Ukraynanın müdafiəçiləri Rusiya qüvvələrini “Azovstal” zavodu ərazisindən çıxarıb.
bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.
Onun sözlərinə görə, zavod ərazisinə 3-cü gündür hücum davam edir:
“İşğalçılar ərazidən çıxarılıb. Mayın 4-də Rusiya qoşunları “Azovstal” ərazisinə soxulmuşdu. Müdafiəçilərimiz tərəfindən çıxarılıb”.
Xatırladaq ki, Rusiya ilə sərhədyanı bölgədə yerləşən Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri martın 1-dən bəri mühasirədədir. Rusiya qüvvələri Mariupolun böyük hissəsini nəzarətə ala bilsə də, şəhərdəki “Azovstal” zavodunu ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. Hazırda zavodun ərazisinə minlərlə dinc sakin sığınıb. Oranın müdafiəsində Ukraynanın “Azov” alayı durur.
Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplamış “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.