İl ərzində ABŞ dollarına nisbətən 22% bahalaşan Rusiya rublu dünya valyutaları arasında ən yaxşı dinamika nümayiş etdirib.
“APA” xəbər verir ki, rublun sürətlə bahalaşmasına iki əsas amil təsir edib: neft qiymətlərinin artması və Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanması.
Yanvarda ciddi şəkildə ucuzlaşan rublun dollara nisbətən məzənnəsi ilin böyük hissəsini neft qiymətlərinin dinamikasını izləyib.
Maraqlıdır ki, D. Trampın seçkilərdəki qələbəsindən sonra investorların əksəriyyəti Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılacağına inanır. Bu, rublda olan aktivlərə tələbatı kəskin artırıb. “Emerging Portfolio Fund Research” təşkilatının təqdim etdiyi rəqəmlərə əsasən, ABŞ-dakı seçkilərdən sonra 6 həftə ərzində investorlar Rusiya səhmlərinə 1,3 mlrd. dollar yatırıb. Bundan sonra rubl inkişaf etməkdə olan ölkələr arasında yeganə bahalaşan valyuta olub.