14 C
Baku
Thursday, May 2, 2024

Qlobal istiləşməyə qarşı mübarizə üsulları

Müəllif :  Kərimov Elşad  ,  London Metropolitan University Msc Economics

2012-ci ildə qlobal istiləşməyə qarşı mübarizə məqsədilə  imzalanmış Kioto protokolunun müddəti başa çatır.

Bu səbəbdən dünya dövlətləri atmosferə atılan karbon qazı həcmlərinin tənzimlənməsi üçün yeni razılaşmanın imzalanmasını lazım bilmiş, bu məqsədlə ötən ilin sonlarında Kopenhagendə BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası iştirakçılarının 15-ci konfransı təşkil edilmişdir. 

Kopenhagendə imzalanmalı olan razılaşmanın əsas məqsədi atmosferə karbon dioksid emissiyasının azaldılmasına nail olmaq idi. Bunun üçün, digər vasitələrlə yanaşı, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə maddi yardımın ayrılması da nəzərdə tutulmuşdu. Qızğın müzakirələr şəraitində keçən konfrans iştirakçı ölkələrin iqtisadi maraqlarını üstün tutması səbəbindən tərəflər qarşısında heç bir hüquqi öhdəliklər qoymayan “dişsiz” sənədin imzalanması ilə başa çatdı.

 Belə  bir şəraitdə ortaya sual çıxır – niyə bəşəriyyət  üçün həyati əhəmiyyətə malik olan iqlim dəyişikliyi ilə mübarizə məsələsində dünya ölkələri razılığa gələ bilmir? Bunun bir neçə səbəbi var. Birincisi, karbon dioksid emissiyasının azaldılması üçün nəzərdə tutulan xərclərin həcmi heç də bütün ölkələr üzrə eyni səviyyədə deyil. Bir sıra ölkələrdə bu xərclər digərlərinə nisbətən çoxluq təşkil edir. Kopenhagendə razılığın əldə edilməməsinin əsas səbəblərindən biri Çin və ABŞ-ın öz iqtisadi maraqlarını ekoloji problemlərdən üstün tutmasıdır. Hal-hazırda həmin ölkələr karbon dioksid emissiyasına görə dünyada ilk yerləri bölüşür. Misal üçün, Avropa Birliyinin ümumi karbon dioksid emissiyasının həcmi dünya üzrə 13,8% təşkil etdiyi halda, Çin üzrə bu rəqəm 21,5%, ABŞ üzrə isə 20,2% təşkil edir. Aydındır ki, emissiyaların azaldılması üzrə birgə razılaşma heç də Çin və ABŞ iqtisadiyyatı üçün sərfəli deyil.

Digər bir problem bütün dünya dövlətləri tərəfindən qəbul edilən, emissiyaların tənzimlənməsi ilə məşğul olan ümümi bir qurumun olmamasıdır. Tarix sübut edir ki, nəzarətsiz və təzyiqsiz bir çox ölkələri ümumi qəbul edilmiş qaydalara riayət etməyə sövq etmək elə də asan məsələ deyil. Məsələn, inkişaf etməkdə olan ölkələrə karbon dioksid emissiyasını azaltmaq üçün ayrılan maddi yardımın xərclənməsinə nəzarət təmin edilmədən, bu vəsaitin məqsədyönlü və səmərəli xərclənməsi sual altında qalır.

Kopenhagen “uğursuzluğuna” baxmayaraq bügun dünyanın bir çox ölkələrində  ətraf mühitin çirklənməsi ilə ciddi mübarızə aparılır. Bu məqsədlə tətbiq olunan üsulları ümumilikdə  iki qrupa bölmək olar – idarəetmə və nəzarət mexanizmləri və iqtisadi stimullaşdırma alətləri. İdarəetmə və nəzarət mexanizmləri istehsal prosesinin bütün mərhələlərində tətbiq edilə bilər. Məsələn istehsal prosesinə minimum texnoloji tələblərin qoyulması və ya emissiya üzərində məhdudiyyətlər yolu ilə çirklənmənin azaldılmasına nail olmaq mümkündür. Bu üsuldan əsasən Skandinaviya ölkələrində istifadə olunur. Bugün Norveçdə istehsal olunan avtomobillərə müəyyən məhdudiyyətlər qoyulur ki, onlara əsasən, həmin avtomobillərin buraxdığı zəhərli qazların miqdarı normanı keçməməlidir. Bunun üçün istehsal zamanı xüsusi texnologiyalardan istifadə edilir.

Digər  üsul – iqtisadi stimullaşdırma alətləri ölkələri emissiyalarını  azaltmağa sövq edir. Bu üsullara karbon vergilərinin və subsidiyaların tətbiq edilməsi daxıldır. Karbon vergilərinin subsidiyalardan əsas fərqi ondadır ki, karbon vergiləri tətbiq olunarkən maddi vəsait firmalardan ölkəyə, subsidiyalarda isə əks istiqamətdə “hərəkət edir”. İkinci halda dövlət tərəfindən firmalara subsidiyalar verilir və əgər hər hansı bir firma ona verilən subsidiyanı yəni emissiya miqdarını istifadə etməyibsə, bunu ehtiyacı olan digər bir firmaya sata və bu yolla gəlirlərini artıra bilər. Ölkə tərəfindən təqdim edilən subsidiyalar iki yolla bölüşdürülür – hərrac və pulsuz bölüşdürmə yolu ilə. Bu gün dünyada geniş istifadə olunan üsul subsidiyaların hərrac vasitəsilə satılmasıdır. Buna səbəb odur ki, Kioto protokoluna əsasən istifadə edilən digər üsullar istənilən nəticəni verməmişdir. Hərrac üsulunun tətbiqi ilə hər firma lazım olan qədər subsidiya alır ki, nəticədə artıqlıq və ya çatışmazlıq yaranmır. Bununla yanaşı, bir çox inkişaf etmiş ölkələrdə normadan artıq zəhərli qazların emissiyası və ya ətraf mühitin çirklənməsi cərimələrin yaranmasına gətirib çıxarır. Məsələn, Almaniyada suyun, Fransada isə havanın çirklənməsinin qarşısının alınması üçün bu kimi cərimələrdən istifadə olunur. İtaliya və Niderland kimi ölkələr də bu üsuldan geniş istifadə edir. Maraqlıdır ki, məhz İtaliya Avropada ən yüksək cərimələrin tətbiq olunduğu ölkə hesab edilir.

Ətraf mühitin çirklənməsi ilə ciddi mübarizə aparan ölkələrdən biri də Böyük Britaniyadır. Baxmayaraq ki, Böyük Britaniyada Çin və ABŞ ilə müqayisədə havaya buraxılan karbon dioksidin miqdarı elə də çox deyil (2%), bununla belə, məsələn ölkə paytaxtı – Londonda havanın təmizliyi heç də ürəkaçan vəziyyətdə deyil. Bunun üçün ölkədə səmərəli tədbirlər görülür ki, bunlardan biri də iqtisadiyyatda kömürdən istifadənin təbii qazdan istifadə ilə əvəz olunmasıdır.

Məlumdur ki, meşələr hava çirklənməsinin qarşısını almaqda mühüm əhəmiyyətə malikdir. Təəssüf ki, inkişaf etməkdə olan bir sıra ölkələrdə kifayət qədər yanacaq ehtiyatlarının olmaması səbəbindən meşələrin kütləvi surətdə qırılması müşahidə olunur. Bir neçə il bundan öncə Azərbaycanda da bununla bağlı vəziyyət ürəkaçan deyildi. Sevindirici haldır ki, bu gün ölkə iqtisadiyyatını və əhalisini ekoloji cəhətdən təmiz yanacaq növləri ilə təmin edilməsi istiqamətində atılan uğurlu addımlarla yanaşı, eyni zamanda meşə sahələrinin genişləndirilməsi, yeni yaşıllıq zonalarının salınması yönündə də ciddi addımlar atılır. Azərbaycan iqtisadiyyatının öncüllərindən olan Dövlət Neft Şirkəti hər il ekoloji dirçəliş layihələrinə böyük həcmdə maddi vəsait ayırır. 2009-cu ildə ARDNŞ ərtaf mühitin qorunması və yaşıllıqların salınması məqsədilə 50 milyon manat vəsait xərcləmişdir. Şirkət rəhbərliyinin açıqlamalarına əsasən, bu il ən azı həmin məbləğdə vəsaitin xərclənməsi nəzərdə tutulub. Ümumilikdə ölkə üzrə ekoloji vəziyyətin sağlamlaşdırılması diqqət mərkəzində olan məsələlərdəndir. Bugünədək görülən işlər, eyni zamanda 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edilməsi bu sahədə fəaliyyətin müsbət nəticələnəcəyindən xəbər verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər