7 C
Baku
Sunday, December 15, 2024

Rəhbər fikirlərinizi oğurlayırsa, nə etməli?

Fəxri Ağayev yazır…

Karyera barəsində qərbdə dərc edilən kitablarda əməkdaşlarını inkişaf etdirən, onlara işləmək üçün şərait yaradan şirkətlər haqda yazır və bu ədəbiyyatı oxuyan gənclər həvəsə gəlirlər. Digər tərəfdən, şirkət rəhbərlərinin yazdıqları kitablar da var – bunlarda isə, rəhbər insanlara dəstək olmalıdır, onları həvəsləndirməli və hərkəs içində tərifləməli, uğurlarını ön plana çəkməlidir tərzində məsləhətlər var.

Və real iş həyatını bilməyən bir gəncin beynində rəhbər obrazı canlanır – müdrik, demokratik, insanları önə və irəli çəkən, həvəsləndirən, ideyaları dinəyən, hərkəsdən öncə gəlib, ən son gedən, az qala işçilərinin gecə yatanda belə üstünü yorğanla örtən…

Əslində isə iş həyatının yazılmayan və o qədər də müsbət olmayan qanun və qaydaları var. Məqaləm bu haqdadır.

Peşəkar həyata maraqlı və innovativ ideyalarla və rəhbərin onu dəstəkləyəcəyi inancı ilə başlayan bir gənc tamamilə fərqli bir mənzərə ilə qarşılaşır. Bunlardan biri, rəhbərlərin ideyaları oğurlaması, mənimsəməsi və öz adından bəyan etməsidir.

Bu mövzuda adətən şikayətlər bu tərzdə olur:
• mən ideya verdim – rəhbərim öz adından direktora təqdim etdi;

• layihəni mən bitirdim – sahibkara o təqdim etdi, mən kölgədə qaldım;

• fikir də mənim idi, planın hazırlanması da – mükafatı isə rəhbər aldı və mənim adım belə keçmədi.

Bu işin sadə və doğru adı var – OĞURLUQ. Və bir gəncin beynində canlandırdığı müdrik rəhbərə yaraşmayan bir hərəkət.

Məqalənin mövzusunu klassik bir vəziyyətin misalı ilə göstərim: Gənc bir mütəxəssis rəhbərə işin təkmilləşdirilməsi ilə əlaqəli səmərəli bir təklif verir. İdeya tətbiq edilir və müsbət nəticələr verir. İlk böyük iclasda layihəni rəhbər öz adından təqdim edəndə, onun hər cümləsində gözləyirsiniz ki, indi sizin adınızı çəkəcək, amma təqdimat və müzakirələr bitir, hərkəs rəhbəri tərifləryir, o üzündə qürur hissi ilə yerinə oturur, və siz də yerinizdə pərt halda baş verənlərə inanmırsınız. O anda insanın içində inciklik-küskünlük qarışımı hisslər yaşanır.

Təcrübəsiz insanın iclasdan sonra atacağı ilk addım, bütün iş yoldaşlarına həqiqəti sərt ifadələrlə deməkdir, müdirdən küsmək və işə qarşı həvəsin ölməsidir.

Rəhbər niyə belə davranır? Niyə belə hal baş verir?

Nə edəcəyinizi düşünmədən öncə, rəhbərin bu tərz davranışlarının səbəblərini və bu halların təbiətini anlamaq lazımdır.

Nəzərə almaq lazımdır ki, son üç ilə qədər real biznes və rəqabət ortamı olmayan Azərbaycan iş dünyasında işə götürmə meyarı əsasən “güvəndiyim insan” olub, ki bu da, qohum-əqrəba, dost və tanışlar olub. Heç bir biliyi, savadı, ciddi təcrübəsi olmayan bir rəhbərdə isə ön plana instinktləri çıxır.

• Özünü müdafiə instinkti. Heç bir biliyi və savadı olmayan insan özünü peşəkar baxımdan qorumasız və zəif hiss edir və başa düşür ki, bir gün şirkət sahibi onun yerinə daha aktiv, enerjili, müştərini daha yaxşı başa düşən, daha çox işləməyə razı olan birini təyin edə bilər. Bu ehtimalı aradan qaldırmaq üçün də ətrafında zəif, hər dediyinə “hə” deyən, ona daim məthiyələr oxuyan, ideyalarının oğurlanmasına səs çıxarmayan insanları toplayır;

• Bu tərz idarəçilərə mən matroşka idarəçi deyirəm – hər birindən sonrakı özündən daha kiçik və zəif insanlar olur. Niyə ətrafına güclü insanları toplasın ki? Daim onlarla beyin və bilik yarışımı keçirsin? Niyə özünü bu qədər yorsun? Ən sadə yol onun üçün, ətrafına səssiz-dinməz insanları toplamaq və onların fonunda güclü-qüdrətli görünməkdir. Bir problem olanda isə hər şeyi onların üstünə yıxmaq olar – səssizdirlər axı. Bir neçə il sonra şirkət geriləməyə başlayır – bazar payını itirir, müştərilər rəqiblərə keçir və s. Misal üçün, HR bilir ki, 10 nəfər savadlı və psixoloji baxımdan güclü insanları rəhbərə təqdim etsə, heç biri işə alınmayacaq və müsahibələrin sonunda rəhbərdən narazıçılıq eşidəcək – yaxşı işləmirsən. “yaxşı işləmək” bu şirkətdə HR üçün rəhbərdən daha zəif, deyiləni edənləri işə almaqdır;

• Unutmayın ki, rəhbər özü də karyera edir və hər həftə, hər ay vəzifəsinə layiq olduğunu sübut etməlidir. Sadəcə arada bir kiçik sıxıntı var – o, müxtəlif səbəblərə görə işləmək istəmir. Buna görə də ətrafında, onunla mübahisə etməyən, ona təhlükə olmayan, amma eyni anda ona uğur yazanlar lazımdır;
Bu mövzuya aydınlıq gətirmək üçün bir neçə vacib məqamı qeyd etmək istəyirəm.

• Bu hallar bu gün baş verməyə başlamayıb – tarix boyunca olub, çünki bu davranışların bünövrəsində insan eqosu, komforta meyilli olma və özünü müdafiə instinktləri durur və bu hisslər, insanların mağarada yaşadığı dövrlərdən bu günə qədər var;

• Bu, ANCAQ Azərbaycanda baş vermir. Xaricdə çox işləmişəm, və iş ortamı haqda yaxşı xəbərim var. Avropada da, Amerikada da, böyük şirkətlərdə və korporasiyalarda da bu kimi hallar baş verir. Qərb iş dünyasının Azərbaycan qarşısında üstünlüyü ondadır ki, onlar bir çox mərhələləri keçiblər və bizdən irəlidədirlər. Biz, həm nisbətən cavan iqtisadiyyatıq, həm də biznesin bu gündə bu cür formalaşmasına təsir edən digər amillər də olub;

• Bu, ancaq biznesdə baş vermir. Bəzən oxuyuruq – filankəs professor 200 məqalə yazıb, yeddi kitab müəllifidir. Sizə pərdənin arxasında baş verənləri deyim – bəzi məqalələri o sadəcə təsdiqləyib. Və burada da ön plana sadə alış-veriş mexanizmi çıxır – “məşhur” professor gənc elmi işçiyə qoruma və iş təmin edir, mütəxəssis isə onun üçün məqalə yazır.
Bu tərz rəhbərlər bilirsiniz nələrlə seçilirlər?

• İclaslarda ancaq özləri danışır;

• Bu insanların danışıq tərzi adətən çox ümumi olur və sözlərdə faktlar olmur ki, heç kim səhvləri tuta bilməsin;

• Avtomobil, saat, telefon, geyim tərzi kimi xarici aksesuarlara diqqət edirlər – məzmun güclü olmayanda bəzək ön plana çıxır;

• Ciddi idarəçilərin yanında susurlar – çünki ifşa edilmə təhlükəsi var;

• Bütün mövzularda bəyanatları ilə etdikləri üst-üstə düşmür;

• Böyük vədlər verir və sonda da işçilər arasında bir neçə nəfəri günahkar göstərərək, özü məsuliyyətdən uzaq durur.

Böyük yerli şirkətlərdən birində bir bölgə üzrə rəhbər vardı. İl başlayanda çox böyük və qeyri-real vədlər verirdi – satışlar, müştəri məmnunluğu, marketinq və s. İl sonuna qədər qəhrəman kimi ortalıqda gəzən bu insan, il sonunda böyük illik iclasdan öncə iki-dörd nəfəri işdən çıxarırdı və illik iclasda hədəflərə və planlara çatmama səbəbi olaraq işdən qovulanları göstərirdi və yeni il ilə əlaqəli yeni komandayla yeni böyük rəqəm vədləri verirdi. Şirkət sahibini qohumu olan bu insanın əməllərinə göz yuman şirkət sahibləri, bu gün həmin insanı daha da yüksək vəzifəyə təyin etdi. O bölgədə isə işlər tam çökdü – nə sistem quruldu, nə də təcrübəli insanlar qaldı.

NƏ ETMƏLİ?

