5 C
Baku
Saturday, December 14, 2024

Səfir Fransanın Aİ-yə sədrliyi dövründə Azərbaycanla bağlı prioritetlərini açıqlayıb

“Mən azərbaycanlıları və Azərbaycandakı fransızları yeni 2022-ci il münasibəti ilə təbrik edirəm və bunu nikbinliklə edirəm, çünki inanıram ki, bu il həqiqətən də, Azərbaycan və Fransa arasında münasibətlər üçün yaxşı il olacaqdır”.

Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib.

O, diplomatik nümayəndəliyin rəsmi saytında dərc olunan Yeni il təbrikində vurğulayıb ki, Azərbaycan 2022-ci ilə 2021-ci il ilə müqayisədə yaxşı durumda daxil olur: “Ermənistanla mümkün sülh perspektivi heç vaxt bu qədər inandırıcı olmamışdır, ölkə daxilində köçkün düşmüş insanların öz torpaqlarında yenidən məskunlaşdırılması layihəsi konkretləşir, neft və qazın qiyməti Azərbaycan üçün əlverişlidir, Bakının böyük qonşuları və əsas xarici tərəfdaşları ilə münasibətləri geniş şəkildə müsbətdir.

Fransanın növbəti altı ayda sədrlik edəcəyi Avropa İttifaqı ilə Azərbaycan əlaqələri son bir ildə, o cümlədən dekabrın 10-da keçirilmiş Şərq Tərəfdaşlığı sammitində möhkəmlənib. Avropa İttifaqının 27 dövləti Azərbaycana regional bağlantı, davamlı inkişaf, iqtisadiyyatın şaxələndirilməsi naminə konkret öhdəliklərlə dərin əməkdaşlıq təklif edir. Bu əməkdaşlıq böyük beynəlxalq çağırışlarla üzləşən daha suveren Avropa və Azərbaycan Respublikasına xidmət edə bilər və etməlidir.

Öz növbəsində, Fransa Respublikasının Prezidenti son bir ildə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın təşviqinə ən çox vaxt və səy sərf edən Qərb lideridir və mən əminəm ki, bu səylər 2022-ci ildə davam etdiriləcək. Fransa hökuməti hətta istənilən münaqişənin doğurduğu gərginlik dövründə belə beynəlxalq öhdəliklərinə uyğun balans xəttini qoruyub saxlayıb və Cənubi Qafqazın üç dövlətinə öz dostluğunu və hörmətini bir daha təsdiq edib. Geriyə baxanda, müxtəlif dairələrdən eşidilən tənqidlərin olduğu – çox vaxt onların ifrat olduğu görünür”.

“Fransa səfirliyi 2022-ci ildə əməkdaşlıq imkanlarının, o cümlədən minaların təmizlənməsi, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin müəyyən edilməsinə köməkliyi və xüsusən də Fransanın su və enerji şəbəkələrinin yenilənməsi üçün öz təcrübəsini və maliyyəsini təklif etdiyi Ağdamda regional inkişafın həyata keçirilməsinə diqqət yetirəcək. Əlbəttə ki, təhsil və mədəniyyət sahəsində də əməkdaşlıq, o cümlədən Azərbaycan-Fransız Universiteti və Bakı Fransız Liseyi kimi mükəmməl təhsil müəsissələrinin xeyrinə davam etdiriləcəkdir. Bakıda iştirak edən bir çox fransız şirkətləri davamlılıq qabiliyyətini nümayiş etdirdilər və mən onların tərəfdaşlıqlarını inkişaf etdirəcəklərinə şübhə etmirəm”, – Z.Qross vurğulayıb.

Səfir bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən bəri uzun bir yol qət edib: “Azərbaycan Sovet İttifaqının dağılması ilə tənəzzül duruma düşən iqtisadiyyatını yenidən bərpa edərək, müsəlman dünyasının ən dərin dünyəvi dövlətlərindən biri kimi özünü təsdiqlədi. Azərbaycan indi daha inklüziv, daha sosial, daha demokratik, innovativ və kreativ cəmiyyətə doğru irəliləmək üçün resurslara malikdir. O, Ermənistanla sülh təşəbbüsü həyata keçirməklə, iqlim dəyişikliyi və COVID-19 ilə mübarizə səylərini birləşdirməklə, biomüxtəlifliyin qorunması, qadın hüquqlarının təşviqi və kiber-təhlükəsizlik təşəbbüsləri ilə regional və beynəlxalq təhlükəsizliyin təminatçısı olmaq vasitələrinə malikdir. Ümid edirəm ki, o, bunları Fransa və Avropa İttifaqının tərəfində olaraq edəcəkdir.

Gəlin Fransa-Azərbaycan və Avropa Ittifaqı-Azərbaycan tərəfdaşlıqlarını davam etdirək və 2022-ci ili Cənubi Qafqazda yenidən sülh və birliyin yarandığı il edək”.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər