11 C
Baku
Wednesday, December 11, 2024

Rusiyada ölkədən çıxışına məhdudiyyət qoyulan vətəndaşlar xarici pasportlarını təhvil verməli olacaq

Rusiyada ölkədən çıxışına məhdudiyyət qoyulan vətəndaşlar xarici pasportlarını təhvil verməli olacaq.

Bu qayda Rusiya Federasiyasına giriş və Rusiya Federasiyasından çıxmaq qaydası haqqında qanuna uyğun olaraq Nazirlər Kabinetinin 11 dekabr tarixli qərarı ilə tətbiq edilir.

Normativ hüquqi aktların federal portalında dərc edilən sənədə əsasən ölkədən çıxışına qadağa qoyulan vətəndaşlara belə bir qadağa barədə bildirişin alındığı tarixdən etibarən pasportlarını təhvil vermək üçün 5 gün vaxt verilir.

Kimlərin ölkədən çıxışına icazə verilməyəcək?

Əvvəllər qəbul edilmiş qanun pasportlarını könüllü olaraq təhvil verməli olan kifayət qədər geniş dairəni nəzərdə tutur. Onların müxtəlif səbəblərdən ölkəni tərk etməsinə icazə verilmir. Bura dövlət sirri və xüsusi əhəmiyyət kəsb edən məlumatlarla tanış olanlar, hərbi xidmətə göndərilənlər, Federal Təhlükəsizlik Xidmətinin işçiləri, cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxslər, məhkumlar, məhkəmə tərəfindən qoyulmuş öhdəlikləri, o cümlədən borcun ödənilməsini yerinə yetirməyən vətəndaşlar, müflis elan edilmiş və ya xarici pasport üçün müraciət edərkən yalan məlumat verənlər daxildir.

Bundan başqa, bu ilin aprel ayından qüvvədə olan dəyişikliyə əsasən, hərbi komissarlığa çağırış vərəqəsi göndərilənlərin də ölkədən çıxışı bağlıdır.

Sənəddə həmçinin bildirilir ki, Daxili İşlər Nazirliyinin, eləcə də Xarici İşlər Nazirliyinin və FTX-nin nümayəndələrinə belə vətəndaşlardan xarici pasportları müsadirə etmək hüququ verilir.

Müsadirə edilmiş və ya könüllü təhvil verilmiş sənədlər “saxlanmaq üçün” müvafiq orqana göndəriləcək və ölkədən çıxışa icazə verildikdən sonra sahiblərinə qaytarılacaqdır.

Xarici pasportla bağlı bütün məlumatlar Daxili İşlər Nazirliyinin məlumat bazasında saxlanılacaq və onun bərpasına ehtiyac qalmayacaq.

Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini Anatoli Vıbornı bildirib ki, burada hansısa kütləvi qadağadan söhbət getmir: “Bu, ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır. Buna görə də ümumi sistemdəki məlumatlar ləğv edilmir, şəxs məhdudiyyət başa çatdıqdan sonra pasportunu almaq üçün sadəcə” saxlanca” təhvil verir”, – deyə parlamentari izah edib.

Onun sözlərinə görə, ölkədən çıxışına qadağa qoyulan şəxs 5 gün ərzində pasportunu təhvil verməsə, pasport etibarsız sayılacaq və ləğv ediləcək. “Şəxsin xaricə çıxışına qadağa qoyulduqda, o, pasportunu təhvil verməsə, istənilən halda xaricə gedə bilməyəcək. Sərhəd nəzarətində saxlanılacaq və sənədi götürüləcək”, – deyə Vıbornı vurğulayıb.

Parlamentari onu da qeyd edib ki, xaricə çıxışı məhdudlaşdırılan vətəndaş pasportunu təhvil vermədikdə qanunda cərimə nəzərdə tutulmur. Lakin o, hava limanında və ya qatar stansiyasında pasport nəzarətindən keçə bilməyəcək, çünki ölkədən çıxış qadağası barədə məlumat dərhal sərhəd xidmətinin məlumat bazasına göndəriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər