Avropada təxminən 70 iqtisadçının açıq məktubla Avropa Parlamentinin üzvlərini xəbərdar etməsindən sonra rəqəmsal avro mövzusu yenidən siyasi müzakirələrin mərkəzinə qayıdıb. Avropa Mərkəzi Bankının (AMB) təşəbbüsü ilə irəli sürülən bu layihə əslində çox əsaslı bir sualı gündəmə gətirir: gələcəyin rəqəmsal dünyasında pul və ödəniş sistemlərinə kim nəzarət edəcək?
Hazırda rəqəmsal avro mövcud deyil. Bu, Avropa Mərkəzi Bankı tərəfindən hazırlanmaqda olan və ən tez 2029-cu ildə istifadəyə verilə biləcək bir layihədir.
İlk baxışda abstrakt görünə bilsə də, layihə kifayət qədər konkret mahiyyət daşıyır. Rəqəmsal avro birbaşa Avropa Mərkəzi Bankı tərəfindən buraxılan, lakin fiziki formada olmayan yeni bir avro növü olacaq. Yəni kağız əskinaslar və sikkələr kimi mərkəzi bank pulu olacaq, sadəcə rəqəmsal formatda. Bu vəsait smartfon üzərində yerləşən rəqəmsal pul kisəsində saxlanılacaq.
“Biz bu gün bank kartı ilə ödəniş edəndə artıq rəqəmsal puldan istifadə etmirikmi?”
Cavab həm bəli, həm də xeyrdir. Doğrudur, ödənişlər fiziki deyil, elektron şəkildə həyata keçirilir. Lakin istifadə olunan pul fərqlidir. Bank hesablarındakı vəsait kommersiya bankları tərəfindən yaradılır və hər bir ödəniş banklar, kart şəbəkələri və texniki xidmət göstərən özəl qurumlar vasitəsilə həyata keçirilir. Rəqəmsal avro isə bu mexanizmi dəyişəcək: ödənişlər birbaşa mərkəzi bank pulu ilə, vasitəçilər olmadan baş verəcək. Bu, sanki rəqəmsal formada nağd pul verməyə bənzəyəcək.
Nağd pulu əvəz etmir, sadəcə yeni seçim yaradır
Rəqəmsal avronun məqsədi nağd pulu aradan qaldırmaq deyil. O, mövcud ödəniş vasitələrini tamamlayan əlavə bir seçim kimi nəzərdə tutulur. Lakin layihənin bu qədər müzakirə olunmasının əsas səbəbi suverenlik məsələsidir. Çünki hazırkı ödəniş sistemlərində Avropa özünün qeyri-Avropa, əsasən də ABŞ mənşəli şirkətlərdən ciddi asılılığını dərk edib.
Statistika bunu açıq şəkildə göstərir; Avropada kartla edilən hər on ödənişdən yeddisi “Visa” və ya “Mastercard” şəbəkələri üzərindən həyata keçir. “PayPal”, “Apple Pay” və “Google Pay” kimi platformalar da gündəlik istifadədə getdikcə daha çox yer tutur. Uzun müddət bu asılılıq problem kimi qəbul olunmurdu. Lakin dəyişən geosiyasi şərait fonunda risklər daha aydın görünür. Əgər gələcəkdə bu ABŞ texnologiyalarına çıxış məhdudlaşdırılarsa, Avropanın bütün ödəniş sistemi ciddi zərər görə bilər.
Stabil koinlər, dollar və suverenlik: siyasi mübahisənin mərkəzində
Buna əlavə olaraq, stabil koinlərin – əsasən dollara indekslənmiş özəl rəqəmsal valyutaların – sürətlə yayılması da narahatlıq doğurur. ABŞ bu valyutaların inkişafını açıq şəkildə dəstəkləyir və bunu qlobal rəqəmsal maliyyədə dolların üstünlüyünü gücləndirmək üçün bir vasitə kimi görür. Nəticə etibarilə, əgər gələcəkdə ödənişlər dollarla bağlı stabil koinlər vasitəsilə həyata keçirilərsə, avro faktiki olaraq kənarda qala bilər. Bu tendensiyalara cavab olaraq Avropa öz alternativini – rəqəmsal avronu – yaratmağa çalışır. Lakin əsas sual açıq qalır: bu layihə həqiqətən işlək olacaqmı? Məhz bu sual hazırkı debatların mövzusudur. Son müraciətlərində 70 avropalı iqtisadçı rəqəmsal avronun sırf ictimai pul olaraq qalmasını, kommersiya bankları üzərindən paylanmamasını müdafiə edir. Bank sektoru isə depozitlərin banklardan çıxması riskindən ehtiyatlanaraq bu yanaşmaya skeptik yanaşır.
Beləliklə, məsələ son dərəcə həssasdır. Brüssel qarşısında çətin bir vəzifə dayanır: qlobal miqyasda ABŞ həlləri ilə rəqabət apara biləcək etibarlı ictimai rəqəmsal valyuta yaratmaq və eyni zamanda Avropa bank sistemini zəiflətməmək. Təxminən üç ildən sonra, yəni 2029-cu ildə mümkün istifadəyə verilmə perspektivi fonunda bu müzakirələrin daha da kəskinləşəcəyi gözlənilir.





