Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) səhmdarı olan ölkələr Krım yarımadasının ilhaqı ilə əlaqədar Rusiya ilə əməkdaşlığa son qoyan EBRD-yə qarşı rəsmi Moskvanın şikayətini rədd ediblər. TASS agentliyi xəbər verir ki, müvafiq qərar Kiprdə keçirilən EBRD-nin İdarəçilər Şurasının iclasında qəbul olunub.
RİA “Novosti” agentliyi isə öz mənbələrinə istinadən xəbər verir ki, səsvermə zamanı Belarus, Qırğızıstan, Ermənistan və Monqolustan Rusiyanın lehinə səs verib. Mənbə əlavə edib ki, Azərbaycan və Özbəkistan bitərəf mövqe nümayiş etdirib.
Qeyd edək ki, 2014-cü ildə EBRD-nin səhmdarları Rusiyaya investisiya qoyuluşunun dondurulması barədə qərar qəbul ediblər. Buna səbəb Krımın ilhaqı ilə əlaqədar ABŞ və Avropa ölkələri tərəfindən Rusiyaya qarşı sanksiyaların yürüdülməsidir.
Bu gün keçirilən iclasda isə Rusiyanın nümayəndə heyəti bu qərarın legitim olmadığını bəyan edib. Belə ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin qeyd edib ki, EBRD-nin “siyasi rəhbərliyi”nin qəbul etdiyi qərar diskriminativ xarakter daşıyır. Bununla yanaşı, nazir bankın maliyyə göstəricilərinin kəskin zəifləyəcəyini proqnozlaşdırıb. “Bu qərar EBRD-nin daxili qaydalarına da ziddir”, – deyə nazir əlavə edib.
M.Oreşkin onu da deyib ki, Rusiyada bankdakı iştirak payının maliyyələşdirilməsindən imtina edəcək: “Biz bir daha gördük ki, EBRD inkişaf institutu yox, xarici siyasət alətidir”.
EBRD-nin prezidenti Suma Çakrabarti isə qeyd edib ki, qəbul olunan qərar “yekun qərardır və onun icrası məcburidir
Qeyd edək ki, EBRD-nin İdarəçilər Şurasının Azərbaycandan olan üzvü iqtisadiyyatın naziri Şahin Mustafayev, onun müavini isə maliyyə naziri Samir Şərifovdur.