Rusiyalı sahibkar Yevgeni Priqojın ilə əlaqəsi olan şirkətlər paytaxt Moskvanın rayon idarələri, məktəb və kolleclərinə qida tədürükü üzrə ümumilikdə 40 milyard rubl (924 milyon manat) məbləğində tenderlərin qalibi olub.
Bu barədə məlumatı “SPARK-Interfaks”ın göstəricilərini təhlil edən “MBX Media” yayıb.
Bunlar il ərzində ümumilikdə 809 tender qazanan 13 şirkətdir. Bununla birgə, 10,5 milyard rubldan çox olan 176 tenderi Moskva məktəblərinə və idarələrinə ərzaq tədarükü ilə məşğul olan “Russotskapital” şirkəti qazanıb. Onu 7,5 milyard rubl məbləğində 112 tender qazanan “Verona” müəssisəsi və 6,5 milyard rubla 81 müqavilə ilə “Məktəbəqədər Qida Kombinatı” izləyir. Hər iki şirkət məktəb və kolleclərə ərzaq tədarükü ilə məşğul olub.
Rusiya KİV-də yayılan məlumata görə, 2020-ci ilin dekabrında Moskva Şəhər Məhkəməsi “Putinin aşpazı” kimi də tanınan Yevgeni Priqojına məxsus olan “Moskvalı məktəbli” şirkətini uşaqları zəhərləməkdə təqsirli bilib.
Y.Priqojınanın adı Rusiyanın “troll fabrikası” ilə yanaşı, Suriya, Liviya, Mərkəzi Afrika Respublikası və digər ölkələrdə vətəndaş müharibələrində və hərbi cinayətlərdə iştirak edən qalmaqallı “Vaqner” özəl hərbi şirkətinin yaradılması ilə əlaqələndirilir.
O, 2016-cı ildə ABŞ-da keçirilən və hazırkı dövlət başçısı Donald Trampın qələbəsi ilə nəticələnən prezident seçkilərinə müdaxilə cəhdində günahlandırılır və sanksiya siyahısına salınıb.
Ötən ilin oktyabrında Avropa İttifaqı iş adamına qarşı sanksiyalar tətbiq edib. İttifaq onu Liviyaya silah tədarükünə dəstək verməkdə günahlandırıb. Y.Priqojın ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.