“Regional” Bank Olmayan Kredit Təşkilatı MMC 2026-cı ilin ilk yarısını 80,7 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,7% azdır.
Banker.az bunu BOKT-nin audit olunmamış maliyyə hesabatına istinadən xəbər verir.
Bununla yanaşı, cəmi gəlirlər 42,5% artaraq 850,9 min manata yüksəlsə də, qeyri-faiz xərclərinin 37,9%, əməkhaqqı və ona bərabər tutulan xərclərin isə 24,8% artması mənfəətə mənfi təsir göstərib.
Hesabat dövründə xalis faiz gəlirləri 52% artaraq 622,6 min manata, qeyri-faiz gəlirləri isə 115,0% artaraq 228,3 min manata çatıb. Faiz gəlirləri 29,1% artaraq 989,6 min manat, faiz xərcləri isə 31,9% artaraq 367 min manat olub. Nəticədə ümumi gəlirlər 42,5% artımla 850,9 min manata, ümumi qeyri-faiz xərcləri isə 37,9% artaraq 602,5 min manata yüksəlib.
2026-cı il iyunun 30-na “Regional” BOKT-un cəmi aktivləri 6,83 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 30,3% çoxdur. Ümumi kredit portfeli 26,6% artaraq 5,96 milyon manata, xalis kredit portfeli isə 22,8% artaraq 5,7 milyon manata çatıb. Xalis kredit portfeli aktivlərin 83,4%-ni təşkil edib.
Hesabat dövrünün sonuna BOKT-un cəmi öhdəlikləri 5,03 milyon manat olub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,9% artıb. Cəmi kapital 45,7% artaraq 1,8 milyon manata yüksəlib. Bölüşdürülməmiş mənfəət 47,1% artaraq 198,6 min manat olub.
Qeyd edək ki, BOKT-nin informasiya sistemləri yenilənib, dövlət qurumları ilə elektron inteqrasiya həyata keçirilib, idarəetmə modeli İdarə Heyəti formatına keçirilib, əməkdaşların sayı isə 59% artaraq 46 nəfərə çatıb.
Emitentin nizamnamə kapitalında 5% və daha artıq həcmdə səsli səhmlərinə (paylarına) malik olan şəxslər Tağıyeva Nigar Sabir qızı (8667 pay, 54,2%), Bəhrəmov Nahid Oktay oğlu (3667 pay, 22,9%) və Əliyev Əli Hüseyn oğludur (3667 pay, 22,9%).






