiyasında nümayiş etdirdiyimiz liderlik ölkəmizi qlobal böhranlar fonunda regional sabitlik adasına çevirir. Orta güc statusu Azərbaycana qlobal mərkəzlərin rəqabət meydanı olmaqdan sığortalanmaq, onların hər biri ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə və iqtisadi mənfəətə söykənən münasibətlər qurmaq imkanı qazandırır. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş dövlətçilik xəttinin və iqtisadi diplomatiyamızın parlaq təntənəsidir.
– Son zamanlar Avropa İttifaqı rəhbərliyinin və qitənin aparıcı dövlət liderlərinin Azərbaycana ardıcıl səfərlərinin intensivləşməsi müşahidə olunur. Bu səfərlər ölkəmizin beynəlxalq nüfuzuna, eləcə də qlobal və iqtisadi mövqeyinə necə təsir göstərir?
– Avropa İttifaqı institutlarının yüksəksəviyyəli rəsmilərinin və qitənin aparıcı dövlətlərinin liderlərinin Bakıya səfərlərinin intensiv xarakter alması təsadüfi deyil. Bu, Azərbaycanın qlobal və regional miqyasda artan geosiyasi çəkisinin, etibarlı tərəfdaş imicinin və müstəqil xarici siyasət kursunun məntiqi nəticəsidir. Günümüzün mürəkkəb geo-iqtisadi reallıqları fonunda Avropa ilə Azərbaycan arasında formalaşan bu yeni diplomatik dinamikanı şərtləndirən və ölkəmizin beynəlxalq nüfuzunu gücləndirən mühüm amillər var. Qeyd etdiyim kimi Avropanın enerji xəritəsinin yenidən çəkildiyi bir dövrdə Azərbaycan qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz və etibarlı aktor kimi çıxış edir. Cənub Qaz dəhlizinin genişləndirilməsi, Avropa ölkələrinə qaz ixracının həcminin və coğrafiyasının ilbəil artması Bakını Avropa paytaxtları üçün həyati əhəmiyyətli strateji mərkəzə çevirib. Aİ rəhbərliyinin Azərbaycana səfərləri bu tərəfdaşlığa verilən yüksək siyasi qiymətin təzahürüdür. Azərbaycan bərpa olunan enerji mənbələrinin Avropaya nəqli istiqamətində də mühüm rol oynayır. Avropa liderlərinin Bakı ilə təmaslarında bərpa olunan enerji sahəsində uzunmüddətli investisiya imkanları xüsusi ağırlıq təşkil edir. Qlobal təchizat zəncirində yaşanan qırılmalar fonunda Çindən Avropaya uzanan Orta dəhlizin strateji əhəmiyyəti dəfələrlə artıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və müasir nəqliyyat infrastrukturu ilə Azərbaycan Şərqlə Qərb arasında ən təhlükəsiz və qısa logistika qovşağına çevrilib. Avropa İttifaqının Avrasiya nəqliyyat dəhlizlərinə marşrut diversifikasiyası baxımından Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyi bu səfərlərin intensivləşməsində əsas amil rolunu oynayır. Avropa liderləri anlayırlar ki, Cənubi Qafqazda uzunmüddətli sülhün, kommunikasiyaların açılmasının və regional inteqrasiyanın açarı Bakıdadır. Bu baxımdan, diplomatik təmaslar həm də regionda dayanıqlı sülh gündəliyinin dəstəklənməsi və Azərbaycanın irəli sürdüyü sülh prinsipiallığına verilən önəmin təzahürüdür. Azərbaycanın COP29 və Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi möhtəşəm qlobal tədbirlərə evsahibliyi etməsi, Qoşulmama Hərəkatı və başqa bir neçə təşkilata uğurlu sədrlik təcrübəsi ölkəmizi qlobal qərarların qəbul edildiyi mühüm platformaya çevirib. Avropalı tərəfdaşlar Bakı ilə dialoqu yalnız ikitərəfli müstəvidə deyil, qlobal çağırışların həlli kontekstində dəyərləndirirlər. Avropa liderlərinin Azərbaycana ardıcıl səfərləri ölkəmizə qarşı yürüdülən qərəzli kampaniyaların da puç olduğunu göstərir. Bu intensivlik Azərbaycanın beynəlxalq nüfuzunu artırır, ölkəmizin suveren iqtisadi və siyasi modelinin qlobal səviyyədə qəbul edildiyini təsdiqləyir və Azərbaycanı regional güc mərkəzindən qlobal miqyaslı strateji tərəfdaşa çevirir.
