11 C
Baku
Sunday, March 3, 2024

Rusiya-Ukrayna müharibəsinin Ermənistan iqtisadiyyatına təsiri

Ermənistan iqtisadiyyatı 2020-ci ildəki 7.5%-lik daralmadan sonra 2021-ci ildə 5.8% artım əldə edib. Daha əvvəl, 2019-cu ildə isə 7.8%-lik artım qeydə alınmışdı (Qrafik 1). 2021-ci ildə iqtisadi artımın əldə edilməsində əsas rola malik olan sektorlara xidmət, ticarət, tikinti və sənaye sektorları aid olub. Bu sektorlarda artım səviyyəsi müvafiq olaraq 7.8%, 7.5%, 7.4% və 3.3% təşkil edib. Lakin, kənd təsərrüfatı və enerji sektorlarında azalma qeydə alınıb. Bu sahələrdə azalma isə müvafiq olaraq 1.1% və 0.6% səviyyəsində olub.

Pandemiya dövründə tətbiq edilən qadağaların təsiri ilə turizm əlaqələrinin kəsilməsi və ticarət əlaqələrinin zəifləməsi Ermənistan iqtisadiyyatının inkişafına əsaslı şəkildə təsir göstərib. Bunun nəticəsində 2020-ci ildə turizm sektoru 14.7%, ticarət sektoru isə 14% kiçilmişdi.

Maraqlıdır ki, digər sektorlarda azalmanın müşahidə edilməsinə baxmayaraq, 2020-ci ildə kənd təsərrüfatında 1.4%-lik artım qeydə alınmışdı. 2021-ci ildə qadağaların aradan qalxması xidmət və ticarət sahələrinin sürətlə inkişaf etməsinə və ümumi iqtisadi artımda əsas rol oynayan sahələrə çevrilməsinə səbəb oldu. Onu da qeyd edək ki, xidmət və turizm sektoru Ermənistanın Ümumi Daxili Məhsulunun (ÜDM) 30%-ə qədərini formalaşdırır və həm məşğulluqda böyük paya sahibdir. 2021-ci ildəki artıma baxmayaraq, xidmət sektorunda ən böyük artım 2019-cu ildə qeydə alınmışdı və 15%-i ötmüşdü.

Maraqlıdır ki, 2021-ci ildə olduğu kimi 2019-cu ildə də kənd təsərrüfatı sektorunda 4.2% azalma müşahidə edilib. Son illərdə Ermənistanda aqrar sektorun inkişafı trendləri onu göstərir ki, ümumi iqtisadi artım əldə edildiyi dövrlərdə kənd təsərrüfatının artımı zəifləyib, əksinə ümumi iqtisadi geriləmə olduqda isə sürətlənib. Bu onu deməyə əsas verir ki, Ermənistanda işçi qüvvəsinin kənd təsərrüfatından uzaqlaşması baş verir və iqtisadi inkişaf əldə edilən kimi bu sahənin inkişafı zəifləməyə başlayır. Əksinə böhran dövrlərində işsizlik səbəbindən aqrar sahədə aktivlik artır. Bu prosesdə həm də Ermənistanda hökm sürən  sürətli emiqrasiya da rol oynayır. Ona görə ki, Ermənistandan emiqrasiya edən vətəndaşların əksəriyyəti aqrar sektorun daha yaxşı inkişaf etdiyi regionlarda yaşayan kasıb əhalidir. Onların ölkəni tərk etməsi isə bu sahənin inkişafını zəiflədir.

2021-ci ildə Ermənistanda iqtisadi artım əldə edilsə də bu bəzi maliyyə təşkilatlarının verdiyi proqnozdan daha aşağı səviyyədə olub. Belə ki, 2021-ci ilin oktyabr ayında Dünya Bankının verdiyi proqnoza görə Ermənistan iqtisadiyyatım 6.1% səviyyəsində artım əldə etməli idi. Lakin, ilin yekunlarına görə iqtisadi artım bu səviyyəyə çata bilmədi. Lakin, Dünya Bankından fərqli olaraq Fitch Ratings agentliyi 2021-ci ilin sentyabr ayında açıqladığı hesabatda Ermənistanda 5.5% səviyyəsində iqtisadi artımın əldə ediləcəyini
proqnozlaşdırmışdı.

