Amerikalı repçi və sahibkar Şon Karter (və ya Jay-Z) “Armand de Brignac” şampan markasının 50%-ni LVMH holdinqinə satıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Verilən məlumata görə, tərəflər razılaşmanın maliyyə təfərrüatlarını açıqlamaqdan imtina edib.
Qeyd edildiyi kimi, səhmlər “Moët Hennessy” konqlomeratının bölmələrindən birinə satılıb. Karter CNBC kanalına razılaşma haqqında danışıqların 2019-cu ildən bəri getdiyini bildirib. “Moët Hennessy”nin baş direktoru Filipp Şaus isə “Armand de Brignac” brendinin şampan kateqoriyasına yeni istehlakçıları cəlb etməyi bacardığını qeyd edib.
“Uğurlu olan markaya gətirə biləcəyimiz bir şey var idisə, o da beynəlxalq distribyutor şəbəkəsidir”, – deyə Filipp Şaus söyləyib.
Xatırladaq ki, Şon Karter “Armand de Brignac” markasındakı payını 2006-cı ildə əldə etmişdir. Həmin ərəfədə repçi “Cristal” sahibləri ilə qalmaqalı olmuşdur (o, mahnılarında bu markanı reklam etmişdir). Səkkiz il sonra sahibkar və musiqiçi “Armand de Brignac”ın yeganə sahibi olmuşdur.
Koronavirus pandemiyası fonunda tətbiq edilən məhdudiyyətlər səbəbindən şampan satışları kəskin aşağı düşüb. “Comite Interprofessionnel du vin de Champagne” assosiasiyasının statistikasına görə, 2020-ci ildə şampan satışları 18% və ya 1.2 milyard dollar azalıb.
Qeyd edək ki, LVMH konqlomeratına həmçinin digər şampan brendləri məxsusdur. Onlar sırasında “Dom Perignon” və “Veuve Clicquot” markaları var. 2020-ci ildə holdinqin şampan satışları 19% azalıb.