Rusiyada ABŞ dollarının məzənnəsi tədricən 60 rubla qədər yüksələ bilər.
Rusiya mətbuatına istinadən, bu proqnozla Avstriyanın “Raiffeisen Bank”ının ekspertləri çıxış edib.
Onların sözlərinə görə, Rusiyada dolların qiyməti ilə dünya bazarında neftin qiyməti arasında korrelasiya artıq mövcud deyil: “Martın əvvəlindən neft önəmli dərəcədə bahalaşsa da, Rusiyada dolların məzənnəsi 56,4 – 57,6 rubl olaraq qalıb. Yerli şirkətlərin martın 26-da başa çatmış büdcəyə vergi ödənişi dövrü də dolları ucuzlaşdırmayıb”.
Belə bir fikir formalaşıb ki, şirkətlərin dollar təklifi əhalinin dollara tələbi ilə kompensasiya olub. Rusiya Bankının (Mərkəzi Bank) mütəxəssisləri bildirib ki, bu ay cari əməliyyat balansının 5,4 mlrd. dollarlıq profisiti Maliyyə Nazirliyinin dollar alışlarını xeyli üstələyib.
“Raiffeisen Bank” bu qənaətdədir ki, rublla dövriyyəyə buraxılan vəsaitlərin faizi aşağı olduğundan tədricən Rusiyada dollara tələbat artacaq və RUB/USD nisbəti 60-a çatacaq.