1 3

Ermənistan Statistika Komitəsinin məlumatlarına əsasən 2021-ci ildə orta inflyasiya 2020-ci ildəki 3.7%-lik səviyyədən 7.7% səviyyəsinə qalxıb (Qrafik 2). 2019-cu ildə isə inflyasiya 1.44% səviyyəsində olmuşdu. Orta aylıq inflyasiya göstəricisinə gəldikdə isə bu göstərici 2019, 2020 və 2021-ci illərdə müvafiq olaraq 0.1%, 0.3% və 0.6% səviyyəsində olub. Ermənistan Mərkəzi Bankının hesablamalarına görə, 2021-ci ildə orta illik inflyasiya 8.4% səviyyəsində olub. Fitch Ratings agentliyi isə 2021-ci ildə inflyasiyanın 7.4% həddinə çatacağını proqnozlaşdırmışdı.

Qiymət artımında ərzaq məhsullarının rolu daha böyük olub. Belə ki, inflyasiyanın təxminən üçdə birinin formalaşması məhz ərzaq məhsullarının qiymətinin artımı ilə bağlı olub. 2021-ci ildə ərzaq məhsullarının orta illik qiymət artımı 12.5%, qeyri-ərzaq məhsullarının qiyməti artımı isə 8% səviyyəsinə çatıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə ərzaq və qeyri ərzaq məhsullarının qiymət artımı müvafiq olaraq 5.5% və 3.4% səviyyəsində olmuşdu. Daha əvvəl 2019-cu ildə isə ərzaq məhsullarının qiymət artımı 0.2%, qeyri-ərzaq məhsullarının qiymət artımı isə 1.4% təşkil etmişdi. 2021-ci ildə qeyri-ərzaq məhsullarından benzin və dizelin qiyməti kəskin şəkildə artıb və bu artımlar müvafiq olaraq 43.3% və 50.4% səviyyəsində olub.

Ermənistanda inflyasiyanın formalaşmasına həm də milli valyutanın məzənnəsindəki dəyişikliklər də təsir edir. 2020-ci ildəki müharibənin iqtisadi təsirləri özünü göstərməyə başladığı 2021-ci ilin ilk rübündə Ermənistanın milli valyutası olan dramın kəskin ucuzlaşması baş verirdi. Sonrakı dövrdə, xüsusilə də iyun ayında keçirilmiş parlament seçkilərindən sonra siyasi vəziyyətin sabitləşməsi dramın müəyyən qədər bahalaşmasına imkan yaratdı. Bu proseslərin nəticəsidir ki, Ermənistanda 1 ABŞ dollarının (bundan sonra dollar) orta aylıq dəyəri 2020-ci ilin dekabr ayında 519 drama bərabər olsa da 2021-ci ilin dekabr ayında 485 drama qədər azaldı. Yəni dramın dollara qarşı məzənnəsi 7% bahalaşdı. 1 ABŞ dollarının orta illik dəyərinə gəldikdə isə 2020-ci ildə 489 dram, 2021-ci ildə isə 504 dram oldu. Yəni dram 2021-ci ildə illik ifadədə dollara qarşı 3% ucuzlaşdı. 2020-ci ildə isə illik ucuzlaşma 9% səviyyəsində olmuşdu. Bu göstəricilər onu deməyə əsas verir ki, milli valyutanın məzənnəsindəki dəyişikliklər inflyasiyanın formalaşmasında böyük rola malik olmayıb.

