Rusiya və Meksika SWIFT-in alternativini müzakirə edəcək

Rusiya və Meksika SWIFT ödəniş sisteminə alternativ variantları müzakirə etməyi planlaşdırır. Rusiya bununla Meksika ilə hesablaşmaları sadələşdirmək niyyətindədir. Bu barədə Rusiyanın Mexikodakı səfirliyi bildirib.

Məsələnin payızda keçiriləcək ikinci “Rusiya — Meksika” biznes forumunda gündəmə gətiriləcəyi gözlənilir. Səfirlikdən bildirilib ki, SWIFT-dən asılılığın azaldılması kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükü üzrə hesablaşmaların sadələşdirilməsi üçün vacibdir. Əhalisi 134,4 milyon nəfər olan Meksika Latın Amerikasının ən böyük bazarlarından biridir və Rusiyadan yüz milyonlarla dollar dəyərində məhsul idxal edir. Meksika üçün isə bu, ikinci dərəcəli sanksiyalar riskini minimuma endirməklə Rusiya ilə ticarəti davam etdirmək imkanı yaradır.

“Rusiya Latın Amerikasındakı tərəfdaşları ilə Qərbin maliyyə infrastrukturundan istifadə etmədən hesablaşmalar qurmağın yollarını axtarmağa davam edir. Bu istiqamətdə əsas tərəfdaşlardan biri regionun ikinci ən böyük iqtisadiyyatı olan Meksikadır”, — deyə Rusiyanın Mexikodakı səfirliyindən bildirilib.

SWIFT-dən asılı olmayan birbaşa banklararası hesablaşmalar Rusiya ilə Meksika arasındakı ticarətdə həm tranzaksiya xərclərini, həm də siyasi riskləri azalda bilər. Hazırda bir çox əməliyyatlar üçüncü ölkələrin bankları və dollar infrastrukturu vasitəsilə həyata keçirildiyindən ödənişlər daha yavaş və baha başa gəlir. Belə bir sistem fəaliyyətə başlasa, bunun təsiri ticarət və investisiya sahəsində hiss olunacaq. Banklar birbaşa müxbir hesabları aça, biznes isə daha proqnozlaşdırılan ödəniş şərtləri əldə edə biləcək. Payız forumunda “Mir” ödəniş kartının istifadəyə verilməsi məsələsi də müzakirə oluna bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 15-də BRICS ölkələri üçün yeni investisiya platformasının yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu platforma birlik üzvləri üçün perspektivli maliyyə alətinə çevrilə bilər. Lavrov həmçinin xarici risklərə qarşı dayanıqlı sərhədlərarası hesablaşma mexanizmlərinin formalaşdırılmasının vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, bu cür hesablaşmalar milli valyutalarda aparılacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər