Avropa İttifaqı (Aİ) Rusiya fərd və təşkilatlarına qarşı tətbiq etdiyi sanksiyaların 6 ay müddətinə uzadılmasına qərar verib.
Bu haqda Aİ Şurası açıqlama yayıb.
Açıqlamada, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan fərdi məhdudlaşdırıcı tədbirlərin daha 6 ay müddətinə uzadılmasına qərar verildiyi bildirilib.
Təxminən 1800 şəxs və quruma qarşı səyahət qadağaları, aktivlərin dondurulması, pul və ya iqtisadi resursların köçürülməsinə qadağaların daxil olduğu sanksiyaların 15 Mart 2024-cü ilə qədər uzadıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, qiymətləndirmə nəticəsində 4 nəfərin sanksiya siyahısından çıxarılmasına qərar verilib.
Qeyd edək ki, Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib. Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar və qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edildi.