Reuters agentliyi dəniz təhlükəsizliyi sahəsindəki mənbələrə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bayrağı altında neft daşıyan tanker Hörmüz boğazı yaxınlığında mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan başqa bir gəmi ilə toqquşub.
Məlumata görə, insident Oman sahilləri yaxınlığında baş verib. Neft daşıyan tanker zədələnib.
Agentlik qeyd edib ki, hadisə ilə bağlı şərh almaq üçün Səudiyyə Ərəbistanının rəsmi nümayəndələri ilə əlaqə saxlamaq mümkün olmayıb.
İyulun 7-də Oman sahilləri yaxınlığında cənub istiqamətində hərəkət edən tankerin sol bortuna naməlum mərmi dəyib. Nəticədə gəmidə yanğın baş verib. Hadisə Omanın Lima şəhərindən 8 dəniz mili (14,8 km) şərqdə qeydə alınıb. Xəsarət alanlar və ya ətraf mühitə ziyan dəyməsi barədə məlumat verilməyib.







