Əsas kapitala yönəldilmiş vəsaitin həcmində azalma olub.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinin 2017-ci ilin yanvar-iyul aylarına olan statistikasına istinadən xəbər verir.
Qeyd olunan dövr ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8728,8 milyon manat və ya əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 0,3 faiz az vəsait yönəldilib. Vəsaitin 5395,0 milyon manatı neft sektoruna, 3333,8 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 79,2 faizi məhsul istehsalı obyektlərinin, 15,6 faizi xidmət sahələri üzrə obyektlərin, 5,2 faizi isə ümumi sahəsi 973,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39,5 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 71,6 faiz, bank kreditləri 10,6 faiz, büdcə vəsaitləri 11,5 faiz, əhalinin şəxsi vəsaitləri 4,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,4 faiz, sair vəsaitlər isə 0,5 faiz təşkil etmişdir.
2017-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 2136 şagird yerlik 4 ümumtəhsil məktəb binası, 224 yerlik məktəbəqədər təhsil müəssisəsi, Bakı şəhərində Bakı Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Saatlı rayonunda 110/35/10 kilovoltluq “Sarıcalar” elektrik yarımstansiyası və s. obyektlər istifadəyə verilmişdir.