Dünya fond birjalarında səhmlərin xalis satışı 2016-cı ildə 90 mlrd. dollara çatıb. Agentliyin “Financial Times”a istinadən verdiyi xəbərə görə, qlobal səhm fondlarından kapital çıxışı ardıcıl 5-ci həftədir ki, davam edir və son bir həftədə bu məbləğ 7,4 mlrd. dollar təşkil edib. Qlobal investisiya fondlarından kapital çıxışı nəticəsində səhmlərin xalis satışı 2011-ci ildən etibarən ən yüksək məbləğə çatmağa yaxındır. Yaponiya və Avrozonadakı iqtisadi artım tempi ilə bağlı şübhələr və ABŞ şirkətlərinin mənfəətinin azalması səhm bazarından çıxışı dəstəkləyən əsas amil kimi qiymətləndirilir.
Qlobal fond birjalarında açıqlanan şirkətlərin ilk rüb üzrə mənfəət göstəricilərinin azalması qlobal iqtisadi artım proqnozlarının getdikcə pisləşməyə başladığını göstərir. Bu həftə ərzində ABŞ-da aylıq iş yerlərinin sayı və Avropa sənaye istehsalı göstəricisinin neqativ olması investorlarda pessimist əhval-ruhiyyəni artırıb.
İnvestisiya fondlarına vəsait axınlarının monitorinqi ilə məşğul olan EPFR (Emerging Portfolio Fund Research) şirkətinin direktoru Kameron Brandtın sözlərinə görə, Yaponiya və Avrozonada iqtisadi artımı dəstəkləyən qərarlara olan şübhələrin artması, ABŞ və Çində şirkətlərin gəlir marjalarının azalması və inkişaf etməkdə olan ölkələrdə struktur problemlərinin həll edilməməsi son kapital axınlarını dəstəkləyən amillər olub.
Avropa Mərkəzi Bankı (ECB) və Yaponiya Mərkəzi Bankının (BOJ) neqativ faiz dərəcələri tətbiq etməsinin heç bir nəticə verməməsi investorların narahatlığını artırıb.
Report