1 C
Baku
Saturday, December 14, 2024

Qurumun vəsaitlərindən verilmiş kreditlər üzrə girov dəyəri 1,25 mlrd. manatı ötür

1 yanvar 2017-ci il tarixinə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka kreditləri üzrə girov qoyulmuş əmlakın ədalətli bazar qiyməti 1 mlrd. 250 mln. 910,521 min manat təşkil edir. Bu barədə fonddan məlumat verilib.

“2016-cı ilin yekunları üzrə ipoteka kreditləri üzrə girov qismində çıxış edən əmlakın ədalətli bazar qiyməti 2015-ci ilin yekunları üzrə 1 mlrd. 242 mln. 604,342 min manata qarşı 1 mlrd. 250 mln. 910,521 min manat təşkil edir”, – deyə məlumatda qeyd olunur.

1 yanvar 2017-ci il tarixinə Bakı şəhərində verilmiş ipoteka kreditləri üzrə girov qoyulmuş əmlakın ədalətli bazar qiyməti 1 mlrd. 58 mln. 520,75 min manat, Sumqayıt şəhərində 114 mln. 635,211 min manat, Gəncədə 42 mln. 912,918 min manat təşkil edib, qalan məbləğlər digər şəhərlərin payına düşüb.

AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 100 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.

2016-cı ildə AİF-in agent bankları tərəfindən 1,1 mln. manat məbləğində ipoteka krediti verilib.

Son xəbərlər
Digər xəbərlər