İran və ABŞ Fars körfəzində hərbi əməliyyatları dayandırmaq və memorandumun bütün bəndləri üzrə danışıqları bərpa etmək barədə razılığa gəlib. Bu barədə “Reuters” agentliyi amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, danışıqların çərşənbə axşamı Qatarda bərpa olunması gözlənilir. Məsləhətləşmələrin yenidən başlanacağı barədə daha əvvəl Axios da məlumat vermişdi. “Reuters”in mənbəsi hazırda mülki gəmilərin sərbəst hərəkət edə bildiyini də bildirib.
ABŞ Hörmüz boğazında tankerin hücumuna cavab olaraq İran ərazisinə zərbələr endirmişdi. Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndəki Amerika obyektlərinə qarşı raketlər və pilotsuz uçuş aparatlarından istifadə etmişdi.
Daha sonra İran nümayəndəsi bazar gününə planlaşdırılan ABŞ ilə texniki danışıqların ləğv edildiyini açıqlamışdı.







