Rusiya hökuməti “Sberbank” ın səhmlərini Mərkəzi Bankdan satın alıb. Qeyd edək ki, tənzimləyicinin payı 50% üstəgəl bir təşkil etmişdir.
Sövdələşmənin dəyəri 2,14 trilyon rubl və ya hər səhm üçün 189,44 rubl təşkil edib. Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir ki, bu, Moskva birjasında 2020-ci il 9 mart – 7 aprel tarixlərindəki səhmlərin ortaçəkili qiymətdir.
Qeyd edildiyi kimi, Moskva birjasında “Sberbank” ın səhmləri 0,96% ucuzlaşaraq 201,66 rubl səviyyəsinə düşüb. Sövdələşmənin dəyəri 2,5 trilyon rubldan yüksək qiymətləndirilib.
Maliyyə Nazirliyi və Mərkəzi Bank tənzimləyicinin “Sberbank” dakı payını 2020-ci ilin fevralında hökumətə satmasına dair yeni qanun layihəsi hazırladılar. Nazirliyin verdiyi məlumata görə, Mərkəzi Bank özündə iki rolu birləşdirdiyinə (tənzimləyici və səhmdar) görə maraqların toqquşması yaranıb.
Bu müqavilə Mərkəzi Banka bankların sanasiyası və likvidliyin struktur profisiti ilə əlaqəli zərərdən çıxmağa imkan verəcək. Hökumət vəsaitlərin bir hissəsini qeyri-neft və qaz gəlirlərinə çevirə, habelə sosial tədbirlərə yönəldə biləcək. Bu, büdcə qaydasında nəzərdə tutulmuş məhdudiyyətlərdən keçməyə imkan verəcək.