Böyük Britaniyanın Baş naziri Tereza Mey (Theresa May) Rusiyanın borc qiymətli kağızlarının London Fond Birjasında yerləşdirilməsinə qadağa qoymaq barədə təklifi nəzərdən keçirməyə razılıq verib.
Bu barədə İngiltərənin “The Guardian” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Londonun klirinq palataları sanksiyalar altında olan Rusiya bankının 4 mlrd. dollarlıq avrobondlarının satılmasına şərait yaradaraq adı çəkilən ölkənin suveren borcunun bağlanmasına səbəb olublar. Bu isə Böyük Britaniya qanunvericiliyindəki boşluqlarla bağlıdır.
Ölkə parlamentinin beynəlxalq işlər üzrə icma palatası komitəsinin rəhbəri Tom Tuqendxat (Tom Tugendhat) həmin boşluqların aradan qaldırılmalı olduğunu bildirib. Bu fikri Böyük Britaniyanın xarici işlər naziri Boris Conson (Boris Johnson) da dəstəkləyib.