– Azərbaycanın Avrasiya məkanında əsas bağlantı mərkəzinə çevrilməsi gələcək perspektivlər baxımından nə vəd edir?
– Qlobal iqtisadiyyatda bağlantı anlayışı sadəcə yolların və infrastrukturun çəkilməsi demək deyil, bu, ölkələrin geoiqtisadi nüfuzunu və strateji dəyərini müəyyən edən mühüm faktordur. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz qlobal ticarət zəncirinin ən önəmli və etibarlı halqası olduğunu sübut edib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt), Bakı-Tbilisi-Qars dəmir yolu, ölkə boyu yenidən qurulan magistral avtomobil yolları və azad olunmuş ərazilərdə tikilən beynəlxalq hava limanları Azərbaycanı Avrasiya qitəsinin ən müasir logistika mərkəzlərindən birinə çevirib. Ələt Azad İqtisadi Zonası isə xarici investorlar üçün yüksək texnologiyalı istehsal və paylama bazası yaratmaqla tranzit potensialımızı sənaye istehsalı ilə tamamlayır. Qlobal tədarük zəncirlərində baş verən qırılmalar və geostrateji böhranlar fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) rolu kəskin artmışdır. Azərbaycan Çindən Avropaya yükdaşımaların vaxt və xərc baxımından ən səmərəli marşrutunu təqdim edir. Eyni zamanda, Şimal-Cənub dəhlizi vasitəsilə Fars körfəzi və Hindistanı Rusiya və Şimali Avropa ilə birləşdirən əvəzolunmaz tranzit xəttini təmin edir. Azərbaycan fiziki nəqliyyatla yanaşı, “Rəqəmsal İpək Yolu” layihəsi ilə Asiya və Avropa arasında optik lifli kabel magistralı çəkərək rəqəmsal məlumatların ötürülməsində də əsas mərkəz rolunu üzərinə götürür. Digər tərəfdən, “Cənubi Qafqaz – Avropa” sualtı elektrik xətti vasitəsilə bərpaolunan “yaşıl enerjinin” nəqli bu bağlantı konsepsiyasına tamamilə yeni keyfiyyət ölçüsü qazandırır. Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birbaşa birləşdirmək məsələsi deyil. Bu dəhliz Mərkəzi Asiya, Xəzər hövzəsi və Türk dünyasını birbaşa Türkiyə və Avropa ilə bağlayan, Avrasiya daxilində ticarət dövriyyəsini dəfələrlə artıracaq qlobal geoiqtisadi arteriyadır. Nəticə etibarilə, Azərbaycanın Avrasiya məkanında formalaşdırdığı bu yeni bağlantı şəbəkəsi ölkəmizə milyardlarla dollar tranzit və logistika gəliri gətirməklə yanaşı, dövlətimizi qlobal iqtisadi proseslərin gedişatına birbaşa təsir edən, əvəzolunmaz strateji güc mərkəzinə çevirir.
– Forumda süni intellektin mediaya inteqrasiyası və rəqəmsallaşma kimi mövzular da geniş müzakirə olundu. Cəmiyyət həyatının yeni iqtisadi-rəqəmsal reallıqlara uyğunlaşması nə qədər önəmlidir?
– Biz hazırda Dördüncü Sənaye İnqilabının və rəqəmsal transformasiyanın cəmiyyətin bütün sahələrini, o cümlədən iqtisadiyyatı və medianı dəyişdirdiyi dövrdə yaşayırıq. Süni intellekt, rəqəmsallaşma müasir informasiya məkanının əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Belə bir şəraitdə milli informasiya siyasətinin rəqəmsal reallıqlara uyğunlaşdırılması sadəcə texnoloji yenilik deyil, milli təhlükəsizlik və iqtisadi rəqabətqabiliyyətlilik məsələsidir. Süni intellektin mediaya inteqrasiyası informasiyanın emalı və ötürülməsi sürətini artırır. Əgər qlobal informasiya rəqabətində öndə olmaq istəyiriksə, bu texnologiyaları mənimsəməli, eyni zamanda onun gətirdiyi kiber-təhdidlərə və rəqəmsal dezinformasiyalara qarşı adekvat müdafiə mexanizmləri yaratmalıyıq. İnformasiya iqtisadiyyatının formalaşdığı bir zamanda media sektoru rəqəmsal resurslardan səmərəli istifadə etməli, elmi bazaya əsaslanan yeni iş modellərinə keçməlidir. Bu, həm informasiya axınının keyfiyyətini artıracaq, həm də milli mediamızın qlobal arenada rəqabət gücünü təmin edəcəkdir. Məsələnin strateji tərəfi data iqtisadiyyatı və alqoritmik suverenlik anlayışıdır. Müasir dövrdə qlobal media nəhəngləri məhz süni intellekt alqoritmləri vasitəsilə ictimai rəyi idarə edirlər. Belə bir şəraitdə milli mediamızın süni intellekt platformalarında öz dil modelini və milli bazasını inkişaf etdirməsi strateji zərurətdir. Əks halda xarici alqoritmlərin formalaşdırdığı informasiya mühitindən asılı vəziyyətə düşmə riski yaranır. Süni intellektin və rəqəmsallaşmanın mediaya sürətli inteqrasiyası Azərbaycanın yalnız informasiya sahəsində deyil, bütövlükdə rəqəmsal iqtisadiyyat xəritəsində qabaqcıl mövqeyə yüksəlməsinə və milli maraqlarımızın qlobal e-məkanlarda daha çevik müdafiəsinə xidmət edir.
– Ziyad müəllim, Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün Çinlə əməkdaşlıq ölkəmizə hansı iqtisadi, texnoloji və tranzit dividendləri qazandırır?
– Müasir geosiyasi və geoiqtisadi şəraitdə Azərbaycan ilə Çin Xalq Respublikası arasında formalaşan strateji tərəfdaşlıq təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Avrasiya qitəsinin iqtisadi xəritəsini müəyyən edən mühüm faktora çevrilmişdir. Dövlətimizin başçısı Prezident İlham Əliyevin uzaqgörən xarici iqtisadi siyasəti və Çin rəhbərliyi ilə qarşılıqlı etimada söykənən dialoqu iqtisadi əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin etmişdir. Bu tərəfdaşlığın mərkəzində isə Çinin qlobal “Bir kəmər, bir yol” təşəbbüsü ilə Azərbaycanın aparıcı təşəbbüskarı olduğu Orta dəhlizin strateji vəhdəti dayanır. Məlumdur ki, Azərbaycan özünün əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat-logistika infrastrukturu və dəniz limanı imkanları ilə Çin üçün Avropa bazarlarına çıxışda ən etibarlı, qısa və səmərəli marşrutdur. Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə xətti ilə Avropaya uzanan Orta Dəhliz həm məsafə, həm də vaxt baxımından digər alternativləri geridə qoyur. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və rəqəmsal gömrük sistemlərinin tətbiqi yükdaşımaların operativliyini dəfələrlə artırmışdır. Təsadüfi deyil ki, Dünya Bankının qiymətləndirmələrinə görə, 2030-cu ilədək bu marşrut üzrə yükdaşımaların həcmi 3 dəfə artacaq, daşınma müddəti isə yarıbayarı azalacaq. Lakin Çin üçün Azərbaycan yalnız tranzit dəhlizi deyil, həm də mühüm investisiya və sənaye tərəfdaşıdır. Rəsmi statistika göstərir ki, 1995-ci ildən bəri Çinin ölkəmizə birbaşa investisiyalarının həcmi 920 milyon dollara çatmış, hazırda ölkəmizdə Çin kapitallı 300-dən çox aktiv şirkət qeydiyyata alınmışdır. Ticarət dövriyyəmizdə də kəskin artım müşahidə olunur. 2024-cü ildə 3,7 milyard dollar olan ticarət həcmi, 2025-ci ildə daha da artaraq 4,87 milyard dollara çatmışdır. Çin hazırda Azərbaycanın ən böyük idxal tərəfdaşı olmaqla xarici ticarət dövriyyəmizdə 10 faizlik xüsusi çəkiyə malikdir. Bu strateji əməkdaşlığın ölkəmizə qazandırdığı iqtisadi və rəqəmsal dividendlər də var. Çinin texnologiya nəhəngləri, xüsusilə “Huawei” şirkəti ilə tərəfdaşlıq ölkəmizdə rəqəmsal iqtisadiyyatın formalaşmasına, süni intellekt və İKT infrastrukturunun sürətli inkişafına birbaşa töhfə verir. Çin kapitallı şirkətlərin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işlərinə, alternavit enerji avadanlıqlarının istehsalına və logistika infrastrukturuna investisiya yatırmaq marağı regionun sürətli inteqrasiyasına xidmət edir. Orta dəhliz sayəsində tranzit gəlirlərimiz artmaqla yanaşı, Ələt Azad İqtisadi Zonası və sənaye parklarımızda Çin şirkətləri ilə birgə elektromobil sənayesi, emal sahələri, elektron ticarət platformaları və yüksək əlavə dəyər yaradan yeni istehsalat müəssisələri təsis olunur. Bu da minlərlə yeni iş yerinin açılması deməkdir. Çinlə tərəfdaşlıq Azərbaycanı Avrasiyanın əvəzolunmaz logistika, sənaye və rəqəmsal mərkəzinə çevirməklə, milli iqtisadiyyatımızın dayanıqlılığını zəmanət altına alır.
– Dünyada etimad böhranının dərinləşdiyi və fərqli güc mərkəzləri arasında geosiyasi qarşıdurmaların kəskinləşdiyi bir vaxtda Azərbaycanın qlobal dialoq və neytral vasitəçilik məkanı kimi nüfuz qazanmasını şərtləndirən amillər nələrdir?
– Beynəlxalq münasibətlər sisteminin ciddi problemlərindən biri dövlətlərarası etibarın sarsılmasıdır. Belə bir mürəkkəb geostrateji şəraitdə Azərbaycanın ziddiyyətli maraqlara sahib fərqli güclər tərəfindən etibarlı tərəfdaş və obyektiv dialoq məkanı kimi qəbul olunması dövlətçilik uğurudur. Şuşa Forumunda da xarici ekspertlər tərəfindən xüsusi qeyd edildiyi kimi Bakının yüksələn geosiyasi statusu onun fərqli qütblər arasında qurduğu səmimi və balanslı körpü rolunun məntiqi nəticəsidir. Dövlətimizin başçısı Prezident İlham Əliyevin bu məsələyə münasibəti milli xarici siyasətimizin fəlsəfəsini ortaya qoyur: ölkəmizə olan beynəlxalq inamın təməlində tam səmimiyyət, gizli gündəliyin olmaması və verilən vədlərə mutləq riayət edilməsi dayanır. Azərbaycan heç bir hərbi-siyasi blokun diktəsi ilə hərəkət etmir, özünün suveren maraqlarını ön plana çəkərək qlobal məsələlərdə dürüst vasitəçi mövqeyindən çıxış edir. Bakı beynəlxalq hüququn prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlər sistemi formalaşdırıb. Bu neytral və ədalətli mövqe paytaxtımızı barışdırıcı diplomatiyanın mərkəzinə çevirib. Azərbaycan illərdir ki, qlobal hərbi-siyasi böhranların pik həddə çatdığı məqamlarda nəhəng güclərin bir araya gəldiyi təhlükəsiz məkandır. Rusiya və ABŞ Silahlı Qüvvələrinin ali rəhbərliyinin, eləcə də NATO-Rusiya hərbi komandanlığının birbaşa təmaslar üçün məhz Bakını seçməsi ölkəmizin müstəqil mövqeyinə olan beynəlxalq zəmanətin bariz nümunəsidir. Azərbaycan təkcə siyasi müstəvidə deyil, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında və Avrasiya nəqliyyat dəhlizlərinin formalaşmasında da üzərinə düşən öhdəlikləri tam icra edir. Bu fakt Avropa və Asiya dövlətlərinin ölkəmizə strateji tərəfdaş kimi güvənməsini təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasət Azərbaycanı əvəzolunmaz etimad adasına çevirmişdir. Bu isə ölkəmizin yaxın gələcəkdə də qlobal təhlükəsizlik və dialoq platforması kimi strateji mövqeyini daha da möhkəmləndirəcəkdir.
– Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi artan xətlə inkişaf edir. Bu iqtisadi şərait Orta dəhlizin və Bakının regional maliyyə-logistika mərkəzinə çevrilməsinə hansı əlavə imkanlar qazandırır?
– Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əməkdaşlığının sürətlə genişlənməsi, ticarət dövriyyəsinin kəskin artması və birgə investisiya fondlarının yaradılması regionun geosiyasi və geoiqtisadi xəritəsini köklü şəkildə dəyişir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində formalaşan bu çoxtərəfli platforma həm Orta dəhlizin funksionallığının artırılması, həm də Bakının regional maliyyə-logistika mərkəzinə çevrilməsi baxımından aşağıdakı strateji və əlavə imkanları qazandırır. Mərkəzi Asiya ölkələrinin resurslarının və sənaye məhsullarının dünya bazarlarına çıxışı üçün Azərbaycan əsas tranzit qovşağına çevrilir. Birgə investisiya fondları təkcə istehsalı deyil, həm də nəqliyyat-infrastruktur layihələrini maliyyələşdirir. Bu, limanların, dəmir yollarının, gömrük-sərhəd keçid məntəqələrinin modernləşdirilməsinə, “rəqəmsal dəhliz” konsepsiyasının tətbiqinə və vahid tarif siyasətinin formalaşdırılmasına şərait yaradır. Qlobal geosiyasi gərginliklər fonunda Çindən və Mərkəzi Asiyadan Avropaya yönələn yüklər üçün Orta dəhliz ən təhlükəsiz və qısa marşrut statusunu möhkəmləndirir. Yaradılan birgə investisiya fondlarının idarə olunması, layihələrin maliyyələşdirilməsi və bank-maliyyə əməliyyatlarının həyata keçirilməsində Bakı əsas koordinasiya mərkəzinə çevrilir. Bu, Azərbaycanın bank-maliyyə sektorunun regional miqyasda rolunu artırır. TDT platforması çərçivəsində formalaşan vahid iqtisadi məkan kənar investorlar üçün daha cəlbedici görünür. Bakı bu xarici kapitalların Mərkəzi Asiyaya və əksinə yönəldilməsində investisiya qovşağı rolunu oynayır. Bakı və Ələt Azad İqtisadi Zonası yalnız yüklərin yerinin dəyişdirildiyi logistika məntəqəsi deyil, Mərkəzi Asiya xammalının emal edildiyi, son məhsula çevrildiyi və əlavə dəyər yaradıldığı sənaye-maliyyə qovşağına transformasiya olunur. TDT çərçivəsində gömrük rüsumlarının və inzibati maneələrin azaldılması istiqamətində atılan addımlar Bakını regionun əsas ticarət və broker mərkəzinə çevirir. Xəzərin dibi ilə elektrik kabelinin və bərpa olunan enerji resurslarının, eləcə də Karbohidrogenlərin Avropaya nəqli layihələrində Azərbaycan və Mərkəzi Asiya dövlətləri vahid enerji blokuna çevrilir. Bu da Bakının qlobal enerji bazarındakı logistik və maliyyə çəkisini ikiqat artırır.
– Qonşu regionlardakı hərbi-siyasi gərginliklər dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini artırır. Qlobal çalxantılar fonunda Azərbaycanın valyuta ehtiyatlarının qorunması, makroiqtisadi sabitliyin təmin edilməsi və daxili bazarın sığortalanması mexanizmlərini necə qiymətləndirirsiniz?
