Ötən il Rusiyada yeni minik və yüngül ticarət avtomobillərinin satışı 2021-ci illə müqayisədə təxminən 59 faiz azalaraq 687 min ədəd təşkil edib. Dekabr ayında isə satışlar 50 faiz azalaraq 64 min ədədə enib.
Bu rəqəmləri Avropa Biznesləri Assosiasiyasının mətbuat konfransında avtomobil istehsalçıları komitəsinin sədri Aleksey Kalitsev səsləndirib.
Assosiasiyanın məlumatına əsasən, 2022-ci ildə Rusiyada ən populyar avtomobil markalarından olan “Lada” 188.6 min ədəd (2021-ci illə müqayisədə 46 faiz azalma), “Kia” 66 min ədəd (-68 faiz) “Hyundai” 54.8 min ədəd (-67 faiz), “Chery” 38.4 min ədəd (+4 faiz) və “Renault” 39.5 min ədəd (-70 faiz) satılıb.
Aleksey Kalitsev 2023-cü ildə Rusiyanın avtomobil bazarında satışların 12 faiz artacağını bildirib. Onun sözlərinə görə, ölkədə Çin istehsalı olan avtomobillərin payının daha da çoxalacağı proqnozlaşdırılır. Həmçinin bu il yerli bazara 5-7 yeni avtomobil markası daxil ola bilər.