8 C
Baku
Sunday, December 1, 2024

Rəqs edən binalar

Zəlzələ yer kürəsinin hər gün uğradığı bir hadisə olsa da, hissediciliyi adətən Rixter ölçüsünə görə 2.5-3 baldan yuxarı olduqda anlaşılır. 1936-ci ildən bəri istifadə olunan, amerikalı seysmoloq Çarlz Rixter və Alman Beno Qutenberq tərəfindən ortaya çıxarılan, Rixter ölçü vahidinin digər adı Lokal maqnitud şkalası (Local Magnitude Scale – ML) adlanır. Əsasən 6.9 baldan yuxarı olan zəlzələlər Rixter ilə ölçülmür. Hətta Turkiyənin Qəndilli rəsədxanası 4 baldan yuxarı zəlzələlər üçün, Moment maqnitud şkalası (Moment magnitude scale – Mw) üsulundan istifadə edir və bu üsulun yetərli olduğunu, başqa üsullara ehtiyac olmadığını bildirir. Moment maqnitud şkalası (Moment magnitude scale – Mw) şkalası 1979 cu ildə Tomas Hanks və Hiroo Kanamori tərəfindən ortaya çıxarılmış və Rixter ölçüsünün yerini almışdır. 06.02.2023 tarixində Turkiyədə baş verən  7 bal gücündən böyük olan zəlzələ ərazisinin sahəsi təxminən İngiltərənin ərazi sahəsinə yaxın böyüklükdədir, vəya Hollandiyanın iki qatından daha böyükdür. Baş verən zəlzələ 130 atom bombasının partlayışı gücündə olduğu hesab edilir.

bəhruz əliyev
Bəhruz Əliyev

Dünyada 7 baldan çox olan zəlzələlər bir ildə təxmini olaraq, 15-20 dəfə baş verir, amma əhatəsinə görə isə təxminən 10 ildən bir 2-4 dəfə baş verir. Zəlzələ üzrə ekspertlər bu məsələnin müxtəlif səbəblərini açıqlayıblar. Mən isə bu hadisədən təsirlənən birisi olaraq, mühəndislərə xas detalçılıq xüsusiyyəti ilə etdiyim araşdırmaları, gələcəkdə bu tipli hadisələrin qarşısının alınması yollarını, tektonik ölkələrdə alınan tədbirlərin işığından yola çıxaraq ətraflı araşdırma etmək qərarına gəldim və istədim ki, yararlı olması ümidi ilə maraqlı olanlarla bölüşüm. Fikrimcə mühəndis  innovativ olmaq üçün çalışmalıdır. İnsan əməyini rahatlaşdıran və sağlamlığına xidmət edən, fəlakətlərdən qoruyan hər bir innovativ yanaşma qiymətlidir. “Mənə aid deyil”, – deyərək, ilkin tədbirlərdən və məlumatlardan uzaqda qalmaq,  gələcək mümkün fəlakətlərə biganəlik hesab etmək olar. Axtardıqda internetdə də tapıla biləcək bəzi məlumatları aşağıdakı kimi qeyd etmək mümkündür. Cədvəldə zəlzələnin meydana gətirə biləcəyi fəsadlar göstərilərək, nə qədər əhəmiyyətli bir məsələ olduğunu xüsusilə vurğulamaq olar.

