“Azərbaycanın bank sektorunda likvidlik problemi yoxdur, bu göstərici 70%-in üzərindədir”. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
“Lisenziyası ləğv olunmuş bankların əmanətçiləri əmanətlərini banklardan götürə bilərlər. Bank sektorunda likvidlik problemi yoxdur, bu göstərici 70%-in üzərindədir. Ləğvetmə prosesində olan bankların əmanətlərindən danışsaq, biz Əmanətlərin Sığortalanması Fonduna təkid edirik ki, proseslər olduqca şəffaf keçsin, ictimaiyyətə bütün məlumatlar aktiv şəkildə verilsin. Əslində Fond ictimaiyyəti bütün prosedurlar barədə vaxtında məlumatlandırır. Ləğvetmə prosesi hüquqi prosesdir və müəyyən hüquqi ardıcıllıqlar gözlənilməlidir. Bankın lisenziyası ləğv olunduqdan sonra kreditorların siyahısı tərtib olunmalıdır. Bundan sonra ödənişin ardıcıllığı qanunvericiliyə uyğun şəkildə müəyyən olunur. Ləğv olunan bankların aktivləri dəyərləndirilir.
Aktivlərlə ödənişlərin müddəti arasında uyğunsuzluq olur. Məsələn, depozit 1 illikdir, kredit 3 illik. Kreditə də deyə bilmirsən ki, sabah qaytar, depoziti da bir neçə il ləngidə bilmirsən. Beləliklə, aktivlər likvidator dəyəri ilə qiymətləndirilir. Başqa sözlə, 5 illik kreditin 1 ilə necə satılmasının yolları axtarılır. Gördüyünüz kimi, bu proseslərin hamısı xeyli vaxt və zəhmət tələb edir. 11 bankın 1-ini (“Parabank” ASC – red.) biz artıq bank olmayan kredit təşkilatına çeviririk. Bir bank üzrə proses uzanır və yəqin ki, tamamlanacaq. Yerdə qalan 9 bank üzrə kreditorların siyahısı müəyyən olunaraq məhkəməyə göndərilir. Məhkəmə isə öhdəliklərin həcmini təsdiq etməlidir. Məsələn, “Bank Standard” QSC-də mübahisələndirilən əmanətlər var. Bəziləri əmanətçilər iddia qaldırır ki, əmanət üzrə faiz dərəcəsi 10% deyil, 12%-dir. Buna bənzər texniki hallar var. Məhkəmə bunları araşdırıb, yekun məbləği təsdiqləməlidir. Təkcə “Bank Standard” QSC-də 260 min əmanətçi var idi.
Digər banklarda da təxminən 100 minədək əmanətçi olub. Təxminən söhbət 350 min əmanətçidən gedir. Məhkəmə bunların hamısını araşdırır. Yəni bu məsələyə 1 zənbildə baxılmır. Bundan sonra məhkəmədə bankların aktivlərinə baxılır və ləğv onun ləğvetmə planını hazırlayır. Aktivlər müstəqil qiymətləndiricilər tərəfindən qiymətləndirilir və biz onların adını ictimaiyyətə açıqlamışıq. Öhdəliklərə dair qanunvericiliyin tələbi yoxdur. Əslində biz bu məsələni masanın altından üstünə çıxardıq, məqsədimiz isə şəffaflıqdır. Biz kreditorlar komitəsinin yaradılması təşəbbüsü ilə çıxış etdik və bu komitələr artıq yaranıb. Öhdəliklərlə bağlı məsələnin həll olunması üçün isə müstəqil hüquq şirkəti cəlb etdik ki, sadə vətəndaşların beynində “tənzimləyici, tutalım, öz qohumunu qabağa saldı” tipli fikir yaranmasın. Şirkət öz təhlilini apardıqdan sonra məhkəmə ləğvetmə planını təsdiqləyir. Ləğvedici artıq planı təqdim edib. Bizim gözləntilərimiz ondan ibarətdir ki, ləğvetmə planı mart ayından bir-bir təsdiqlənəcək”, – deyə R. Aslanlı bildirib.