– Belə mürəkkəb şəraitdə Azərbaycanın makroiqtisadi sabitliyi qoruması, valyuta ehtiyatlarını artırması və daxili bazarı idxal inflyasiyasından sığortalaması çoxqatlı və praqmatik iqtisadi mexanizmlərin nəticəsidir. Azərbaycanın strateji valyuta ehtiyatları ümumi daxili məhsulun (ÜDM) həcmini üstələyir və illik mal-xidmət idxalını dəfələrlə üstələyən bufer formalaşdırır. Bu, ölkənin xarici borc öhdəliklərini rahatlıqla qarşılamağa və hər hansı xarici şoklara qarşı maliyyə immuniteti yaratmağa imkan verir. ARDNF-in aktivlərinin müxtəlif valyuta səbətləri, qızıl, daşınmaz əmlak və yüksək reytinqli səhmlər arasında diversifikasiya olunması qlobal bazarlardakı dalğalanmalar fonunda ehtiyatların dəyərsizləşməsinin qarşısını alır. Manatın sabit qalması Azərbaycanın anti-inflyasiya siyasətinin ən təməl sütunudur. Hökumət strateji əhəmiyyətli ərzaq və kənd təsərrüfatı məhsullarının daxili bazarda kəskin bahalaşmasının qarşısını almaq üçün çevik gömrük rüsumları və ƏDV güzəştləri tətbiq edir. Bu, xüsusilə taxıl, un və digər əsas ərzaq malları üzrə qiymət artımını sığortalayır. İdxaldan asılılığı azaltmaq üçün aqrar sektora subsidiyaların artırılması, güzəştli kreditlərin ayrılması və azad edilmiş ərazilərin kənd təsərrüfatı dövriyyəsinə inteqrasiyası daxili təklifi artıraraq qiymətlərin sabitləşməsinə xidmət edir. Strateji ərzaq ehtiyatlarının mütəmadi yenilənməsi süni qiymət artımı və qıtlıq risklərini minimuma endirir. Azərbaycanın tətbiq etdiyi mexanizmlər qabaqlayıcı xarakter daşıyır. Uzunmüddətli perspektivdə bu sabitliyin daha da dayanıqlı olması üçün qeyri-neft-qaz sektorunun inkişafı, yerli rafinə və emal sənayesinin genişləndirilməsi, eləcə də daxili rəqabət mühitinin dərinləşdirilməsi istiqamətində atılan addımlar strateji əhəmiyyətini qoruyub saxlayır.
– Azərbaycanın təklif etdiyi sülh gündəliyi və yaratdığı regional kommunikasiyalar Cənubi Qafqazın digər dövlətləri üçün də iqtisadi dividendlər vəd edir. Bunun praktik nəticələri artıq özünü göstərməkdədir? Bu barədə nə deyə bilərsiniz?
– Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi və regional kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizi və digər nəqliyyat-logistika marşrutlarının açılması Cənubi Qafqazın geoiqtisadi quruluşunu köklü surətdə dəyişmək potensialına malikdir. Otuz ilə yaxın davam edən münaqişə və blokada şəraiti regionun vahid iqtisadi orqanizm kimi inkişafına mane olurdusa, sülh gündəliyinin reallaşması həm bütövlükdə Cənubi Qafqaza, həm də ayrı-ayrılıqda region ölkələrinə, o cümlədən Ermənistana geoiqtisadi üstünlüklər qazandırır. Kommunikasiyaların bərpası ilə yaranacaq ən mühüm geoiqtisadi üstünlük Cənubi Qafqazın Şərq-Qərb (Orta dəhliz) və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində əvəzolunmaz tranzit-logistika habına çevrilməsidir. Bu proses Cənubi Qafqaz ölkələrinə beynəlxalq yükdaşımalardan davamlı tranzit gəlirləri əldə etmək imkanı yaradır. Xüsusilə Türkiyə ilə sərhədləri hələlik bağlı olan Ermənistan üçün unikal imkanlar deməkdir. Ermənistan Azərbaycan ərazisindən keçməklə Rusiya və Mərkəzi Asiya bazarlarına ucuz və birbaşa dəmir yolu çıxışı qazanır. Eyni zamanda İran və Türkiyə istiqamətində quru marşrutlarına qoşularaq regional ticarətin aktiv iştirakçısına çevrilmək şansı əldə edir. Münaqişənin tamamilə aradan qalxması Cənubi Qafqazı təhlükəsiz investisiya məkanına çevirir. Nəqliyyat xətləri ilə yanaşı, elektrik enerjisi, rəqəmsal infrastrukturlar və boru kəmərlərinin şaxələnməsi də region ölkələri arasında enerji mübadiləsini və “yaşıl enerji” ixracını əhəmiyyətli dərəcədə asanlaşdırır. Regional müharibənin bitməsi kənar güclərin bölgəyə müdaxilə etmək, tərəflərə təzyiqlər göstərmək imkanını da əlindən alır. Yəni Azərbaycanın təklif etdiyi sülh gündəliyi hamının qazanclı çıxacağı qarşılıqlı faydalara əsaslanır. Bu sülh gündəliyi Cənubi Qafqazı qarşıdurma poliqonundan çıxararaq sülh, iqtisadi inteqrasiya və dayanıqlı inkişaf mərkəzinə çevirmək üçün tarixi bir şansdır.
– Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-quruculuq işləri tamamlandıqca, bu regionların Azərbaycanın ÜDM-dəki payının və qeyri-neft ixracındakı çəkisinin yaxın illərdə necə dəyişməsi gözlənilir?
– Azad edilmiş ərazilərdə infrastruktur mərhələsindən reabilitasiya və istehsal mərhələsinə keçid bu regionların ölkə iqtisadiyyatındakı çəkisini köklü şəkildə artıracaq. İnfrastruktur bərpa olunduqca, inşaat mərhələsi öz yerini dayanıqlı iqtisadi aktivliyə verəcək. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının mədən sənayesi (qızıl, mis, tikinti materialları resursları), aqrar-sənaye kompleksi və bərpa olunan energetika potensialı ölkənin qeyri-neft ÜDM-nin formalaşmasında əhəmiyyətli paya sahib olacaq. Qarabağın ekoloji təmiz kənd təsərrüfatı məhsulları (üzümçülük, meyvəçilik, heyvandarlıq), aqroemal sənayesi və Ağdam Sənaye Parkı kimi mərkəzlərdə istehsal olunacaq sənaye məhsulları birbaşa xarici bazarlara yönələcək. Bu da Yaxın Şərq və Mərkəzi Asiya bazarlarına çıxışı artırmaqla qeyri-neft ixracının strukturunu zənginləşdirəcək. Bu ərazilərin beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası regional xidmət və logistika sektorundan gələn gəlirləri artıraraq qeyri-neft gəlirlərinin sıçrayışlı artımını təmin edəcək. Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” kimi sənaye məhəllələrində tətbiq olunan 10 illik vergi, gömrük və kommunal güzəştlər yerli və xarici investorlar üçün yüksək rentabellik yaradır. Burada qurulan maşınqayırma, tikinti materialları istehsalı və rəqəmsal texnologiya müəssisələri idxalı əvəzləyən məhsullar buraxmaqla yanaşı, regional ixrac habına çevriləcək. Regionun bərpa olunan enerji potensialı (su, günəş və külək) Azərbaycanın ümumi enerji balansında yaşıl enerjinin payını kəskin artıracaq. İstehsal olunan elektrik enerjisinin daxili tələbatı ödəməklə yanaşı, “Yaşıl Enerji Dəhlizi” vasitəsilə qonşu ölkələrə və Avropaya ixracı qeyri-neft gəlirlərinin yeni bir sütununu təşkil edəcək. Şərqi Zəngəzurun və Qarabağın beynəlxalq tranzit dəhlizlərinə inteqrasiyası bölgədə böyük agro-logistika və karqo mərkəzlərinin yaranmasını təmin edəcək. Bu da nəqliyyat-logistika xidmətlərindən gələn valyuta daxilolmalarını artıracaq. Şuşa, Kəlbəcər, İstisu və Hadrutun böyük turizm və müalicə-sağlamlıq potensialı xidmət sektorunun sıçrayışlı böyüməsinə təkan verəcək. Beynəlxalq turizmin inkişafı ölkəyə əlavə xarici valyuta axınını təmin edən mühüm faktor olacaq.