Ballar Hissedilmə və təsirləri Ton TNT güc pariteti Meydanagəlmə sıxlığı
0-1,9 Xüsusi alətlər ilə ölçmək mümkündür. 0,001–0,7 Gündə təxmini olaraq 8000 dəfə baş verir.
2-2,9 Hərəkətdə olmayan insanlar tərərfindən hiss edilə bilər və ya həssas əşyaların hərəkətə gəlməsindən bilmək mümkündür. 1–22 Gündə təxmini olaraq 1000 dəfə baş verir.
3-3,9 Az sayda insan bunu hiss edə bilər 30–700 İldə təxmini olaraq 49000 dəfə baş verir
4-4,9 Çox sayda insan bunu hiss edir. Asma lampalar və binaların titrəməsi görünür. (1–22)x103
(kiçik çaplı Atom bombası effekti)
İldə təxmini olaraq 6200 dəfə baş verir
5-5,9 Yaralanmalar baş verə bilər. Divarlara çat meydana gələ bilər. Zəif və köhnə binalar ziyan görə bilər. Canlilarda qorxu yarada bilər. (30–700)x103
(orta çaplı Atom bombası effekti)
İldə təxmini olaraq 800 dəfə baş verir
6-6,9 Hərəkət edən avtomobildən də hiss edilə bilər. Ciddi qorxuya və panikaya səbəb ola bilər. Yaralanmlar və ölümlər baş verə bilər. 140-170 km məsafədə tikililər ziyan görə bilər və çökmələr ola bilər. Sahil ərzailərdə sunami təhlükəsi var. (1–22)x106 (büyük çaplı Atom bombası effekti) İldə təxmini olaraq 120 dəfə baş verir
7-7,9 Ciddi qorxuya və panikaya səbəb ola bilər. Torpaqda çatlar əmələ gələ bilər. Yaralanmlar və ölümlər baş verə bilər. Sahil ərazilərində böyük dağıdıcı gücə malik sunami ola bilər. Böyük ərazilərdə ağır dağıntılara səbəb ola bilər. (30–700)x106 (Göydən düşən 100–200 m çaplı Meteor effekti ) İldə təxmini olaraq 18 dəfə baş verir
8-8,9 Yüzlərlə kilometrlik ərazidə böyük dağıntılara səbəb ola bilər. Çoxlu sayda yaralanmalar və ölümlər baş verə bilər. Sahilyanı ərazilərdə sunaminin hündürlüyü 40 metrə çata bilər. (1–22)x109 (Göydən düşən 250–700 m çaplı Meteor effekti ) İldə təxmini olaraq 1 dəfə baş verir
9,0-12 Minlərlə kilometrlik ərazidə böyük dağıntılara səbəb ola bilər. Tektonik plitələrdə sürüşmə və qırılmalar baş verə bilər. Dəniz sahilləri bata vəya təpələr yarana bilər. Çoxlu sayda yaralanma və ölüm baş verə bilər. Təxmini olaraq, 20 ildə 1 dəfə baş verir

 

Bu halda hansı tektonik ölkələr, hansı növ tədbirlər alır və hansı üsullardan istifadə etdikləri barədə suallar ortaya çıxır. Ümumiyyətlə dünyada ən çox zəlzələ baş verən ölkələr sırasına Yaponiya, Türkiyə, Hindistan, İran, Çin, Meksika, Peru, İndoneziya, ABŞ (Kaliforniya, Alyaska və Vaşinqton ştatları), Rusiya və Çili daxildir. Bu ölkələr dünyanın bütün ölkələri arasında zəlzələ hadisələrinin ən çox baş verdiyi ölkələrdir. Zəlzələ intensivliyi zamanla dəyişə bilər. Tektonik ölkələrin ən başında gələn Yaponiya bu kimi hallarla necə mübarizə apardığını öyrənməyə və tətbiq etməyə dəyər. Yaponiyanın zəlzələ hadisəsindən başqa sunami və tropik qasırğaları ilə də üz-üzədir. Keçmiş səhvlərdən öyrənmək bacarığı Yaponiyanı dünyanın zəlzələyə ən hazır ölkəsi edib.

2011-ci ildə Yaponiyada Tohoku  bölgəsində 9.1 bal gücündə zəlzələ oldu. Türkiyədə baş verən zəlzələdən 20 qat daha böyük olan zəlzələdə 121 min bina dağıldı, 1 milyon bina qəzalı vəziyyətə düşdü. Bu zəlzələ səbəbi ilə ölənlərin sayı isə 667 nəfərdir. Sonradan yaranan 41 metrəlik sunami dalğaları isə 14 mindən çox adamın boğularaq ölməsinə səbəb oldu. Zəlzələdə 15 minə yaxın  insan itirən bu ölkə ciddi tədbirləri həyata keçirilməyə başlanıldı. 2020-ci ildə Yaponiya fəlakətlərə qarşı 144.4 milyard dollar büdcə ayırdı. Zəlzələlərdən başqa bu büdcədə sel, qasırğa kimi təbii fəlakətlərə qarşı tədbirlər də nəzərdə tutuldu. Bu büdcə 123 ədəd fəlakət azaltma layihəsi ehtiva etdi. Davamlı olaraq fəlakətə və fəlakət sonrasına hazırlıq görülür. Müəyyən simulyasiyalar ilə ssenarilər test edilir. Risk nöqtələrini aydınlaşdıraraq, tədbirlər görülür.  Yaponiya Dünya Bankı ilə təkcə Yaponiya üçün deyil, bütün inkişaf etməkdə olan ölkələr üçün Disaster Risk Management (Zəlzələ Riskinin İdarə Edilməsi) məsələlərində dəstək verir.

Yaponiyada zəlzələlərin davamlı olmasını nəzərə alaraq, bütün evlər müəyyən dərəcədə sarsıntılara tab gətirə bilir. Binalar qanunla müəyyən edilmiş zəlzələyə davamlılıq standartlarına uyğun tikilir. Tokiodakı binaların təxminən 87 faizinin zəlzələyə davamlı olduğu iddia edilir. Bu uğurlu bir rəqəm sayılır.

Yaponiyadakı hər bir smartfonda zəlzələ və sunami xəbərdarlığı sistemi var. Gözlənilən fəlakətlərdən təxminən 5-10 saniyə əvvəl işə salınan bu sistem istifadəçilərə lazım olduqda tez mövqe tutmaq üçün vaxt vermək məqsədi daşıyır. Yaponiyadakı məktəblər müntəzəm olaraq zəlzələ təlimi keçirir. Bu məşqlərdən bəziləri ayda bir dəfə olur. Kiçik yaşlarından ən yaxşı şəkildə özlərini qorumaq və yaşadıqları ərazidə zəlzələ baş verdikdə təhlükəsiz qalmaq üçün təlim keçirilir. Məsələn, uşaqlar zəlzələ bitənə qədər masaların altına girərək, stolun ayaqlarından yapışmaq refleksi qazanırlar. Əgər onlar çöldə oynayırlarsa, dağıntılardan kənar birbaşa açıq sahəyə getməyi öyrədirlər.

Yaponiyada bəzi məktəblərdə uşaqlar zəlzələ simulyatorlarında zəlzələ ilə tanış olur. Uşaqlara zəlzələ hissi çox kiçik yaşlarından tanıdılır.

Yaponiya qatarların üstünlük təşkil etdiyi ölkədir, bütün qatarlar sərnişinlərin təhlükəsizliyini təmin edir.

Ölkədə hərəkət edən hər bir qatar zəlzələ sensorları ilə təchiz edilmişdir. 2011-ci ildə Yaponiyada 9 bal gücündə zəlzələ baş verəndə 27 qatar hərəkətdə idi. Hər bir qatar böyük zəlzələdən əvvəl dayandı, nəticədə heç bir ölüm və ciddi xəsarət baş vermədi.

Hər bir ailə zəlzələyə hazır olur.  Çox evdə zəlzələdən xilas olmaq üçün dəstlər var. Bu dəstlərə ilk yardım avadanlığı, qablaşdırılmış su, qida, əlcəklər, üz maskaları, məşəl kimi sağ qalma vasitələri daxildir.

Ən təsirli mühəndislik möcüzələrindən biri Tokionun az tanınan su drenaj tunelidir. Bu böyük tunel siklon və sunami kimi təbii fəlakətlər nəticəsində yaranan sel sularını toplayır və Edo çayına təhlükəsiz şəkildə çatdırır. Ərazi zəlzələdən silkələnsə və sunamiyə səbəb yaransa, şəhər istənilən böyük daşqından qorunur. Tikintisi 13 il çəkən və 3 milyard ABŞ dollarına başa gələn, bu yol insan həyatının qurtulmasına xidmət edir. Bu tipli bir çox üsulları hər bir tektonik ölkə öz coğrafi mövqeyinə görə və digər ölkələrin təcrübəsindən istifadə edərək, ortaya qoya bilər. Təbii fəlakətlər adətən bütün insanlığı bir araya gətirə bilən bir hadisədir. Ona görə də heç bir tektonik ölkə digər tektonik ölkələr ilə öz təcrübəsini bölüşməkdən geri çəkilmir.

İndi isə əsas fikri bina tikilişində istifadə olunan üsul və texnologiyalara, yanaşmalara yönləndirmək olar. Başlıca olanları xüsusi qeyd etmək mümkündür.

Yaponiyada bütün evlər zələləyə dözümlü şəkildə inşa edilir. 1980-ci illərdən etibarən bina tikintilərində “seysmik izolyasiya” istifadə olunur. Bu izolyator binanın təməlində istifadə olunan polad və kauçuk təbəqələrdən ibarət xüsusi avadanlıqdır. Apple şirkəti də Silikon Vadisindəki mərkəzi binasında bu izolyasiyalardan istifadə edir. 1995-ci ildə Yaponiyadakı Kobi zəlzələsindən sonra, qanunvericilikdə dəyişiklik oldu. Qəbul olunan Kençikuşi sistemi ilə yeni məzun olmuş mühəndisin məsuliyyəti kiçik taxta evlərlə məhdudlaşırdı. Yaponiyada memar və mühəndislər icbari təhsili başa çatdıqdan sonra imtahan verərək təsdiqlənirlər. Kençikuşi sistemində müəyyən edilmiş eksperti işə götürən qurumlar tikintiyə də nəzarət etməyə borcludur. Lisenziyalı memar və mühəndislər 10 il ərzində bina qüsurlarına görə məsuliyyət daşıyırlar. Hətta təxminlərə görə 2030 da Tokioda ehtimal olunan 9 bal gücündə zəlzələdə itkiləri 30 faiz azalda biləcəklər. Plana əsasən, toplaşma mərkəzlərində Wi-Fi nöqtələrinin yaradılması da nəzərdə tutulub. Fəlakət zamanı yerli səviyyədə rəhbərlik edə biləcək insanların hazırlanması da nəzərdə tutulub.

Yaxşı olardı ki, hündür mərtəbəli binaların tikilişində aşağıda görsənən metodlardan biri istifadə olunsun.

2

Bu seçimlər arasında ən risksiz və eyni zamanda bahalı olan versiya izolyasiya sistemidir. İzolyasiya sistemi zəlzələ anında yer ilə binanın birbaşa təmasını kəsdiyi üçün, 7-8 bal gücündə olan zəlzələ binada demək olar ki, 3-3.5 baldan yüksək hiss edilmir. İnsanlara və onların  mülklərinə ciddi heç bir ziyan dəymir. İzalyatorlar binanın tikiliş maliyyətini qaldırsa da, etibarlılıq və dünyada ən qiymətli olan insan həyatından vacib olmadığı üçün əhəmiyyətlidir. İzolyasıyanın bəzi texniki detallarını da göstərərək, sistemin necə işlədiyinə diqqət çəkmək olar.

3

Şəkil-1: Seysmik izolyatorun daxili quruluşu.

5

Şəkil-2: İzolyatorun binanın təməlindəki real görüntüsü.

7

Şəkil-3: Zəlzələ anında izolyatorlu bina ilə izolyatorsuz binanın fərqi.

İşlərin düzgün, vicdanla və məsuliyyətlə görülməsi, müasir innovativ yanaşmaların tətbiq edilməsi hər bir peşəkar iş görmək istəyən mühəndisin, işçinin məqsədi olmalıdır. Bir gün məsuliyyətsizliklə tikilən binalarda həyatın bumeranqı ilə qarşılaşacağımız istisna deyil. Yaponiyada “Rəqs edən binalar” hansı məsuliyyətin məhsulu olduğu yəqın ki, hamımıza aydındır. “Rəqs edən binalar”-ın hər bir tektonik bölgədə və hətta hündür mərtəbəli bütün binalarda olması arzuolunandır.

Bəhruz Əliyev, informasiya texnologiyaları üzrə mühəndis-ekspert

 

Son xəbərlər
Digər xəbərlər