“Qualcomm” şirkəti “Snapdragon 480 5G” adlı yeni prosessorunu təqdim edib. Bu prosessor 400-cü seriyanın beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən ilk prosessorudur.
Çipdə “Snapdragon X51 5G” modemindən istifadə edilib, “mmWave” və “5G” (6 QHs-dək zolaqda) texnologiyaları, “5G”-nin avtonom və qeyri-avtonom rejimləri, həmçinin müvəqqəti, tezlik bölünməli dupleks dəstəklənir. Bundan başqa, yenilik “Wi-Fi 6”, “Bluetooth 5.1” və simsiz səs imkanlarını dəstəkləyir.
“Snapdragon 480” prosessoru əsasında FHD təsvir ölçüsü və 120 Hs-dək yeniləmə tezlikli ekrana malik smartfonlar hazırlamaq mümkün olacaq. Yeni çip, həmçinin “aptX” səsli kodekini və “Qualcomm Quick Charge 4 ” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.