Ölkədə bank sferasında tanınan sima Aydın Hüseynov “Rabitəbank” ASC-nin Müşahidə Şurasına üzv seçilib.
Banker.az bu barədə bankın rəsmi internet səhifəsinə istinadən xəbər verir.
A.Hüseynova qədər bu vəzifədə Rəşad Abasov idi. O, cari ilin dekabrında vəzifəsindən istefa verib.
Aydın Hüseynovun “Rabitəbank”da təcrübəsi var. O, 2014-2017-ci illər ərzində adıçəkilən bankda sədrin müavini kimi çalışıb. Sonradan “Rabitəbank”dan ayrılaraq “AFB Bank”a sədrin birinci müavini kimi getmişdi. “AFB Bank”ın o vaxtki sədri vəzifəsini tərk etdiyi üçün 2018-ci ilin mayından 2019-cu ilin noyabrına qədər sədrin vəzifəsini icra etməyə başlamışdı. Lakin, yeni sədirdən sonra A.Hüseynov bankı tərk etdi.
2020-ci ilin iyul ayından isə “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına üzv seçildi. O, həmçinin bankın ana şirkəti sayılan “Azersun Holding”də Müşahidə Şurası sədrinin bank və sığorta məsələləri üzrə müşaviri kimi də çalışmışdır. Üç ayın tamamında isə “Azersun Holdinq” və “ASB Bank”dan ayrılıb. Beləliklə o, yenidən “Rabitəbank”a qayıdıb.
Aydın Hüseynov 1996-2000-ci illərdə Türkiyə Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.
Aydın Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından “Yapı Kredi Bank” QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə “TuranBank” ASC-də Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.