İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqabət Məcəlləsini ən yeni çağırışlara cavab verən formada hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib.
Bunu Xidmətin rəisi Məmməd Abbasbəyli “Partners and Business” Baku 2022 – yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.
O, Rəqabət Məcəlləsinin bu il ərzində payız sessiyasında Milli Məclisə təqdim olunmasına ümid edir.
Xatırladaq ki, məcəllə qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin, bazarda hökmran mövqe və bu mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb.