Rusiyaya qarşı potensial sərt sanksiyaların tətbiqi həm suveren, həm də bank reytinqlərinə mənfi təsir göstərə bilər.
Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin icmalında deyilir.
“Suveren reytinqlər məsələsində hər şey sanksiyaların makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirmək və ya borc ödənişlərini çətinləşdirmək qabiliyyətindən asılı olacaq. Banklara münasibətdə isə sanksiyalar reytinqlərə mənfi təsir göstərə bilər ki, bu da ödənişləri xarici valyutada həyata keçirmək imkanlarına təsir göstərəcək”, – icmalda bildirilir.
“Fitch”in əsas ssenarisinə görə, Rusiyaya qarşı yeni sanksiyalar mənfi reytinq hərəkətini təmin edəcək qədər şiddətli olmayacaq, lakin son həftələrdə mənfi ssenari riski daha ciddiləşib.
Rusiyanın “BBB/Stabil” xarici və yerli valyutada emitentin cari uzunmüddətli defolt reytinqləri (IDRs) sanksiyalar, eləcə də ÜDM-in artımına, ölkənin maliyyə çevikliyinə və struktur islahatları perspektivlərinə təsir göstərə biləcək əlavə sanksiyalar perspektivi ilə məhdudlaşır.
“Dekabr ayında Rusiyanın reytinqlərini təsdiqlədiyimiz zaman bu və ya digər formada sanksiyaların tətbiq olunma ehtimalı yüksək idi. Ukrayna ətrafında gərginlik münaqişə risklərini və daha ciddi sanksiyaların mümkünlüyünü artırıb, lakin bizim baza ssenarimizə görə, genişmiqyaslı işğal olmayacaq”, – icmalda deyilir.
Potensial sanksiyalar sırasında agentliyin ekspertləri lokal hərbi əməliyyatları və kiberhücumları qeyd edirlər.
“Münaqişə olmadıqda, ən çox ehtimal olunan sanksiyalar amerikalı investorlara Rusiya dövlət borcunun təkrar bazarında əməliyyatları qadağan edən sanksiyalar, yüksək vəzifəli məmurlara, dövlət qurumlarına və Vladimir Putinin tərəfdaşlarına qarşı əlavə sanksiyalardır. Bu cür sanksiyaların öz-özlüyündə Rusiya Federasiyasının reytinqlərinə təzyiq göstərmə ehtimalı azdır”, – “Fitch”in icmalında deyilir.
Agentlik onu da qeyd edir ki, Rusiyanın 2015-ci ildən makroiqtisadi siyasət çərçivəsini gücləndirməsi, böyük xarici ehtiyatların və fiskal buferin yaradılması, eləcə də xarici bazarlardan asılılığın azaldılması ölkə iqtisadiyyatının şoklara davamlılığını artırıb.
“Fitch”in ekspertləri hesab edirlər ki, Rusiya dövlət borcunun təkrar bazarına tətbiq edilən sanksiyalar büdcə maliyyələşdirməsinin və xarici investisiyaların çevikliyini daha da məhdudlaşdıracaq, kapital axını və rublun zəifləməsi isə pul siyasətinin sərtləşdirilməsini sürətləndirəcək. Lakin onların fikrincə, bu, Rusiya Federasiyasında makroiqtisadi sabitliyə, eləcə də büdcə buferinə ciddi mənfi təsir göstərməyəcək.
“Lakin Ukrayna ətrafında artan risklər və senator Bob Menendezin qanun layihəsi Rusiya Federasiyasının kredit qabiliyyətinə daha çox təsir edə biləcək tədbirlərin qəbulu ilə mənfi ssenarinin mümkünlüyünü vurğulayır, o cümlədən sistemli banklar və korporasiyalar üçün dollarla əməliyyatların qadağan edilməsi və ya beynəlxalq ödəniş sisteminə çıxışın bağlanması və ya ixracı məhdudlaşdıracaq genişmiqyaslı enerji sanksiyaları”, – icmalda deyilir.
“Fitch” qeyd edir ki, sanksiyaların tətbiqi ən çox bank sektoruna təsir edəcək və bu, iri dövlət banklarının xarici valyutada, xüsusən də dollarla ödəniş etmək imkanlarını bağlayacaq.