2022-ci ildə Rusiyadan Qazaxıstan, Gürcüstan, Özbəkistan, Ermənistan və Qırğızıstana pul köçürmələri rekord həddə çatıb.
2022-ci ildə fiziki şəxslər Rusiyadan qonşu ölkələrə rekord həcmdə pul köçürmələri göndəriblər.
RBK Qazaxıstan, Gürcüstan, Özbəkistan, Ermənistan və Qırğızıstana köçürmələrin statistikasını öyrənib. Statistika zamanı bank infrastrukturu, “Zolotaya Korona”, “Unistream” və “Contact” pul köçürmə sistemləri ilə reallaşan köçürmələr qeydə alınıb.
Qazaxıstan Milli Bankının dərc etdiyi məlumatlara görə, 2022-ci ildə Rusiyadan Qazaxıstana 357 milyard tenge və ya təxminən 775,4 milyon dollar göndərilib. Bu, 2014-cü ildən bəri rekord göstəricidir. Dollarla göstərici 2021-ci ildə bu ölkəyə göndərilən köçürmələrin həcmindən 6,8 dəfə çoxdur. Göstəricinin dollarla hesablanması üçün Qazaxıstan tənzimləyicisi tərəfindən müəyyən edilən Amerika valyutasının orta illik məzənnəsindən istifadə edilib. Məlumatlara yalnız pul köçürmə sistemləri vasitəsilə edilən əməliyyatlar daxildir və bir bank hesabından digərinə köçürmələri nəzərə alınmayıb.
2022-ci ildə Rusiyadan Gürcüstana təqribən 2 milyard dollar (həmçinin pul köçürmə sistemləri vasitəsilə) göndərilib ki, bu da 2012-ci ildən bəri rekord həcmdir.
Rusiyadan Özbəkistana pul köçürmələrinin həcmi 2022-ci ilin sonunda 14,5 milyard dollar təşkil edib. Məlum olub ki, Özbəkistana köçürmələr bir il ərzində 2,6 dəfə artıb.
Ermənistan və Qırğızıstanın Mərkəzi Bankları hələ 2022-ci il üçün məlumat dərc etməyiblər. 2022-ci ilin 11 ayının yekunlarına görə, Rusiyadan Ermənistana köçürmələrin həcmi 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4 dəfə artaraq 3,1 milyard dollara çatıb. Bu, müvafiq statistik məlumatların saxlanıldığı 2004-cü ildən bəri rekord göstəricidir. Ermənistan Mərkəzi Bankı həm bank sistemi, həm də pul köçürmə sistemləri vasitəsilə köçürmələri nəzərə alıb.
2022-ci ilin yanvar-noyabr aylarında fiziki şəxslər Rusiyadan Qırğızıstana 2,6 milyard dollar göndəriblər (yalnız pul köçürmə sistemləri vasitəsilə). Bu, 2021-ci ilin 11 ayının göstəricilərini cəmi 6% üstələyir. Bu, həm də 2005-ci ildən bəri rekord göstərici hesab olunur.