2 2

İnflyasiyanın yüksək səviyyəsi və artıma meylli olması Ermənistanın Mərkəzi Bankını daha sərt pul siyasəti həyata keçirməyə məcbur edib. Bu məqsədlə 2021-ci ilin dekabr ayında yenidən maliyyələşmə səviyyəsi 7.75%-ə qədər artırıldı. Qeyd edək ki, 2020-ci ilin dekabr ayında bu göstərici 4.25% səviyyəsində idi. Bununla da 2020-ci ilin dekabr ayından sonra Ermənistan Mərkəzi bankı faiz dərəcələrini 7 dəfə qaldırmışdı. Mərkəzi Bankın bu addımı
iqtisadi aktivliyə mənfi təsir etsə də inflyasiyanın yaratdığı riskləri azaltmaq üçün atılmışdı. Bu artımlara baxmayaraq, əvvəl qeyd etdiyimiz inflyasiya göstəriciləri onu deməyə əsas verir ki, sərt pul siyasəti qiymət artımlarının qarşısını almağa imkan yaratmadı. Çünki yüksək qiymətin formalaşmasında inflyasiya idxalı və siyasi proseslər əhəmiyyətli rola malik oldu.

Ermənistan pandemiya və müharibədən sonrakı dövrdə azalmış xarici ticarət həcmlərini 2021-ci ildə bərpa etdi. Belə ki, 2020-ci ildəki 13.2%-lik azalmadan sonra Ermənistanın xarici ticarət dövriyyəsi 2021-ci ildə 17.7% artaraq 8.4 milyard dollara çatdı (Qrafik 3). Nəticədə ticarət dövriyyəsinin həcmi 2019-cu ildəki səviyyədən 680 milyon dollar daha çox oldu. İxracın həcmi əvvəlki ildəki 3.9% azalmadan sonra 2021-ci ildə 19.1% artaraq 3 milyard dollara çatdı. 2019-cu ildə isə artım 9.4% səviyyəsində olmuşdu. İdxalın həcmi isə 2020-ci ildə 17.7% azaldıqdan sonra 2021-ci ildə 16.9% artaraq 5.4 milyard dollara çatdı. 2019-cu ildə isə idxal 10.8% artmışdı. İxracın idxal ilə müqayisədə daha sürətli artımı ticarət balansının yaxşılaşmasına imkan yaratdı.

Ermənistanın xarici ticarət əlaqələrinin dinamikası onu göstərir ki, 2020-ci ildə istər idxalın, istərsə də ixracın həcmində azalma müşahidə edilsə də 2021-ci ildə artıb və 2019-cu ildəki səviyyəni ötüb (Qrafik 3). Ticarət balansının mənfi saldosu 2020-ci ildə azalaraq 2.07 milyard dollara çatsa da 2021-ci ildə yenidən artdı və -2.4 milyard dollara bərabər oldu və 2019-cu ildəki səviyyəyə yaxınlaşdı.

3 3

2021-ci ildə Ermənistanın əsas ticarət tərəfdaşları Rusiya, Çin, İran, İsveçrə və Almaniya olub. Rusiya ilə ticarət dövriyyəsi 21% artaraq 2.6 milyard dollara, Çin ilə ticarət dövriyyəsi 30.7% artaraq 1.3 milyard dollara, İran ilə ticarət dövriyyəsi 25.2% artaraq 503 milyon dollara, İsveçrə ilə ticarət dövriyyəsi 18.4% artaraq 385.3 milyon dollara, Almaniya ilə ticarət dövriyyəsi isə 2.5% azalaraq 290 milyon dollara çatıb. Müxtəlif təşkilatlara gəldikdə isə Ermənistanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə ticarət dövriyyəsi 2021-ci ildə 20.4% artaraq 2.9 milyard dollara, Avrasiya İqtisadi Birliyi (AİB) ilə ticarət dövriyyəsi 20.6% artaraq 2.7 milyard dollara, Avropa İttifaqı (Aİ) ilə ticarət dövriyyəsi isə 23.4% artaraq 1.6
milyard dollara çatıb. Göründüyü kimi Ermənistanın Aİ ilə ticarət əlaqələri əsasən post-sovet ölkələrinin daxil olduğu MDB və AİB-dən daha az inkişaf edib.