Əgər fikirlərinizin oğurlanması mövzusunda haqlısınızsa:

• İlk öncə, ruhdan düşməyin və fikir, ideya, layihə istehsalına davam edin. Sizin beyniniz inkişaf edəcək, və bu şirkətdə olmasa da, növbəti firmada fərqli bir ab-havada faydalı və rasional fikir istehsal edən başınız sayəsində irəli gedəcəksiniz. Bəs rəhbəriniz? O isə, oğurluğa davam edəcək – sizdən sonra gələnlərdən.

• Rəhbər haqda düşüncələrinizi açıq ifadə etməyin. Unutmayın ki, bu tərz rəhbərlər özləri haqda personal içində olan fikirlərə qarşı çox həssasdırlar və sizdən ilk mənfi reaksiyada sizə ciddi problemlər yarada bilərlər.

• Emosional olmayın. Bu tərzdə düşünməyin “fikirlər mənimdir – hara getsəm, uğurlu ola bilərəm” Ehtimal var ki, Siz bu fikirləri məhz elə rəhbərin Sizin üçün təmin etdiyi şərtlərdə və şəraitdə çıxara bilirsiniz. Digər şirkətdə Sizin fikirlərinizi dinləyən belə olmayacaq.

Bəzən isə insan iddialarında özü haqlı olmur. Realist olun!

• İş həyatında qəribə, amma yenə də təsadüflər olur. Siz bir fikri dilə gətirsiniz və xəbəriniz belə olmur ki, bu layihə üzərində artıq 4 aydır şirkətdə işləyənlər var. Və rəhbər bunu elan edərkən, Sizə elə gəlir ki, sizdən eşidib bunu və başlayıblar işə;

• Bəzi işlərin icra edilməsi nə qədər də ilk baxışda bəsit gəlsə də insana, hər şey göründüyü qədər sadə deyil. Bir il ərzində “müştəri xidmətləri şirkətdə mütləq qurulmalıdır” deyən insan üçün müştəri xidmətlərini qurulması çox primitiv və dərhal edilə biləcək bir iş kimi görünsə də, proqram təminatının seçilməsi, əməkdaşların işə alınması və təlimatlandırılması, bu iş üçün büdcənin ayrılması kimi görünməyən işlər var. Bir il sonra şirkətdə müştəri xidmətləri qurulanda, beş nəfər ortalıqda “bu mənim fikrim idi, amma heç kim mənə təşəkkür belə etmədi” tərzdə əfsanələrlə gəzirlər və virtual olaraq şirkətdən küsürlər.

Əlavə məsləhətlərim

• Özünüzü, fikir və düşüncələrinizi realist insan kimi dəyərləndirin;

• “Müştəri xidmətləri qurulmalıdır, marketinq yaxşı olmaldır” kimi ümumi düşüncələrlə karyera qurmaq mümkün deyil;

• Şirkətdə bir mövzu haqda narazıçılıq edirsinizsə, mütləq həlli yollarını da təklif edin ki, daim narazı və mənfi düşüncəli insan obrazında olmayasınız;

• Rəhbərliyə verdiyiniz bütün təklifləri yazıllı şəkildə edin ki, hər ehtimala qarşı sübutunuz olsun;

• Emosional davranmayın və baş verənlərə ilk istədiyiniz reaksiyanı verməyin;

• Fikir həqiqətən də sizindir? Çox gözəl. Bunun ətrafınızda olan insanların bilməsi sizə, eqonuzu təmin etməsindən başqa heç nə qazandırmayacaq, amma sizinlə “səmimi” olan ən yaxın iş yoldaşlarınızdan biri mütləq rəhbərə dediklərinizi kiçik aksesuar əlavələrlə çatdıracaq. Başınızın yaxşı işlədiyinə görə başınız niyə ağrımalıdır ki?

• Bəzi hallarda şirkət əməkdaşının həcmi, şirkəti aşmış olur. Belə halda belə yeni iş axtarmayın – təcrübəli bir neçə İnsan Resursları mütəxəssisi ilə məsləhətləşin. Kənardan özünüz haqda məlumat almaq vərdiş olsun;

• Ən əsası isə budur – iş seçərkən ən vacib amil olan rəhbərin kim və necə insan və rəhbər olduğuna diqqət edin.

Və sonunda da bunu qeyd edim ki, bu tərz yanaşma adətən bulanıq sularda olur, amma vəziyyət durulandıqdan, iqtisadiyyatda şəffaflıq başladıqdan bir müddət sonra artıq bu rəhbərlər işsiz qalacaq, çünki ön plana ümumi sözlər və söhbət yerinə rəqəmlər çıxır.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər