Təhsil Nazirliyi rayon və şəhər təhsil şöbələrinin ləğv edilərək onların bazasında regional təhsil idarələrinin yaradılmasına başlanılması ilə bağlı məlumatlara münasibət bildirib.
Banker.az bildirir ki, Nazirlikdən mənbənin* sorğusuna cavab olaraq məlumatı nə təsdiq, nə də inkar etməyiblər.
“Təhsil Nazirliyində bununla bağlı hər hansı məlumat yoxdur”, nazirlikdən qeyd olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2014-cü il iyulun 24-də imzaladığı sərəncama əsasən, rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalıdır. Sərəncamda regional təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılmasına göstəriş verilib. Lakin indiyədək bu reallaşmayıb.
Bu müddətdə Təhsil Nazirliyi sistemində strukturunun yenilənməsi baxımından dəyişiklik yalnız ərazi maliyyə hesablaşma mərkəzlərinin yaradılmasından ibarət olub. 2016-cı ildən şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları ərazi maliyyə hesablaşma mərkəzlərinin tabeliyinə verilib və şəhərlər, rayonlar üzrə təhsil xərclərinin bu mərkəzlər vasitəsilə həyata keçirilməsinə başlanıb.
©Report