– Sizcə, qlobal iqlim dəyişikliyi və su resurslarının azalması fonunda Azərbaycanın aqrar sektorda özünü təminetmə səviyyəsini artırmaq üçün hansı yeni iqtisadi modellər tətbiq olunmalıdır?
– Dünyada iqlim dəyişiklikləri, şirin su ehtiyatlarının məhdudlaşması və torpaqların deqradasiyası aqrar sektora ənənəvi ekstensiv yanaşmaların öz dövrünü başa vurduğunu göstərir. Bu gün ərzaq təhlükəsizliyini etibarlı təmin etmək və aqrar sektorda özünütəminetmə səviyyəsini yüksəltmək üçün resursqənaətedici, elmtutumlu və effektiv iqtisadi-texnoloji modellərin tətbiqi həyati zərurətə çevrilib. Torpaq və su resurslarından maksimum səmərəli istifadəni təmin edən “ağıllı” kənd təsərrüfatı texnologiyalarına keçid sürətləndirilməlidir. İsrafçılığa yol açan suvarma üsulundan tamamilə imtina edilərək damlama, çiləmə sistemlərinin tətbiqi genişləndirilməlidir. Aqrar sektorda dövlət dəstəyi mexanizmi köklü şəkildə transformasiya olunmalıdır. Subsidiyalar və güzəştli kreditlər birbaşa suya və resurslara qənaət edən müasir texnologiyaları tətbiq edən, torpağın münbitliyini qoruyan və yüksək məhsuldarlıq nümayiş etdirən fermerlərə yönəldilməlidir. Bu, su qənaətini birbaşa iqtisadi marağa çevirən stimullaşdırıcı model olacaqdır. Azərbaycanda torpaq sahələrinin kiçik və dağınıq olması məhsuldarlığa və maya dəyərinə mənfi təsir edir. Kiçik və orta kəndli təsərrüfatlarının könüllü birləşməsi ilə kooperativlərin yaradılması təşviq edilməlidir. Bu model logistika, saxlama, emal və satış xərclərini kəskin azaldır, kiçik fermerlərin ucuz kredit resurslarına və bazarlara çıxışını təmin edir. Suyun itkisiz idarə olunması üçün su resurslarının uçotu tam rəqəmsallaşdırılmalı, kanallarda və paylayıcı şəbəkələrdə itkilərin qarşısı alınmalıdır. Bununla yanaşı, təmizlənmiş çirkab sularının, kollektor-drenaj sularının və Xəzər dənizinin suyunun təkrar emal olunaraq texniki və suvarma məqsədilə aqrar sektora cəlb edilməsi mexanizmi qurulmalıdır. Fermerlərin iqlim risklərindən qorunması üçün dövlət zəmanətli “yaşıl kreditlər” və sığorta subsidiyaları təsərrüfatların müflisləşməsinin qarşısını alan mühüm maliyyə qalxanı rolunu oynamalıdır. Yerli iqlim şəraitinə, quraqlığa və şorlaşmaya dözümlü yeni bitki sortlarının yetişdirilməsi üçün aqrar elmə qoyulan sərmayələr artırılmalıdır. Yüksək su tələbatı olan bitkilərin əkin sahələri optimallaşdırılmalı, az su tələb edən, lakin yüksək əlavə dəyər yaradan bitkiçilik sahələrinə üstünlük verilməlidir. Bu kompleksi iqtisadi və texnoloji modellərin tətbiqi Azərbaycanın aqrar sektorunu iqlim dəyişikliklərinə qarşı daha dözümlü edəcək, kənd təsərrüfatında məhsuldarlığı dəfələrlə artıracaq və ölkəmizin ərzaq müstəqilliyini uzunmüddətli perspektivdə etibarlı şəkildə qoruyacaqdır.
Akademik Ziyad Səmədzadə