Ermənistanın ticarət baxımından ən çox asılı olduğu ölkələri müəyyən etmək üçün əsas ticarət tərəfdaşlarının ticarət dövriyyəsində payına diqqət yetirmək lazımdır. Qrafik 4-də yer alan məlumatlar göstərir ki, 2021-ci ildə Ermənistanın ticarət dövriyyəsində ən böyük paya sahib olan ölkə Rusiya (31%) olub. Həmin il Çinin dövriyyədə payı 15%-ə, İranın payı 6%-ə, İsveçrənin payı 5%-ə, Almaniyanın payı isə 3%-ə bərabər olub. Təşkilatlardan isə MDB-nin ticarət dövriyyəsində payı 35%, AİB-nin 32%, Aİ-nin isə 19%-ə bərabər olub. Rusiyanın həm MDBnin, həm də AİB üzvü olması onu deməyə əsas verir ki, Ermənistanın bu təşkilatlarla ticarətinin böyük hissəsi məhz Rusiyanın payına düşür. Təşkilatın digər üzvləri ilə ticarət əlaqələrinin ümumi ticarət əlaqələrində payı isə çox azdır (1-4%). Bu isə onu göstərir ki, ticarət əlaqələrində Ermənistan Rusiyadan əhəmiyyətli sürətdə asılıdır.

Ermənistanın ixracının strukturuna əsas məhsullar üzrə nəzər saldıqda isə görə bilərik ki, ixracın 50%-dən çoxunu mineral məhsullar təşkil edir. Əsas ixrac mallarına mis filizləri, qızıl, tütün, tütün məhsulları və spirtli içkilər daxildir. Ermənistanın ixrac edilən mineral məhsullarının böyük hissəsi Aİ ölkələrinə ixrac edilir və daha sonra orada emal edilərək digər ölkələr satılır. Bu prosesdə aktiv rola malik olan ölkələrə İsveçrə və Almaniya aiddir. İdxalın strukturuna gəldikdə isə idxal edilən əsas məhsullara neft, qaz və onlardan düzəldilən məhsullar, radiotelefon ötürücü alətləri və almaz aiddir. Neft və qazın ən çox idxal edildiyi ölkə isə Rusiyadır. Ona görə Ermənistanın enerji təhlükəsizliyində də Rusiya böyük rola malikdir.

4

Son beş ilin statistik göstəricilərinə nəzər salsaq görərik ki, Ermənistanda dövlət borcu 2.46 milyard dollar və ya 36% artaraq 2021-ci ildə 9.23 milyard dollar səviyyəsinə çatıb (Qrafik 5). Təkcə 2021-ci il ərzində dövlət borcunun həcmi 1.2 milyard dollardan (15.8%) çox artıb. Bu illər ərzində dövlət borcunun böyük hisəsini xarici borclar təşkil edib və 2017 2021-ci illərdə 1.13 milyard dollar (20%) artaraq 6.64 milyard dollara çatıb. Xarici borcun həcmi artsa da ümumi borcda payı azalmaya meylli olub. Xarici borclar əsasən xarici dövlətlərdən və maliyyə təşkilatlarından cəlb edilmiş borclardır. Əgər 2017-ci ildə xarici borclar ümumi dövlət borcunun 81%-ni təşkil edirdisə bu göstərici 2021-ci ildə 71%-ə qədər azalıb. Baxılan dövrdə daxili borcların isə həm həcmi, həm də dövlət borcunda payı artıb hansı ki, əsasən vətəndaşların aldığı dövlət qiymətli kağızları hesabına formalaşmışdı. 2017-2021-ci illərdə daxili borcun həcmi 1.33 milyard dollar artaraq 2021-ci ildə 2.59 milyard dollara çatdı. Təkcə 2021-ci ildə daxili borcların həcmi 35%-dən çox artıb. Daxili borcların ümumi borcda payı isə bu dövr ərzində 18%-dən 28%-ə qədər artıb. 2021-ci ildə Ermənistan Mərkəzi Bankının xarici borcları isə 0.5% azalaraq 458 milyon dollara bərabər olub.

5

Ermənistanda xarici borcun artması ilə yanaşı hökumətin xarici borcların faiz ödənişlərini ödəmək üçün xərcləri də artıb. 2021-ci ildə Ermənistanın xarici borclara görə ödədiyi faiz ödəmələrinin həcmi 9% və ya 33.5 milyon dollar artıb. Baxılan dövrdə büdcə xərclərinin 10%-ə qədəri məhz qeyd edilən faiz ödəmələrinin icrasına yönəldilib.

Dövlət borcunun nə dərəcədə təhlükəli səviyyədə olduğunu müəyyən etmək üçün isə dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti göstəricisindən istifadə edilir. İlkin hesablamalara görə, Ermənistanda dövlət borcunun ÜDM-də nisbəti 2021-ci ilin yekunlarına görə 60.8%-ə çatıb. 2020-ci ildə bu göstərici 63.5% səviyyəsinə çatdıqdan sonra Ermənistan hökuməti növbəti 5 ildə dövlət borcunun ÜDM-ə nisbəti əhəmiyyətli şəkildə azaltmağı planlaşdırırdı. 2021-ci ildə bu nisbətin 2.7% azalması müsbət göstərici olsa da xarici borcun ümumi həcmi artıb. Bu isə onu göstərir ki, bu azalma daha çox ÜDM artımının xarici borcun artımını üstələməsi nəticəsində baş verib. İstənilən halda bu nisbətin 60%- dən yüksək olması dövlət borcunun təhlükəli həddə olduğunu göstərir.

2020-ci ildəki iqtisadi şoklardan sonra Ermənistan iqtisadiyyatında 2021-ci ildə müxtəlif istiqamətlərdə müsbət irəliləyişlər qeydə alınıb. Bu dövrdə iqtisadi artım tempi sürətlənib, xarici ticarət dövriyyəsi artıb və dövlət borcunun ÜDM-də payı azalıb. Bu proseslərə pandemiya ilə əlaqəli qadağaların aradan qalxması və nisbətən sabit siyasi mühitin formalaşması təsir edib. Qeydə alınan müsbət irəliləyişlər qarşıdan gələn illərdə də artım templərinin qorunması ilə bağlı ümidlər yaratsa da Rusiya-Ukrayna müharibəsinin başlaması bu ümidlərin aradan qalxmasına səbəb olub. Ona görə ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və Rusiya ilə sıx iqtisadi əlaqələrə malikdir. Müharibəyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Rusiyada ciddi iqtisadi daralmalara səbəb olduğundan bu, Ermənistan iqtisadiyyatına da əsaslı şəkildə təsir edəcək.

Müharibə başladıqdan sonra artıq 2022-ci ilin mart ayında Ermənistanın həmin il üçün iqtisadi artım proqnozları əhəmiyyətli sürətdə azaldılmışdı. Belə ki, Ermənistanın Mərkəzi Bankı 2021-ci il üçün artım proqnozunu 5.3%-dən 1.6%-ə qədər azaltdı. Beynəlxalq Valyuta Fondu isə 4.5%-lik artım proqnozunu üç dəfə azaldaraq 1.5% səviyyəsinə endirdi.

Müharibə eyni zamanda Ermənistanın xarici ticarət əlaqələrinə də əhəmiyyətli sürətdə təsir edəcək. İlkin hesablamalara görə, artıq mart ayında Ermənistanın Rusiyaya ixracının ümumi həcmi 30%-ə qədər azalıb. Sanksiyaların təsiri artdıqca bu göstəricinin də artacağını gözləmək olar. Ticarətlə yanaşı Ermənistan iqtisadiyyatında böyük paya sahib olan xaricdən pul köçürmələrinin də həcminin əsaslı şəkildə azalacağı gözlənilir. İlkin hesablamalara əsasən Rusiyadan daxil olan pul köçürmələrinin həcmi 40% azalacaq. Müharibə həm də inflyasiyanın artmasına səbəb olacaq. Əvvəl də qeyd etdiyimiz kimi 2021-ci ildə 7.7% səviyyəsində inflyasiya qeydə alınmışdı və inflyasiyanın 2022-ci ildə 5.5% səviyyəsinə qədər azalacağı gözlənilirdi. Lakin, müharibənin başlaması inflyasiya ilə bağlı olan proqnozların da dəyişməsinə səbəb oldu və yeni proqnozlara görə inflyasiya 8%-ə yaxın olacaq. Müharibənin uzanması daha yüksək inflyasiya göstəricilərinin qeydə alınmasına səbəb ola bilər.

Qeyd: Rusiya-Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına təsirləri barədə linkə keçid edərək oxuya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər