9 C
Baku
Friday, December 13, 2024

Robot portye hoteldə qonaqlara xidmət edəcək

Çinin “Alibaba” internet nəhəngi süni intellekt texnologiyalarından istifadə edən və hotellərdə iş üçün nəzərdə tutulan yeni təkərli robot təqdim edib.

“Popmech” resursuna istinadən, plana görə, yeni robotdan istifadə edən servis belə fəaliyyət göstərəcək: hotel qonaqları otaqlarda quraşdırılan “ağıllı” “Tmall Genie” kolonkaları vasitəsilə sifariş (məsələn, yemək) verə biləcəklər. Sifarişi alan alümin korpuslu və boyu təxminən 1 metr təşkil edən robot hotelin servis işçisindən və ya xüsusi paylayıcı sistemdən lazımi ərzağı götürərək təyinatı üzrə çatdıracaq.

Məlumata görə, robot yolda müxtəlif maneələrin müəyyənləşdirilməsi və dəf edilməsi üçün quraşdırılmış hotel layihəsindən, eləcə də lazer və radar ötürücülərindən istifadə edəcək. Beləliklə, qurğu saniyədə maksimal 1 metr sürətlə sifarişçinin otağına doğru hərəkət edəcək. Robot, həmçinin xüsusi lazerlərin köməyi ilə işarələri döşəməyə proyeksiya edəcək: göstəricilər insanlara qurğunun hansı istiqamətdə hərəkət etməsi barədə məlumat verəcək. Bundan əlavə, robot “Wi-Fi” vasitəsilə lift çağıracaq və lazımi mərtəbəni seçəcək.

Bildirilir ki, sifarişi çatdırmazdan əvvəl robot “Tmall Genie” vasitəsilə qonaqlara xəbər verəcək, daha sonra isə sifətin tanınması sisteminin köməyi ilə sifarişçinin şəxsiyyətini yoxlayacaq. Bundan sonra xüsusi bölməni açan robot qonaqlara sifariş edilən məhsulu götürməyə imkan verəcək.

Şirkət tərəfindən robot portyenin sınaqları oktyabrda gözlənilir. Testlər uğurla başa çatacağı təqdirdə robotu ofis, xəstəxana və restoranlarda da tətbiq etmək mümkün olacaq.

Son xəbərlər
Digər xəbərlər