“Qurban bayramı günlərində kəsilən heyvanların dəriləri Avropa bazarlarına ixrac ediləcək”.
Bunu Qurban bayramı ilə bağlı görülən işlərə dair brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat (AQTA) rəhbəri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, sahibkarlar həmin heyvan dərilərini toplayıb baytarlıq ekspertizasından keçirməklə ixrac edə bilərlər.
“AQTA ilə Avropa İttifaqının (Aİ) müvafiq qurumu arasında aparılan uzunmüddətli danışıqlar, rəsmi yazışmalar nəticəsində Azərbaycandan heyvan dərisinin Aİ-yə ixracına icazə verilib. Bu cür ixrac etmək istəyən şirkətlər varsa, əvvəlcədən AQTA-ya müraciət etsinlər, dövlət qeydiyyatına düşsünlər. Biz bu haqda Aİ-nin səlahiyyətli qurumuna müvafiq məlumatları göndərəcəyik”, – deyə Elxan Mıkayılov qeyd edib.