26 C
Baku
Friday, April 19, 2024

Rekruter kimdir və nəyi bilmək vacibdir

Rekruter, ən yaxşı namizədləri komandaya cəlb etmək və işə qəbul üçün məsul olan şirkət işçisidir. Əlaqələr yaratmaq, namizədlər haqqında məlumat bazası yaratmaq, tərəfdaşlarla əlaqələr qurmaq məqsədilə rekruter həm gənclərin nümayəndələri, həm də yüksək ixtisaslı mütəxəssislərlə görüşlər keçirir. Beləliklə, rekruter şirkəti müxtəlif səviyyələrdə və platformalarda təmsil edir.

Mehdiyeva Seyda

Süni intellekt və elektron platformaların işə qəbul prosesini azaltmaq və sadələşdirmək qabiliyyətinə malik olmasına baxmayaraq, bir insanın və bu halda işəgötürənin müəyyən bacarıqları hələ tam dəyişdirilə/əvəz oluna bilməz. Demək olar ki, bütün şirkət və təşkilatlarda işə qəbul edən şəxslər var-rekruterlar.

Rekruter  və şirkətin reputasiyası

Müasir dünyada şirkətin reputasiyasının və imicinin möhkəmləndirilməsində və qorunub saxlanmasında recruiter vəzifəsində çalışan insanlar xüsusi rol oynayır. Burada şirkətin tam ştatlı işçiləri olan daxili rekruterlar nəzərdə tutulur.

Kənardan nəzər salanda çoxları şirkətin simasını qurumun sədri, ictimaiyyətlə əlaqələr və ya maliyyə departamentinin direktoru ilə əlaqələndirir. Bəli, sözsüz ki, bunların hamısı şirkətin rəhbər şəxsləridir.  Eyni zamanda rekruter da şirkətin fəaliyyətində önəmli rolu olan bir vəzifədir.

İşə qəbula müraciət edən insanlarla ilk əlaqəni quran məhz rekruterlər olur. Rekruterla həmçinin onlayn və telefonla əlaqə yaradıla bilər. Beləliklə namizədlərlə müsahibələr və bütün əlaqələr məhz rekruter tərəfindən həyata keçirilir. Ümümiyətlə istedadların işə cəlb olunmasında və şirkətin müvafiq imicinin saxlanmasında rekruterin rolu çox önəmlidir.

Hər bir vakansiyanın konkret meyarları var və təbii ki, işə qəbul prosesində bu meyarlara uyğun olmayan namizədlər iş təklifi ala bilmirlər. Lakin, rekruter tərəfindən namizədlərdə peşəkarlıqla aparılan müsahibələr onlarda şirkət haqqında yaxşı təəssürat yarada bilir.

Bu baxımdan, HR (İnsan Resursları) direktoru tərəfindən rekruter vəzifəsinə namizədin tələblərə uyğun potensialının nəzərə alınması vacibdir.

Təcrübəli rekruterdan tələb olunan iş keyfiyyətləri aşağıdakı kimi ola bilər.

Müsahibə zamanı namizədlərlə ünsiyyət

Rekruterın namizədlərlə müsahibə zamanı ünsiyyət qurması və şirkət haqqında verdiyi məlumatlar onlarda xoş və müsbət təəsürat yaradır. Belə ki, hər bir naməzədə olan belə münasibət yaddaşlarında uzun müddət qalır.

Rekruterın standart suallar toplusundan istifadə etməsinə baxmayaraq hər bir namizədlə aparılan müsahibə tamamilə fərqlidir. Bütün namizədlərin suallara öz cavabları, xarakterləri və fikirləri var.  Burada təcrübəli rekruterın keyfiyyətləri psixoloji bacarıq və müdrikliyi ehtiva etməlidir. Müsahibə zamanı rekruterın vəzifəsi dostluq, qarşılıqlı hörmət və etimad mühitində namizədlərə bilik və bacarıqlarını üzə çıxarmaq üçün imkan yaratmaq və onlara kömək etməkdir. Təcrübəli rekruter namizədi suallarla çaşdırmayaraq müsahibənin müsbət keçməsi üçün optimal şərait yaratmalıdır. Bütün bunlar rekrutera əsas məqsədin çatmaq – ən yaxşı namizədi müəyyən etməyə nail olmağa kömək edir.

Əsas bilik                                                                                                                       

Rekruterın vəzifəsi yalnız şirkətdə namizadlərlə apardığı  görüşlərlə məhdudlaşmır. O, həmçinin əmək yarmarkalarında, karyera sərqilərində, universitetlərdə və diqər təhsil müəssisələrində bir çox istedadlı və maraqlanan gənclərlə tanış olur. Həmin gənclər rekruterın onların gələcək karyeralarının asılı ola biləcəyi şirkətin nümayəndəsi kimi qəbul edirlər.

Rekruter həmçinin uzun illər təcrübəsi olan mütəxəssislərlə görüşlər keçirir.

Həm gənclər, həm də təcrübəli kadrlarla işləmək üçün rekruter aşağıda qeyd olunan tələblərə uyğun olmalıdır:

  1. Xarici dil bilikləri
  2. Əmək qanunvericiliyinə dair əsas biliklər
  3. Bazar/sənaye bilikləri
  4. Şirkətin kadrların inkişafı strategiyası haqqında biliklər
  5. Şirkətin gələcək planlarından xəbərdar olması
  6. Korporativ mədəniyyəti daha dərindən dərk edilməsi

İş təsvirləri

Rekruterın əsas vəzifələri işə qəbul ilə məhdudlaşmır. İşə qəbul, bildiyimiz kimi, aşağıdakı funksiyaları ehtiva edir

  1. Müsahibələrə hazırlıq və onların təşkili.
  2. Sınaq zamanı elektron ixtisaslaşdırılmış kompüter proqramlarından istifadə.
  3. Rəhbərliyə namizədlər haqqında tövsiyələr vermək və ən uyğun namizədin seçilməsi.
  4. İş təklifinin hazırlanması və təqdim edilməsi.
  5. Müsahibənin nəticələri barədə namizədlərin vaxtında məlumatlandırılması (elektron bildiriş).

Aşağıdakı funksiyaların hamısı Rekruterın üzərinə düşən əlavə vəzifələrdir:

  1. Kadrların axtarışı üçün resursların müəyyən edilməsi. Bunlar internet resursları, əmək yarmarkaları, Universitetlərdə görüşlər, namizədlərin mövcud məlumat bazasından istifadə və s. ola bilər.
  2. Elektron platforma əsasında namizədlərin məlumat bazasının yaradılması və məlumatların mütəmadi olaraq yenilənməsi.
  3. Vakant yerlər haqqında məlumatların tərtibi və yerləşdirilməsi (Elana daxil olan məlumatlar vakansiya bağlanana qədər dəyişməməlidir. Əks halda elanın qeyri peşəkarcasına vaxtından əvvəl yerləşdirildiyi hesab oluna bilər).

4.Şirkətin işə qəbul planı və strategiyasına uyğun olaraq vakant yerlərin doldurulması planının tərtib edilməsi.

Şəxsi keyfiyyətlər

 Texniki keyfiyyətlərə əlavə olaraq, təcrübəli rekruter aşağıdakı şəxsi keyfiyyətlərə malik olmalıdır:

  • Ətraflı düşünmək bacarığı
  • Maraq (Standart suallardan uzaqlaşmaq, namizədlərin rəy və cavabları əsasında sual vermək bacarığı)
  • Davamlılıq (Namizədləri tapmaqda çətinliklər olarsa, lazımi mənbələri və resursları axtarmağa davam edin)
  • İnsanlara müsbət münasibət
  • Yaxşı çatdırılmış nitq (Namizədlə müsahibənin effektiv olması üçün çox sürətli və çox yavaş olmayan, aydın şəkildə fikirlərini ifadə etmək bacarığı).
  • Psixoloji sabitlik (Rekruter şəxs tez-tez stresli vəziyyətlərlə üzləşir və psixoloji tarazlığı qoruya bilmək çox vacibdir).

Lazımi texniki və şəxsi  keyfiyyətlərə malik olan rekruter, şübhəsiz ki, şirkətin reputasiyasını və imicini yaradır və saxlayır, korporativ mədəniyyət nümayiş etdirir və komandaya istedadlı və ən uyğun namizədləri cəlb etmək üçün əlverişli şərait yaradır.

Məqalənin müəllifi –  Mehdiyeva Şeyda.

Norvecin Equinor və Malayziyanın PETRONAS Dövlət Neft və Qaz Şirkəti kimi tanınmış beynəlxalq neft və qaz şirkətlərində 25 illik təcrübəyə malikdir. O cümlədən HR (İnsan Resursları) sahəsində rəhbər vəzifələrdə 13 illik təcrübə.

Son xəbərlər
Digər xəbərlər