“Zaporojye atom elektrik stansiyası ətrafındakı mühafizə zonasının parametrləri artıq müzakirə olunur. Həmçinin parametrlərin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə (BAEA) razılaşdırılması prosesi də zəruridir”.
Bu barədə “İzvestiya” qəzetinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Zaporojye AES üçün mühafizə zonası başqa mövzudur, onun parametrləri müzakirə olunur. Hesab edirik ki, belə bir mühafizə zonasının parametrlərinin agentliklə razılaşdırılması prosesi, həmçinin diplomatik cəhətdən təsdiqlənməsi nəinki mümkündür, həm də zəruridir”, – deyə Ryabkov qeyd edib.
O vurğulayıb ki, Rusiya BAEA-nın baş direktoru Rafael Qrossi ilə sıx təmasdadır.
“Biz baş direktor Qrossi ilə sıx əlaqə saxlayırıq, BAEA katibliyi ilə iş davam edir, agentliyin mütəxəssisləri Zaporojye AES-dədirlər. Bütün bunlar, fikrimcə, konstruktiv məsuliyyətli yanaşmamızın konkret təzahürüdür. Bizim gizlədəcək bir şeyimiz yoxdur”, – deyə Ryabkov əlavə edib.
O vurğulayıb ki, Zaporojye atom elektrik stansiyasında demilitarizasiya zonası ilə bağlı razılaşmalar mümkün deyil.
“Demilitarizasiya ilə bağlı razılaşmalar prinsipcə mümkün deyil. Biz stansiyanı qorumaya və təhlükəsizliyini təmin etməyə bilmərik”, – deyə Rusiya xarici işlər nazirinin müavini qeyd edib.